“Georgi Jukov Silahlı Qüvvələrdə Lenin prinsiplərini kobudcasına pozub, ordunu partiya nəzarətindən çıxarmağa cəhd edib, şəxsi heyət arasında siyasi işin aparılmasının qarşısını alıb. Bütün bunlar Kommunist Partiyasına və Lenin prinsiplərinə zidd hərəkətdir. Bu həm də, Jukovun siyasi səriştəsizliyinin və ordu diktaturası yaratmaq arzusunun nəticəsidir…”Bu, Nikita Xruşovun 29 oktyabr 1957-ci ildə Mərkəzi Komitənin plenumundakı məruzəsindəndir.
Marşal Georgi Jukovun hərbçi kimi fəaliyyəti, İkinci Dünya müharibəsindəki rolu haqqında çoxsaylı kitablar yazılıb, filmlər çəkilib, ayrı-ayrı müharibə epizodları ilə bağlı yüzlərlə məqalələr dərc olunub. Onun sərkərdərlik talantı təkcə SSRİ-də deyil, xarici ölkələrdə də yüksək dəyərləndirilib. Jukov həm də siyasi fəaliyyəti ilə də tarixdə iz qoyub. Xüsusilə 1953-cü ildən sonra Mərkəzi Komitənin üzvü olan marşalın qətiyyəti ölkənin siyasi müstəvisində özünü daha qabarıq şəkildə büruzə verib.
1940-cı illərin ortalarından sonra marşal Jukovun SSRİ-də ən nüfuzlu şəxs kimi tanınması, qəbul edilməsi danılmaz faktdır. “Qələbə Marşalı” titulunu qazanan Jukov müharibədən sonra milyonların kumirinə çevrilib. Təbii ki, Kremldə milyonların marşala olan sevgi və ehtiramı birmənalı qarşılanmayıb. İntriqaları, çəkişmələri səngiməyən siyasi birincilər Jukova qarşı qısqanclıqlarını gizlədə bilməyiblər.
Cəllad xislətli Lavrenti Beriya və Viktor Abakumov, siyasi gedişləri ilə çoxlarını mat qoyan Vyaçeslav Molotov, hiyləgərliyi ilə fərqlənən Anastas Mikoyan, gələcəkdə özünü Stalinin varisi sayan Georgi Malenkov Jukovu özlərinə ən böyük təhlükə sayıblar. Marşalın mövcudluğu İosif Stalini də narahat edib. Elə yəqin ki, bu narahatlığa görə Stalin onu- müdafiə nazirinin müavini, eyni zamanda quru qoşunları komandanı Jukovu Moskvadan uzaqlaşdırıb, əvvəlcə Odessa, sonra isə daha uzağa, Ural Hərbi Dairəsinə komandan göndərib.
Dövrün araşdırmaçılarının qənaətinə görə Jukova belə münasibət Stalinin ən ədalətsiz qərarlarından biri sayılıb. Sonralar Stalin özü də bunu dərk edib və ədaləti bərpa etmək üçün 1952-ci ildə Jukovun Mərkəzi Komitə üzvlüyünə namizəd olmasının təşəbbüskarı olub. Bəlkə də Stalin Jukovla bağlı daha böyük planlar haqqında düşünüb. Ancaq 1953-cü ildə onun vəfatı bəlli olmayan planların icrasını yarımçıq qoyub.
Jukovun böyük nüfuz sahibi olması Nikita Xruşovu da rahat buraxmayıb. Amma o, marşala qarşı fərqli münasibət sərgiləyib. O, Jukovu Uraldan Moskvaya qaytararaq müdafiə nazirinin birinci müavini təyin edib.
Maraqlıdır, Xruşovda Jukova qarşı bu ehtiram və etimad hansı səbəbdən yaranıb?Hakimiyyəti ələ keçirən Xruşov üçün ən təhlükəli sima Beriya olub. O, yaxşı anlayıb ki, Beriya gec-tez həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri olan Malenkovla birləşib onu hakimiyyətdən uzaqlaşdırmaq sevdasına düşəcək. Buna görə də Beriyanı sıradan çıxarmaq Xruşov üçün ən vacib və ən təxirəsalınmaz məsələ sayılıb. Xruşov onu da yaxşı anlayıb ki, Beriyanı aradan götürmək çox da asan bir məsələ deyil. Elə buna görə də o, Jukovdan istifadə etmək qərarına gəlib.
Xruşov Jukova Stalinin hakimiyyəti dövründə Beriyanın onu həbs etdirmək məsələsini dəfələrlə xatırladıb və Beriyadan qisas almağın zamanı çatdığını söyləyib. Bununla da tərəflər razılığa gəliblər. Jukov şəxsən özü Beriyanın həbs olunması əməliyyatına rəhbərlik edib.
Jukovun bu xidməti sayəsində Xruşov onu 1955-ci ildə müdafiə naziri təyin edib. 1957-ci ilin iyun ayında Jukov Xruşovu ikinci dəfə çətin vəziyyətdən çıxarıb. Molotov, Malenkov və Kaqanoviçin (antipartiya qrupu) Xruşovu devirmək planlarını plenumda alt-üst edib.
Jukov Xruşova qarşı sədaqətini əsirgəməyib. Amma qarşı tərəfdən xəyanətlə üzləşib. Belə ki, Jukov 1957-ci il iyun plenumunda Xruşovun devrilməsinin qarşısını alsa da, bu hadisədən dörd ay sonra onun özünü vəzifədən deviriblər.
Xruşov Jukovun sədaqətinə niyə xəyanətlə cavab verib?Birincisi, ona görə ki, iyun plenumunda Jukov hansı qətiyyətə sahib olduğunu bir daha nümayiş etdirərək, Mərkəzi Komitədə əsas söz sahibi olduğunu bir daha təsdiqləyib.
İkincisi, həmin plenumda Jukovun söylədiyi bir fikir Xruşovu ciddi narahat edib,-“Mənim əmrim olmadan bir tank yerindən tərpənə bilməz”,-ifadəsi ilə Jukov gücün onun əlində olduğunu bir daha diqqətə çatdırıb.
Üçüncüsü, Xruşov ABŞ-da İkinci dünya müharibəsində məşhurlaşan general Eyzenhauerin prezident seçilməsinin analoji variantının SSRİ-də baş verə biləcəyindən ehtiyat edib...
Beləliklə, Xruşov Jukovu vəzifədən uzaqlaşdırmaq haqqında planlar cızıb. Bu məqsədlə Jukov məqsədli şəkildə Yuqoslaviyaya ezamiyyətə göndərilib. Bu müddət ərzində Mərkəzi Komitə üzvlərinin iştirakı ilə ordu birləşmələrində müşavirələr keçirilib. Silahlı Qüvvələrdə partiya nəzarəti, şəxsi heyət arasında partiya təbliğatı məsələləri müzakirə olunub. Ümumi nəticədə bu sahədə aparılan iş qeyri-məqbul sayılıb.
29 oktyabr 1957-ci ildə növbəti partiya plenumu öz işinə başlayıb. Plenumda Sovet ordusunda və donanmada siyasi partiya işinin vəziyyəti və yaxşılaşdırılması məsələsi gündəliyə çıxarılıb. Əsas məruzəçi olan Mərkəzi Komitənin katibi Suslov Jukovun hərbi hissələrdə siyasi rəhbər vəzifələrini minimuma qədər ixtisar etməyini əsas gətirərək, orduda bu sahədəki vəziyyətin qənaətbəxş olmamasını qeyd edib.
Çıxış edən Mikoyan Jukovu hərbi xunta yaratmağa cəhddə ittiham edib. Xruşov isə Silahlı Qüvvələrdə Lenin prinsiplərinin kobud şəkildə pozulduğunu bəyan edib. Yekun nəticə olaraq Jukov tutduğu bütün vəzifələrdən azad edilib.Jukov Xruşovun ona qarşı bu qədər sərt mövqe tutacağına inanmayıb. Yeni vəzifəyə təyinat alacağını gözləyib. Amma marşal öz gözləntilərində yanılıb.
Marşal Georgi Jukov vəzifə süqutuna uğrasa da, hərbi və siyasi karyerasına gözlənilmədən son qoyulsa da, bu, onun nüfuzuna xələl gətirməyib. Belə ki, o, ömrünün sonuna qədər, elə vəfatından sonra da yaddaşlarda böyük sərkərdə, böyük siyasi xadim kimi qalıb.
İlham Cəmiloğlu,
Musavat.com
Tarix: 9-09-2020, 22:14