Xəbər verdiyimiz kimi, noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib, layihə cəmi bir neçə gün sonra- noyabrın 25-də tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb və qəbul olunub.
Fransa Senatının ermənipərəst mövqe nümayiş etdirərək bu cür qətnamə layihəsi qəbul etməsinin bölgədə münaqişəni daha da alovlandırdığını deyən politoloq Qabil Hüseynli bu qərarın əsl mahiyyətini və regiona olacaq təsirləri ilə bağlı Publika.az-ın suallarını cavablandırıb:
- Fransa Senatının qondarma Dağlıq Qarabağı tanıması ilə bağlı qərarına qarşı Azərbaycan hansı adekvat tədbirləri görə bilər?
- Qətnamə hökumət üçün tövsiyə xarakteri daşıyır və Dağlıq Qarabağın tanınması ilə bağlı atılan bir addımdır. Hazırda Azərbaycan tərəfi bununla bağlı təcili tədbirlər görür. Fransa ilə danışıqlara getməli və Senatın bu qərarının reallaşdırılmasına imkan verilməməlidir. Fransa hökuməti bu gün o qədər pozucu və ermənipərəst mövqe nümayiş etdirir ki, qondarma Dağlıq Qarabağı tanıya biləcək bir qərar qəbul edir. Bu tanınmamı həm də Avropa qitəsinə yaymağa çalışırlar. Bu qitədə Belçikadan başqa Fransa nümunəsini təkrar etməyə hazır olan dövlət hələ ki, görünmür. Amma tanınmalar prosesi davam edə bilər və Kosova variantına oxşar bir variant yarana bilər. Bütün bunlara baxmayaraq, necə ki, Abxaziya və Cənubi Osetiyanı Rusiya tanıyıb, amma bu, bir neçə dövlətdən kənara çıxa bilməz ki, onun da çox böyük prinsipial əhəmiyyəti yoxdur. Amma hər halda bunu beşiyində boğmaq tələb olunur. Azərbaycan Fransaya nota göndərməli, oradakı səfirlik və diaspor təşkilatları bu məsələdə aktiv fəaliyyət göstərməlidir?
- ATƏT-in həmsədr ölkəsinin birtərəfli mövqe nümayiş etdirməsi nə dərəcədə doğrudur? Fransanın Minsk Qrupundan çıxarılması ilə bağlı hansısa addımlar atıla bilərmi?
- Fransanın bu hərəkəti çox böyük bir vicdansızlıqdır. Onlar demək ki, bu 30 ildə ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri kimi ancaq ermənipərəst siyasət yürüdüb. Sülhyaratma prosesi də məhz onun belə xəyanətkar addımları üzündən baş verib. Fransanın həmsədrlikdən çıxarılması o qədər də çətin məsələ deyil. Azərbaycan bütün faktları toplayıb ATƏT rəhbərliyinə və BMT-yə müraciət etsə və etiraz eləsə ki, Fransanın bu qrupda qalması onun bu hərəkətləri ucbatından mümkünsüzdür, ona riayət edərlər. Amma bizim üçün bu, çox da önəmli deyil. Onların mandatının qalıb-qalmayacağı hələ ki, gündəmdə yoxdur. Hazırda Rusiya-Türkiyə ikilisi bu proseslərdə hakim mövqedə görünür. Ona görə də müəyyən qədər gözləmək lazım gələcək ki, Rusiya ilə Türkiyə arasında Qarabağ məsələsində uyğunluq reallaşsın. Bundan sonra bütövlükdə ATƏT-in Minsk Qrupundan da imtina etmək olar. Ancaq indiki halda Fransanın hərəkətlərinə və atdığı addımlara ciddi qiymət vermək mümkündür. Onlar əl altından Ermənistana kömək etməklə, ermənilərin sülh danışıqları prosesində konstruktiv mövqe tutmasına mane olurmuş. Digər səbəblər də hamısı sadalanaraq beynəlxalq təşkilatlara müraciət olunmalıdır. Fransaya nota verilməsinin artıq zamanıdır. Bu, Azərbaycan-Fransa münasibətlərinə ciddi zərər yetirəcək. Separatizmi, işğalçını dəstəkləyirlərsə, onlara nota verilməlidir.
- İctimaiyyətdə belə fikirlər var ki, Senatın bu qərarı bölgədə, o cümlədən də dünyada separatçılığa və böyük müharibələrə yola aça bilər. Siz bu barədə necə düşünürsünüz?
- Fransa Senatının bu bəyanatı təhdid xarakteri daşıyır, ermənilərə bununla sanki ürək-dirək verir və onları yenidən müharibəyə təhrik edir. Fransanın mövqeyi sülhə təhdid və bölgədə yenidən müharibəyə şərait yaradan bir mövqedir. Cənubi Qafqazda prosesləri bu cür alovlandırmaq, məsələlərə anti-islam və anti-türk mövqeyindən yanaşmaqla, sözün əsl mənasında Fransanın özünü də faşist əhval-ruhiyyəli dövlət kimi səciyyələndirmək olar. Çünki demokratiyadan danışıb Ermənistandakı faşist xuntasını müdafiə etmək, başqa xalqların torpaqlarını ilhaqa sürükləmək neofaşizmin formasıdır.
- Sizcə, bu qərarı hökumət təsdiqləyəcəkmi?
- Aşağı palatada qərar müzakirə edilməli, sonra isə hökumətə həm Senatın, həm də aşağı palatanın tövsiyəsi təqdim edilməlidir. Hökumət bunu icra edə də bilər, etməyə də. Bu, uzun sürən bir prosedurdur. Fransa necə ki, “erməni soyqırımı” haqqında Türkiyə ilə bağlı qərarı Avropada birinci qəbul etdi, indi də bunu Azərbaycana qarşı çevirməyə başlayıb. Bu, Avropada demokratiya, insan haqları, siyasi liberalizm kimi dəyərlərin üzərindən xətt çəkir və göstərir ki, onlar sözün həqiqi mənasında öz maraqları söz məsələsi olanda hər cür dona girməyi bacarırlar və faşist, xuntaçı, şovinist də olurlar. Bu gün onlar işğaldan azad edilmiş və bir milyondan artıq insanın haqları olan torpaqların geriyə qaytarılmasına etiraz edirlərsə, həm də müstəqil dövlətin suveren hüquqlarına qəsd edirlər. Burada yaşayan insanların haqlarına müdaxilə edirlər, onu tanımaq istəmirlər. Qarabağdakı 3-5 erməninin hüquqları uğrunda mübarizə aparan ölkə faşist ölkəsindən heç nə ilə fərqlənmir. Sübut olunmalıdır ki, Fransa Avropanın illərdir formalaşdırıb ərsəyə gətirdiyi dəyərlərin hamısını tapdalayıb. Millətlərin suverenliyinə qarşı gedir, erməni işğalına bəraət, təcavüzkara haqq qazandırır, işğal olunmuş torpaqlardan qovulan və yurd-yuvalarından didərgin salınan bir milyondan artıq insanın hüquqlarını heçə sayır. Azərbaycan BMT-yə də müraciət edərək Fransanın bu alçaq hərəkətinin ifşasına çalışmalıdır.
- Fransa yəqin ki, bölgədə münaqişənin yenidən alovlanmasında maraqlıdır.
- Onlar atəşkəs rejimini bəyənmədilər, müharibənin alovlanmasını istəyirlər. Yəqin ki, ordusu müharibədə darmadağın olan Ermənistan ordusunu yenidən qurmaq üçün əlindən gələni edəcək və bir sözlə, həmişə olduğu kimi bölgəni qan çanağına çevirməyə çalışacaqlar. Bu, çox biabırçı və müasir sivilizasiyanın və beynəlxalq münasibətlərin tələbləri ilə üst-üstə düşməyən bir addımdır. Belə bir hal Azərbaycan tərəfindən ciddi surətdə ifşa edilməlidir.
- Bu qətnaməni həm də Fransada artmaqda olan islamofobiya və türkofobiyanın bariz nümunəsi hesab etmək olarmı?
- Türkiyənin bölgədə güclənməsi, turançılıq ideyasının yayılması və gələcəkdə bu bölgədə türk təsirinin artmasını çox qısqanclıqla qarşılayırlar. Fransa Avropanın ən millətçi, şovinist ölkəsi kimi türkofobiyanı, islamofobiyanı özünün gündəlik həyat normasına çevirib. Bir ovucun içərisinə sığan Ermənistanı müdafiə etməklə əslində anti-türk və anti-Azərbaycan mövqe sərgiləyirlər. Onlar dəyərlər baxımından yalnız faşist, neofaşist, şovinist və millətçi dəyərlərlə müqayisə edilə bilər.
- Erməni lobbisinin də təsirləri çoxdur.
- Bəli. Erməni lobbisi Fransada həlledici rol oynayır. Bu lobbinin təsiri ilə Fransa Senatına 120-dən çox ziyalı müraciət edərək bildirib ki, guya Azərbaycan torpaqlarında ermənilərə divan tuturlar. İşğalçının cəzalandırılması və onun sülhə məcbur edilməsi prosesinin “ermənilərə divan tutulur” kimi təqdim edilməsinin özü də cəmiyyətdə olan siyasi riyakarlığın və ikili standartların əyani nümunəsidir. Bununla da özlərinin bəd əməllərinin ətrafında bəlli atmosfer yaratmağa çalışırlar.
- Emmanuel Makron hakimiyyətdən gedərsə, Fransanın mövqeyində hansısa dəyişiklik olacaqmı?
- Makron bütün Fransa prezidentlərinin içərisində ən millətçisi və başıboşudur. Ölkədə dərin kök salmış və 600 min erməninin yaşadığı Fransada ermənilərə olan rəğbət böyükdür və bütün bunlar ondan irəli gəlir. Həmçinin, siyasilərin hamısı erməni lobbisinin təsirindən çıxa bilmir.