Yazıçı Seyran Səxavət müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Seyran müəllim, Mədəniyyət Nazirliyinin mədəniyyət və incəsənət nümayəndələrinə göstərdiyi münasibət sizi qane edirmi?
- “Nə yatdı ki, nə yuxu görsün?” ,- deyə bir deyim var. Axı yuxu görmək üçün, gərək, yatasan. Yəni Anar Kərimov hələ vəzifə başına təzə gəlib. Doğrudur, bir xeyli müddət vəzifəni icra eləyib, amma həmin müddəti mən çıxıram. Çünki biri var nazir olasan, biri də var o vəzifəni sadəcə icra edəsən. Mən onun atasını tanıyıram, hüquqşünasdır, hətta bu yaxınlarda atası ilə bir yerdə də oturmuşuq. Bir müddət əvvəl nazirin bir rəqsini gördüm, yutuba yerləşdirmişdilər, çox bəyəndim. Ondan sonra atası ilə görüşəndə ona da musiqini duyan oğlu olduğunu dedim. Amma əlavə də etdim, dedim, ona de ki, Seyran əmin deyir, rəqs elədiyi kimi işləsə, super olacaq. Bu həm də mənim sualınıza cavabımdır. Bildirim ki, Anar Kərimov son 40 ildə eyni kənddən mədəniyyət naziri olan ikinci adamdır. Birinci Zakir Bağırov idi, onlar ikisi də Horadiz kəndindəndir, əslinə qalsa, Dördçinar kəndindən, o, Horadizə bitişik balaca bir kənddir, amma oradan Seyid Şuşinski və mənim nənəm çıxıb, yəni böyük adamlar çıxıb.
-Son vaxtlar mədəniyyət camiəsində itkilərimiz çox oldu və Ramiz Əzizbəyli, Arif Quliyev, Eldar Quliyev, Tahir Salahov kimi şəxsiyyətlərin heç birinin dəfnində mədəniyyət naziri iştirak etməyib. Siz bunu biganəlik hesab edirsinizmi?
- Qətiyyən, mənim aləmimdə onların hamısı boş şeydir. Bilirsiniz, nazir hüzr yerinə getmək üçün deyil. Bizim Qarabağda cavan və orta yaşlı adam öləndə, “Gedin, filan kənddən filankəsi gətirin, o, yaxşı ağlayır, necə bayatı deyirsə, hamı ağlamağa başlayır” ,- deyirdilər. Mədəniyyət naziri isə bu funksiyanı yerinə yetirməli deyil. Özü də onların dəfnlərinə Ali Baş Komandanımızla Mehriban xanım əklil də göndərmişdi. Yəni yasa gəlməyib, yaxşı edib. Lap mən öləndə də gəlməsin, amma mədəniyyətdə, heç olmasa, bir istedadlı uşağa kömək eləsin. Guya o gəlsə, mən diriləcəm? Bir az realist olmaq lazımdır. Bu yöndə kimsə onu qınayırsa, bunu düzgün hesab etmirəm.
Bilirsiniz, mən bu xalqı çox istəyirəm, amma çox istədiyim qədər də ona acıqlıyam, hətta bir dəfə bu xalqın üzünə-astarına televiziyada hər sözü də demişəm. Axırda aparıcı məndən bu qədər nifrətin necə yarandığını soruşdu. Mən də bunun sevgidən qaynaqlandığını dedim. Bizim bir-birimizə vedrə bağlamaq kimi böyük istedadımız var. Hətta mən “Həyat” qəzetinin nəzdində yumoristik bir qəzet buraxırdım. Orada yazmışdım ki, biz bir-birimizə bağladığımız vedrələri yığıb, əridib, neçə tank düzəldib düz Yerevana qədər sürə bilərik. Amma İkinci Qarabağ müharibəsində gördüm ki, insanlar qaça-qaça gücləri çatanı alıb əsgər maşınına atır. Onda dedim ki, bu xalq həm də belə böyük xalqdır. Sadəcə yaddaşında problem var, 30-40 ildən bir onun yadına böyük xalq olduğunu salmaq lazımdır. Necə ki kənddə böyük bir ailənin uşağı özünü pis aparanda ona, “Ə, sən gör hansı nəslin nümayəndəsisən?”, - deyirlər, o da dərhal özünü yığışdırır, bu xalqın da yadına böyüklüyünü salmaq lazımdır. Çünki o, müharibədə hamıya sübut olundu. Düzü, mən gözləməzdim.
- Sonuncu dəfə sizdən açıqlama alanda həm də, “Bizim xalqın sabunla arası həmişə yaxşı olub”, - deyə bir ifadə işlətmişdiniz. Bu, qədimdən belədir, yoxsa Sovet dövründən vərdiş yaranıb?
- Pandemiya təzə çıxanda açıqlama vermişdim. Onda dedim ki, mən infeksionist deyiləm, amma infeksionistlər məsləhət görür ki, əlinizi yuyun, gigiyena qaydalarına riayət edin. Biz bu sabundan niyə qorxmalıyıq ki? Bizim xalqın sabuna münasibəti ömürboyu yaxşı olub. Sən də nələri tutursan, maşallah (gülür).
- Arif Quliyevin məzardaşı hələ də qoyulmayıb. Düzdür, ailəsi heç bir yardım istəyi ilə çıxış etməyib, amma olmazmı ki, aidiyyəti qurumlar bununla bağlı bir tədbir görsünlər?
- Kütləvi informasiya vasitələrinin yerinə olsam, bu sualı mənə yox, aidiyyəti quruma ünvanlayaram.
- Sual onlara ünvanlanıb, lakin bununla bağlı nazirlik tərəfindən vəsait ayrılmadığı deyilib.
- Deməli, ayrılmayıb, ciblərindən verməyəcəklər ki... Özü də Arif Quliyev bundan sonra başdaşını nə edir? O, böyük bir sənətkar idi, mən onunla çox yaxın olmuşam. Arif Quliyev öz taleyi olan adamdır. Taleyi olmayan adamla heç dostluq etməsən, daha yaxşıdır. Çünki insanı tənzimləyən taledir. Allah tərəfində yazılan ssenari var ki, o, insanı tənzimləyir. Həyatda heç bir çətinliyi olmayan, əziyyət çəkməyən, mübarizə aparmayan adam mənasız adamdır. Arif burada olsa, “Mənim Seyran qardaşım düz deyir”, - deyərdi. Əsas odur ki, Arif Quliyev Azərbaycan teatrında öz böyüklüyü ilə “Arif Quliyevin teatr ərazisi” deyilən şeyi yaratdı. O ancaq Arifə məxsusdur və ərazinin "kupça"sı da Arifin cibindədir.
- Bir müddət əvvəl Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva da Yaşar Nurinin evinin memorial muzeyə çevrilməməsindən gileylənirdi. Sizcə, niyə bu istiqamətdə addım atılmır?
- Yaşar çox nəhəng bir aktyordur. Təsəvvür edin ki, bu ölkədə mənim sevdiyim 3-4 aktyor var və onlar çox nəhəngdir. Məsələn, biri Fuad Poladov. 1964-cü ildən dost olmuşuq. O mənə elə yaxşılıqlar edib ki, onlardan birini deməyim elə bəsdir. Mən universitetin Şərqşünaslıq fakültəsinə oxuyurdum. Ora o vaxt Mərkəzi Komitənin, bir də Nazirlər Sovetinin işçilərinin balaları üçün idi. Bizim fakültə Kommunist küçəsində (İstiqlaliyyət küçəsi-red.) yerləşirdi, günorta növbəsi oxuyurduq. Hüquq fakültəsinin uşaqları səhər növbəsiydi, orada da böyük adamların elə qızları vardı ki, kənddən gəlmiş oğlan onlara baxanda az qalırdı, gözü tökülsün. Dünyanın da bir az təmiz vaxtıydı. Bizim fakültədə isə 3 şöbədə cəmi 25 nəfər oxuyurdu. Hamı da bir-birini tanıyırdı. Fuadla biz həmin vaxt artıq yaxınlaşmışdıq. O da "Sovetski"də yaşayırdı, həmişə teatra piyada gəlib-gedirdi. Hamı onun gəldiyini görürdü. Həmişə küçənin o başından, “Seyran, mənim qardaşım, salam!” -deyirdi. Ondan sonra qızların da mənə hörməti artırdı (gülür). Axı bizim psixologiyamız belədir. Həsən Turabov, Fuad Poladov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Hamlet Xanzadənin bütün tamaşalarına baxmışam. Özü də “Ədəbiyyat” qəzetinin Teatr, kino şöbəsində işləmişəm. Teatr haqqında 40-dək resenziyam çap olunub. Hətta bir yazıma görə məşhur bir adamın pyesini teatrdan çıxarıblar. Bunları görmək çox böyük məna kəsb edir. Mən həmişə çox zəngin yaşadığımı demişəm. Amma hər kəs bu cümləni öz arşını ilə ölçür. Bəziləri elə başa düşür ki, mən sadəcə maddiyyatı nəzərdə tuturam. Düzdür, atam imkanlı adam olub, o barədə də korluğum olmayıb, amma mənəvi zənginlik də önəmlidir. Mənim qabağıma elə adamlar çıxıb ki, onları tanımaq möhtəşəm hissdir. Bu mənim taleyimdir. Allahın Seyran Səxavət adlı ssenarisindən heç bir cümləni çıxarmaq olmaz. Mən onlara elə borcluyam ki... Onları sevmək, bəlkə də, böyük bir fakültədir. Mən onları sevə-sevə özümü 45 yaşında kimi hiss edirəm, 46 ola bilməz. Bu hissləri onlara borcluyam. Sayad, tutaq ki, mən sənin xətrini çox istəyirəm, sevirəm, mənim heç vaxt ixtiyarım yoxdur ki, bu sevgimə görə sənə minnət qoyum. Rəhmətlik dostum vardı - Aqil Hacıyev. O bir dəfə mənə, “Ə, sən məni sevə-sevə kişi olmusan da”, - dedi. Doğrudan da, sevmək qədər adamı əjdaha edən heç bir şey ola bilməz. Sözün bütün mənalarında.
- Kimləri sevdiyin həm də sənin kim olduğunu göstərir.
- Bəli, adam elə bərkiyir, elə əjdaha olur ki... Bir dəfə mənə, “Belə danışmaqdan qorxmursunuz?”, - deyə sual vermişdilər. Mən də, “Mən uje qorxub qurtamışam, nədən qorxacam?”, - deyə cavan vermişdim.
- Adlarını çəkdiyiniz sənətkarların hamısı vəfat edib. Dostlarınızdan heç biri həyatda deyil?
- Sənin sualına belə cavab verim. Bir dəfə Fuad haqqında məndən onu necə xatırladığımı soruşdular. Mən isə onu heç vaxt xatırlamadığımı bildirdim. Çünki o mənim üçün xatirəyə çevrilməyib. Elə adamalar var ki, onlar xatirəyə çevrilmir. Ölmürlər, vallah, ölmürlər! Bir dəfə Fuadın həyat yoldaşı Gülüstandan Fuadın telefonunun durub-durmadığını soruşdular. O da durduğunu dedi. Onlar təəccübləndilər ki, axı Fuad müəllim ölüb. Onda Gülüstan, “Fuada Seyran Səxavət zəng edir”, - dedi. Bəli, o nömrəyə bircə mən zəng edirəm. Ona görə o telefon indi də qalır. Gülüstan sağ olsun ki, məni nəzərə alıb. Çünki mən hələ də 388 ** ** nömrəsinə zəng edə bilərəm. Bu, Fuadın nömrəsidir (gözləri dolur).
- Rəmişlə bağlı da fikirlərinizi bilmək istəyirəm. Rəmişin sizin ürəyinizdə qalmağı bacaran azsaylı adamlardan olduğunu deyə bilərikmi?
- Mütləq, hətta orada Rəmişin ayrıca otağı da var, o otaqda o, qa deyəndə qa, qu deyəndə qu deyənlər var. Rəmiş adam deyil, başqa bir varlıqdır. Aqil bir dəfə yaxşı demişdi ki, bu, ruhdur. Məşhur Nikkolo Paqanini haqqında filmə baxmışam. Rəmiş haqqında da elə bir film çəkmək olar ki, ona bütün dünya baxsın. Bəziləri deyir ki, yazıçılıq, şairlik Allah vergisidir. Olsun, etirazım yoxdur. Amma mənim üçün o bir az başqa şeydir. Realist Seyran Səxavətdən ötrü şairlik, bəlkə də, Allah vergisi yox, sadəcə xasiyyətdir.
- Sosial şəbəkədə oxumuşdum, müəllifi xatırlamıram, amma ifadəni çox bəyənmişdim. “Yaxşı şair aldanmağı, yaxşı nasir isə aldatmağı bacarandır”, - deyilirdi. Maraqlıdır, siz aldanan olmağı sevirsiniz, yoxsa aldadan?
- Mən sənə tam səmimi deyəcəm. Əvvəla, bu suala görə çox sağ ol, çünki bir türk şairinin misrasını xatırlatdı. Misra beləydi: “Elə bir yalan de ki, inanmayım yalandır”. Mən ömürboyu aldanmaqla məşğul olmuşam. Hətta 15 gün qabaq bir cavan oğlan məni aldatdı, özü də elə qəşəng aldatdı ki... Düzdür, əvvəl əsəbiləşdim, amma o aldanış sonra mənim özümə də ləzzət elədi. Amma aldadan adamdan nə yazıçı, nə şair olar. Bu heç vaxt mümkün deyil, olsa da, zədələnmiş şəkildə olacaq.
- Rəmiş mövzusuna qayıtmaq istəyirəm. “Gülü olmasaydı, Rəmişin özünün də, gitarasının da sümükləri çoxdan çürümüşdü” kimi bir fikriniz var. Amma bu gün Gülünün Rəmişə olan sevgisini bəziləri xəstə sevgi adlandırır.
- Sağlam adamlar az olur. Bilirsiniz, məndən inciməyin, siz də qələm adamısınız, biz hamımız sözün belindən gəlmişik, yəni atamızın belində bir balaca “asdanovka” eləmişik. Bu saat mənim bəyəndiyim jurnalist yoxdur. Necə olur ki, bir yazıçı görmədiyi bir adam haqqında əsər yaradır. Amma jurnalistlərin gözünün qabağında o qədər şey baş verdiyi halda, biri axıradək getmir. Qoy onu güllələsinlər, amma sonadək getsin. Bəli, minaya düşən olub, amma güllələnən eşitməmişəm. Yoxdursa, deməli, burada nəsə həngamə var. İndi bax, bunu deyən bəzi jurnalistlərin işləri-gücləri qurtarıb. Gülünün sevgisinə xəstə sevgi deyənə ancaq onu deyə bilərəm ki, Allah onların əzizlərinə elə bir sevgi qismət eləsin.
- Bu həm də böyük bir arzudur.
- Bəli, xoş arzudur. Amma bunu sən belə başa düşdün, digərləri qarğış kimi başa düşəcək.
- Bildiyiniz kimi, bu gün yazıçı Əkrəm Əylislinin də səhhətində problemlər var. Əkrəm Əylisli uzun müddətdir, nəinki mədəniyyət qurumlarının, hətta medianın da diqqətindən məhrum edilib. Sizcə, bu gün o boyda Əylislini bir “Daş yuxular”a qurban verməliyikmi?
- Mən və Çingiz Qənizadə verilişlərdən birində Əkrəm Əylisli haqqında hələ o vaxt danışmışıq. O veriliş yutubda da var. Onlar Əkrəmi məhv edirdilər. Mən isə onu müdafiə edirdim. Orada, “Azərbaycan xalqı deyib ki, yüz acını yeyərəm, bir şirinin xətrinə. Bura Azərbaycandır, Əkrəm Əylisli də azərbaycanlıdır. Gəlin, bir dəfə də yüz şirinin xətrinə bir acını yeyək”, - dedim. Bax, bu həm də sənin sualına cavabdır.
- Əkrəm Əylislidən söz açmışkən, dramaturq Fikrət Qocanın ölümündən sonra açıqlama verərək “Fikrətin Yazıçılar Birliyinə gəlməyilə onun açıqsözlü ədəbiyyata xidməti bitdi” kimi bir ifadə işlədib. Hesab edirsinizmi ki, AYB-yə üzv olmaq müstəqillyi məhdudlaşdırır?
- Qətiyyən, o məsələdə Əkrəm düz deməyib. Özü də Fikrət Qoca Azərbaycanın ən istedadlı şairlərindən biridir. O öz yolu, öz yanaşması olan şairimizdir. Fikrət Qoca yüzlərlə mahnı müəllifidir. Onun Rəsul Rza haqqında çox gözəl bir şeiri var. Axı Rəsul Rza da böyük şairdir. Elə bircə misrası bəs edir bunu sübut etməyə: “Raketlər xaraba qusur”. Sözdəki dərin mənaya bir bax. Fikrət Qoca da Nazim Hikmət, Rəsul Rza məktəbinin yetirməsidir. Heyif ki, bu yaxınlarda dünyadan getdi. Dünyasını dəyişdi sözündən xoşum gəlmir, ona görə belə deyirəm. Çünki bu ifadə düzgün deyil, axı bura gül kimi dünyadı da, digər tərəf varsa belə, heç bilmirsən, necədir. Ona görə də sadəcə “dünyadan getdi” demək lazımdır. Bu, valyuta, rubl deyil ki, dəyişsin.
- Bir az da Seyran Səxavətin özündən danışaq. Həmişə məqsədsiz yazdığınızı demisiniz, amma yəqin ki, yazılarınızda müəyyən bir plan, oxucuya ötürmək istədiyiniz özül bir fikir olub. Düzü, mesajlarla dolu bir “İt intervüsü”nün plansız ortaya çıxmasını düşünə bilmirəm.
- Dünyada 50 yazıçı varsa, 50 də stil var. Məndə plan filan olmayıb. Başqaları bunu edirsə, heç nə deyə bilmərəm. Ancaq məndə belə deyil. Mən görürəm ki, ağırlaşmışam, dolmuşam, onda yazmağa başlayıram. Çünki ağırlıq mənim əsəblərimi çox tərpədir. Həyat yoldaşım da mənə qarşı çox həssasdır, özü də professordur. Çoxlu kitablar tərcümə edib. Yəni ziyalı adamdır, məni başa düşür. O görür ki, mən hamıya ilişməyə başlamışam. Onda, “Sən yetişmisən, vaxtındı, get yaz”, - deyir. Birinci cümləni yazmaq çox çətindir. Mənim üçün nəsr yaradıcılığı bir az təyyarəçiliyə oxşayır. Mən iki il hərbi təyyarəçilərlə işləmişəm. Ən qorxulu məqam yerdən qalxmaq və yerə enməkdir. Uçmaq təhlükəli deyil. Yazmaq da belədir, bəzən 10 gün birinci cümləni yazmağa çalışırsan. Çünki sən birinci cümləni gətiməlisən və ondan sonra həmin cümlə səni tutub əsərin sonuna qədər aparmalıdır. Əgər yazıçı sözü aparırsa, o əsərin bir abbasılıq qiyməti yoxdur. Söz yazıçını aparmalıdır.
- Bir müsahibənizdə Orhan Pamuku oxuya bilmədiyinizi demisiniz. Orhan Pamuk çox planlı şəkildə əsər yazır. Bəlkə, oxuya bilməmə səbəbiniz elə bu olub?
- Ola bilər. Həqiqətən, oxuya bilmədim. Həm də mən bütün nobelçiləri sevmirəm. Mənim iki sevdiyim yazıçı var, biri almandı, biri gürcü - Ziqfrid Lenz və Nodar Dumbadze. Elə bilirəm, onlar mənəm. Fikir verin, adlarını çəkəndə tüklərim biz-biz oldu. Bax bu mənim sevgimin real olduğunu göstərir. Heç kəs buna şübhə edə bilməz. Mən gürcü olsam, Dumbadze kimi, o, azərbaycanlı olsa, Seyran kimi yazardı. Yaxud Ziqfrid Lenz. Onun bir hekayəsi Nobel mükafatı laureatlarının yarısına dəyər. “Gözəgörünməz qonşu” hekayəsi var, 3-4 vərəqidir, amma əjdahadır.(yenisabah.az)
Demokrat.az