Əfqanıstan ki, Əfqanıstan...


Əfqanıstan ki, Əfqanıstan...
“Diqqət!!! Nyu-Yorkdan Kabilə gələn sərnişin təyyarəsi Həmid Kərzai adına Beynəlxalq Hava Limanına eniş edir. Sərnişinləri gözləyən vətəndaşlardan xahiş olunur ki,...”
 
İndi Kabil Beynəlxalq Hava Limanında nə xüsusi avazla oxunan bu nazəndə gözəlin səsindən əsər-əlamət qalıb, nə Həmid Kərzaidən, nə də beynəlxalq uçuşlardan. İllərdir qurulan, möhkəməndirilən mif kimi qalın qanunlar, sən demə, bircə dənə xaosa uçar, yerlə-yeksan olarmış. Heç dağıdıcı zəlzələ belə, Kabili bu qədər alt-üst edə bilməzdi. İnsan çox yırtıcı məxluqdur axı, yetər ki istəsin, istəkli olsun, əfqanların təbirincə isə desək, talib olsun.
 
Elə “taliblər” də ölkəni viran qoydular. 20 ildir, Əfqanıstan hakimiyyətinin başına sığal çəkib, axırda da taxt-tacı keçirdilər ələ. Zalım fələk isə Prezident Əşrəfi necə alıb getdisə, nə izi qaldı, nə də tozu. Allah qəni-qəni uzaq etsin bəşəriyyətdən, bu Qəni bir gecənin içindəcə Tacikistandan vurub Omandan çıxdı. Sən demə, pullarının yarısını da tələsik təyyarəyə oturanda hava limanında unudub. Ancaq insan oğlu gərək bir əfqan ola ki, buna inansın.
 
Kabil Əfqanıstanın nisbətən sabit yeri idi. Düzdür, xalq uzunmüddətli müharibələrdən, terrordan kifayət qədər yorulmuşdu. Onlar üçün nə beynəlxalq hüququn dəstəklədiyi iqtidar, nə hakimiyyətə qarşı amansız mübarizə aparan cılız müxalifət, nə də əyinlərinə əba örtüb çiyinlərində silah gəzdirən quldur taliblər maraqlı idi. Ən köməksiz əfqan belə, ilk fürsətdəcə çuxasını götürüb üz tutardu xaricə.
 
Bəs bu 20 ildə nə dəyişdi? Terrorla mübarizə üçün dünya ölkələri 100 milyardlarla dollar xərclədi, 10 minlərlə qoşun yeritdilər ölkəyə. Sülhməramlı qüvvələrin bircə yaşayış məntəqəsində belə, məramını görə bilmədik. Hələ humanitar yardım məqsədilə ayrılan milyardlarla vəsaiti demirəm. Ay qardaş, bu qədər ayrılan pullar normal bir ölkənin dövlət büdcəsini ağzına kimi doldurardı, hələ qonşudakı yetim-yesirin də qarnını doydurmaz olardı. Görəsən, həmin dollarlar haraya xərcləndi ki, bu gün UNİCEF hesabat yayır ki, Əfqanıstanda 10 milyon uşağın humanitar yardıma ehtiyacı var? Nə az, nə çox, düz 10 milyon! Yəni, ölkədəki uşaqların təxminən hamısı. Demək, Əşrəf Qəninin söylədikləri düz imiş, para o qədər çox olub ki, parasını təyyarəyə yerləşdirə bilməyib.
 
Qayıdaq Kabilə. Daha doğrusu, sözdə qayıdaq, əməldə yox. Çünki Kabilin hava limanında hazırda elə əməllər gedir ki, şüuru yerində olan Allah bəndəsinə tüfəng də tutsan, oraya addımını basmaz. Hava limanını isə basan “qəhrəmanlar”ın sayı-hesabı yoxdur. Bir tərəfdən ABŞ qoşunları, bir tərəfdən “Taliban” silahlıları, nəzarətsiz qalan dəlik-deşiklərdən isə başqa ölkələrin sülhməramlıları aeroporta soxulublar ki, vətənaşlarını tələm-tələsik ölkədən çıxarsınlar.
 
Ən böyük maneə isə əfqanlardır. Etiraz aksiyası keçirmirlər – bu, aydın məsələdir. Etsəydilər, 20 ildə nəyəsə nail olardılar. Onlar indi Əfqanıstandan qaçmaq üçün axışıblar hava limanına ki, xarici dövlətlərin təyyarələrinin təkərlərindən, qanadlarından sallanıb baş götürüb getsinlər. İnsan nə qədər düşüncəsiz olar ki, özünü belə bir təhlükənin qucağına atsın?! Ancaq bir əfqan bunu edə bilərdi. Etdi də.
 
Faciə isə göz önündədir. İndi Kabil aeroportunda 20 illik Əfqanıstan tarixini səhifə-səhifə oxumaq mümkündür. Bütün bu faciələr əslində son bir həftədə deyil, 20 ildir ki, baş verir. Bir sözlə, Kabil Hava Limanı dönüb olub “dava limanı” və hər kəs, əcnəbisindən tutmuş ən əlacsız əfqanına kimi nicat yolunu burada axtarır.
 
ABŞ isə öz ampulasındadır. Ağ Evin sahibi deyir ki, vətəndaşlarının təhlükəsiz təxliyəsi ilə bağlı əvvəlcədən “Taliban”a xəbərdarlıq edibmiş. Duydunuzmu, əvvəlcədən... Demək Bayden bəy hər şeydən məlumatlı imiş. “Taliban” hücuma keçəndə isə tələm-tələsik başlayıb amerikalıların təxliyəsinə. Deyir ki, guya təkcə öz qohum-əqrəbasını deyil, əfqanları da köçürür. Yalançının ənkə böyüyünə lənət! Sən əgər bu qədər gücün sahibi idinsə, niyə bir göz ağartmadın taliblərə ki, zavallı əfqanlar indi öz komalarında oturub dualarını oxusunlar?
 
Niyə dua, bilirsinizmi? Əgər bircə səhifə kitab oxusaydılar, indi təyyarənin təkərlərindən qopub yerə düşən əfqanların dəhşətli görüntülərindən Qərb mediası qalaq-qalaq pul qazanmazdı. Ya da Xalid Hüseyni kimi çoxdan baş götürüb Baydenin vətəninə yollanar, Əfqanıstandakı insanların talelərindən bir-iki kitab yazıb adam kimi yaşayardılar.
 
Atalar məsəli var amma, Allah adama bir tərəfdən verəndə, bir tərəfdən alır. Hər şeyin yaradanı dünyanı da belə qurdu. Bəzi ölkələrin əlindən alıb başqalarına verdi. Zavallı əfqanlardan isə hər kəs aldı. Ancaq nə çörək verən oldu bu kasıblara, nə də ağıl. Hələ onlara pənah aparanlara da qucaq açmadılar. Kim öz isti yuvasına su salmaq istəyər axı? Halbuki indi onlara nə suveren dövlət, nə də İslam Respublikası lazımdır. Bu isti avqust günlərində ikicə şey lazımdır, isti qucaq, bir də sağ qalmaq.
Tarix: 31-08-2021, 08:24
Xəbəri paylaş



Xəbər lenti