Xruşşovun ölümü- SSRİ-nin ən “qapalı” dəfn mərasimi – Yaxın tarixin maraqlı hadisəsi



 
50 il öncə bu gün, 1971-ci ilin sentyabrın 11-də 11 il SSRİ-yə rəhbərlik etmiş Nikita Xruşşov vəfat edib. O, sovet liderləri arasında yeganə şəxs olub ki, dəfnində rəsmilərdən heç kim iştirak etməyib.
Sovet dövrünün ən böyük “təntənə”lərindən biri də ölkənin birinci şəxslərinin, siyasi liderlərin dəfn mərasimləri olub. Bununla bağlı Moskvadakı Qızıl meydanda hazırlıq işləri aparılıb, Mərkəzi Komitə və Siyasi Büro üzvlərindən ibarət xüsusi komissiya yaradılıb, əvvəlcədən dəfn mərasimində kimlərin çıxış edəcəyi müəyyənləşdirilib. Bu cür mərasimlər televiziya və radio vasitəsilə birbaşa yayımlanıb, dəfn tədbirlərində on minlərlə insan iştirak edib. Xronikaya nəzər salsaq şahidi olarıq ki, “birincilər” son mənzilə izdiham və böyük təmtəraqla yola salınıblar.
Sovet liderləri arasında yalnız Nikita Xruşşovun dəfni “qapalı” keçirilib. Bu qərar Mərkəzi Komitə tərəfindən verilib.

Nikita Xruşşovun hansı səviyyədə dəfn edilməsi həmin dövrdə ölkənin birinci şəxsi olan Leonid Brejnevin kabinetində, qeyri-rəsmi şəkildə müzakirə edilib. Həmin görüşdə sabiq baş katibin dəfni ilə bağlı fikir ayrılığı da yaranıb. Leonid Brejnev Xruşşovun Moskvadakı Novodeviçye qəbiristanlığında dəfn edilməsini təklif edib. Bu təklifdən sonra SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginlə baş katib arasında mübahisə xarakterli dialoq yaranıb. Kosıgin Brejnevin təklifinə qarşı çıxıb:
“Leonid İliç, biz bir məsələni nəzərə almalıyıq ki, Nikita Xruşşov rəsmi olaraq 11 il ölkəyə rəhbərlik edib. Onun hansı səviyyədə işləməsinə baxmayaraq bu, konkret bir faktdır. Buna görə də Xruşşovun dəfn mərasimi dövlət səviyyəsinə keçirilməlidir və o da digər siyasi xadimlər kimi Kreml nekropolunda dəfn olunmalıdır”.

Brejnev Kosıginə təmkinlə və arqumentlərlə cavab verib:
“Heç bir qanunda siyasi xadimlərin harada dəfn olunması məsələsi əks olunmayıb. Bu, elə bir məsələdir ki, dəfn insanın öz vəsiyyətinə, yaxud ailəsinin xahişinə uyğun da keçirilə bilər. Digər bir tərəfdən mən Xruşşovun SSRİ-nin görkəmli dövlət və hərbi xadimlərlə bir sırada dəfn olunmasını məqsədəuyğun saymıram. Xruşşov ölkəyə rəhbərlik etdiyi dövrdə bu şərəfi qazanmayıb. Həm də biz bu məsələni kollegial şəkildə həll etməliyik, yoldaşların fikrini də öyrənməliyik”.
Təbii ki, “yoldaşlar” da baş katibin təklifini dəstəkləyiblər. Xüsusilə Suslov və Pelşe Xruşşovun dövlət səviyyəsində dəfn olunmasına qarşı çıxıblar.
Beləliklə, sentyabrın 11-də vəfat edən Xruşşovun ölüm xəbəri ictimaiyyətə sentyabrın 13-də çatdırılıb. Amma xarici mətbuat sabiq sovet liderinin vəfatı ilə bağlı sentyabrın 11-i gününün axşamından məlumat yayıblar. Bunu Xruşşovun oğlunun xaricdə yaşayan jurnalist dostları təşkil ediblər.
Xruşşovun vəfatı ilə bağlı dövlət rəsmiləri heç bir nekroloqa imza atmayıblar. Bir sözlə ifadə etsək, Xruşşovun ölümü sıravi vətəndaşların ölümündən heç nə ilə fərqlənməyib.
Mərkəzi Komitədən Xruşşovun ailəsinə dəfnlə bağlı təkli-göstəriş verilib. Göstəriş aşağıdakılardan ibarət olub:
Xruşşovla son görüş 1 saat ərzində onun vəfat etdiyi 10 nömrəli şəhər xəstəxanasında keçirilsin;
Dəfn sentyabrın 13-də saat 12 də Novodeviçye qəbiristanlığında 2 saat ərzində keçirilsin;
Xruşşovun ailəsinə dəfndən bir gün əvvəl, sentyabrın 12-də dəfn yerinə baxmağa da “icazə” verilib. Sabiq sovet liderinin oğlu Sergey Xruşşov Novodeviçye qəbirstanlığında olanda, atası üçün hazırlanmış dəfn yerinə baxanda təəssüfünü və təəccübünü gizlədə bilməyib. Xruşşov üçün qəbiristanlığın ən ucqar yerində, çox darısqal bir hissədə yer hazırlanıb. Sergey Xruşşov dərhal müvafiq qurumlarla əlaqə yaradıb, dəfn yerinin dəyişdirilməsini xahiş edib. Bu məsələdə Xruşşovlar ailəsinə “güzəşt”ə gediblər. Novodevişye qəbiristanlığında Xruşşovun dəfn olunacağı yer dəyişdirilib.

Sentyabrın 13-də yüzlərlə insan Xruşşovu son mənzilə yola salmaq üçün Novodeviçye qəbiristanlığına üz tutublar. Qəbiristanlıqda və onun ətrafında olan milislərin sayı dəfnə gələnlərin sayından çox olub. Qəbiristanlığın giriş qapısına vurulmuş elan isə dəfn mərasiminə gələnlərin içəri keçməsinə “imkan” verməyib: “13 sentyabr Novodeviçye qəbiristanlığında sanitar günüdür”.
Dəfn mərasiminə yalnız Xruşşovun yaxın qohumları və ailə dostları buraxılıb. Dövlət rəsmilərindən heç kim, hətta ən kiçik ranqlı məmurlar belə dəfndə iştirak etməyib. Təxminən 70-80 nəfərin iştirak etdiyi mərasimdə Sergey Xruşşov çox qısa, bir neçə cümləlik nitq söyləyib:
“Bu gün heç bir rəsmi dəfn mərasimi keçirilməyəcək, heç bir rəsmi çıxış olmayacaq. Nikita Xruşşovun siyasi fəaliyyətinə isə tarix qiymət verəcək...”
Sergey Xruşşovdan sonra daha iki nəfər, Nikita Xruşşovla gənc yaşlarında Donbasda birlikdə işlədiyi qadın və Xruşşovun atasına bəraət verdiyi gənc bir oğlan qısa nitq söyləyiblər.
Bununla da, 70 yaşlı SSRİ-nin 11 illik “hökmdar”ının qapalı  keçirilən dəfn mərasimi sona çatıb.
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 11-09-2021, 23:26
Xəbəri paylaş



Xəbər lenti