Xəbər verdiyimiz kimi, Qubadlı rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşən Vorotan qəsəbəsinin bir hissəsi Azərbaycan ərazisi olduğundan ermənilər dünən oranı tərk ediblər.KONKRET.az xəbər verir ki, bu gün “Hraparak” (“Meydan”) qəzetinə açıqlama verən Vorotan qəsəbəsinin bələdiyyə sədri Surik Ohancanyan Vorotan (Bərgüşad) çayının sol sahilində Azərbaycan bayrağının dalğalandığını deyib.
Bələdiyyə sədri bildirib ki, bu mövqedə “Tatev” SES, Gorus-Qafan yolunun 4 km uzunluğundakı hissəsi yer alır. Bələdiyyə sədri deyib ki, qardaşına məxsus ev də Azərbaycan tərəfində qaldığı üçün oranı tərk etməli olub.
Məlumat üçün bildirək ki, “Tatev” SES Bərgüşad çayının üzərindəki Vorotan şəlaləsinin aşağı hissəsində yerləşir. Vaxtı ilə Ermənistanda üçüncü ən böyük su elektrik stansiyası olub. Su elektrik stansiyasının ilk hidroelektrik bloku 1970-ci ildə işə salınıb.
SES-in gücü 157,2 MW, orta illik istehsal gücü 670 milyon kilovat-saatdır. “Tatev SES” Ermənistanın enerji sistemində son dərəcə vacib rol oynayıb. 2015-ci ildə stansiyanın sahibi olan “Vorotan Kaskad SES” “Tatev” SES-I Amerikanın “ContourGlobal” şirkətinə 180 milyon dollara satıb./anews.az
/
Tarix: 25-12-2020, 14:04