Hamımız bilirik ki, Azərbaycanın gömrük sistemində heç bir monopoliya yoxdur Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən. Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!” Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual. AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik. Azərbaycanda gömrük sistemi yəqin ki, vergi və təhsil sistemi ilə yanaşı ən çox tənqid edilən dövlət sistemlərindən biridir. Bu gömrükdəki kişilər müxtəlif yeni-yeni təcrübələr tətbiq edir, adamın istənilən yerində nə gizlətməsindən asılı olmayaraq, tapıb üzə çıxaran cihazlar alır, sahibkarlar üçün hansısa sadələşdirilmiş sistemin tətbiq edildiyi barədə telekanallarda çıxış edirlər... Amma bizim millət dincəlmir ki, dincəlmir.
Son illər iqtidarda gedən dəyişiklikləri, xüsusən də kadr islahatlarını, hətta, bu rejimi sevməyənlər də qəbul edirlər. Mən iddia etmirəm ki, köhnələrin yerinə gələn cavanlar təcrübəsizdir, sələflərindən fərqli olaraq, bir neçə xarici dil bilir və bu, mütləq üstünlük sayılır və s. Hər bir yeniliyin çatışmazlıqları da olur ki, bu da iş prosesində cilalanır.
Əsas odur ki, artıq Azərbaycanda yerlibazlıq mərəzinə düçar olan nazirlər, rəislər, komitə sədrlərinin sayı Prezidentin vaxtaşırı qərarları ilə azalır. Artıq heç kim işə düzələndə “naxçıvanlı deyil” ifadəsi qarşısında həmin qurumdan boynubükük ayrılmır. Ayrılır ee, daha əvvəlki kimi tez-tez yox. İndi yuxarı elitada Azərbaycanın müxtəlif bölgələrindən olan insanların sayı artmaqdadır və bu da sevindirməyə bilməz.
Amma deyəsən, yuxarıda gedən bu antiyerlibazlıq trendi heç də ölkənin bütün nazirliklərinə gedib çatmayıb. Xüsusən də Dövlət Gömrük Komitəsinə. Xaricdə yaşayan Həbib Müntəzir bu Komitənin rəhbərliyində ancaq naxçıvanlıların olduğunu iddia edib və dediklərinin sübutu kimi yerli mediada yayılan bir siyahı da dərc edib. Onun yazdığına görə, bu dövlət qurumunun rəhbərliyinə Səfər Mehdiyev yalnız yaxınlarını və həmkəndlilərini toplayıb.
Və siyahı:
- Sədr: Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.
- Müavin: Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm.
- Müavin: Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.
- Müavin: Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri.
Digər struktur rəisləri:
- Daxili Təhlükəsizlik İdarəsinin rəisi: Rəşad Zalov, 1980, Naxçıvan.
- İnzibati İdarəetmənin Təşkili idarəsi: Nüsrət Qurbanov, 1963, Naxçıvan.
- Xarici Əlaqələr İdarəsi rəisi: Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.
- Hüquqi təminat şöbəsi rəisi: Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.
- Mətbuat Xidmətinin rəisi: Natiq Axundov, 1977, Naxçıvan şəhəri.
- Katibliyin rəisi: Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.
- Avtomobil Nəqliyyat İdarəsi: Cəfərov Simurq, 1964, Ordubad, Tivi kəndi.
- İnfrastrukturun İnkişafı İdarəsi: Qasımov Kamil, 1960, Babək, Çeşməbasar.
- Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi: Məsum Rəsulov, Naxçıvan, Babək, Nehrəm
- Gömrük Komitəsi Akademiyasının rəisi: Qulu Novruzov, 1970, Naxçıvan, Babək, Nehrəm.
Bilmirəm, bu siyahıda deyilənlər düzdür, ya yox, amma tam əminəm ki, Həbib Müntəzir və onun kimi düşünənlər səhv edirlər, yanlış yoldadırlar və Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə qarşı çox qərəzlidirlər. Axı niyə belə düşünürəm? İzah edim.
Axı, Səfər Mehdiyev neyləsin? Əgər siyahı düzdürsə, deməli, onun bu quruma yalnız naxçıvanlıları götürməkdən başqa yolu yoxdur. Çünki, bakılılar doşab “qeynədib”, meyxana deyəndə, şəkililər “ha indi yaxşı piti” bişirəndə, qazaxlılar beçəli-qurudlu xəngəl süfrəsi ətrafında aşığa qulaq asaraq, “ayə, nə gözəl çaler” deyəndə, lənkəranlılar “lavangi” üçün balıq tutmaqla məşğul olanda, şamaxılılar “qadoy alım” sədaları altında üzüm yetişdirəndə, qarabağlılar muğam zəngulələrinin hansı pərdəyə (ya boğaza – musiqidən o qədər də anlamdığım üçün səhvlərimi bağışlayar, yəqin ki, oxucu) uyğun gəlib-gəlmədiyi barədə mübahisə edəndə, Səfər Mehdiyevin bu gün idarəsində işləyən həmkəndliləri yəqin ki, məktəbdə yaxşı oxuyur, İranla, Türkiyə ilə sərhəddən necə mal keçirməyin incəliklərini öyrənir və dəqiq bilir, ya da heç olmasa, ümid edirdilər ki, Elşad Abdullayevin rektoru olduğu “donqili” universitetin gömrük və ya hüquq fakültələrinə adlarını yazdıra biləcək və sonunda, məhz gömrük sisteminin mahir idarəçilərinə çevriləcəklər.
“Komitetçiklərin” müxtəlif yeniliklərlə, təşəbbüslərlə gömrükdən nəsə keçirməli olan biznesmenlərin və adi insanların həyatını yaxşılaşdıracaq addımlar atmalarına baxmayaraq, insanlar yenə də qərəzli olaraq, onlardan giley-güzar edəcəklər. Bu biznesmenlər bilmirlər, anlamırlar ki, gömrükdə nəyi necə etmək lazımdır ki, hamıya rahat olsun. Çünki, onlar yuxarıda saydığım digər regionların təmsilçiləridir. Onlar na başa düşə bilərlər, axı? Odur ki, ayıbınıza qısılın və susun! Gömrükdən də şikayət etməyin! Mən dəqiq bilirəm ki, Səfər müəllimin hər bir işi, hər bir təşəbbüsü ancaq və ancaq gömrük sistemimizin fəaliyyətinin şəffaflaşmasına yönəlib. O qədər şəffaflaşıb ki, artıq görünmür belə...
Təşəbbüs demiş, yadıma Səfər müəllimin bir neçə il əvvəl bəzi baş redaktorları Komitəsinə yığaraq, o zaman təzəcə reallaşan ideyasını prezentasiya etməsi düşdü. O görüşdə iştirak edən bir baş redaktor maraqlı bir situasiyadan danışdı mənə. Deməli, Səfər Mehdiyev fəxrlə təşəbbüskarı olduğu və guya ki, “...gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək...” kimi məqsədlərə nail olacaq "Yaşıl Dəhliz" buraxılış sistemi barədə danışır, ölkədə heç nəyə monopoliyanın olmadığını iddia edirdi.
Bu zaman dili yanmış jurnalistlərdən biri deyir ki, “ay Səfər müəllim, indi ölkədə monopoliya yoxdursa, onda biz sizin sistem vasitəsi ilə canlı olaraq, baxa bilərikmi ki, sərhəddən, məsələn, bananı bu gün kimlər və necə keçirir”. Öz sisteminin jurnalistləri şoka saldığını düşünən Səfər Mehdiyev, ekstaza düşərək, sualdakı sətiraltı qayəni görmür, “əlbəttə!”, - deyir və işçisinə bu sahədə son məlumatlar olan cədvəli iri monitora çıxarmağı əmr edir. Cədvəldən belə məlum olurdu ki, ölkəyə banan gətirənlərin əksəriyyəti da məhz Səfər Mehdiyevin yerliləri və ya onların şirkətləridir. Necə deyərlər, babalı bunu mənə danışanın boynuna...
Yeri gəlmişkən, sonda görüş iştirakçıları, Səfər müəllimin dediyi kimi, bu banan məsələsinin bir təsadüf olduğuna inandıqlarını bildirirlər. Axı, hamımız bilirik ki, Azərbaycanın gömrük sistemində heç bir monopoliya yoxdur...
Müəllif:
Yoldaş Mircəfər
Tarix: 15-09-2020, 21:25