Xanımını ona qarabağlı olduğuna görə verdilər, iki qızının toyunu bir gündə elədi, dil xərçəngindən dünyasını dəyişdi






Siam.az kulis.az-a istinadən “Maraqlı faktlar” layihəsindən Xalq artisti Şahmar Ələkbərovu təqdim edir.
Şahmar Ələkbərov 1943-cü ildə Gəncədə anadan olub. Atası Zülfüqar kişi Cəbrayıldan, anası İzulət xanım Tiflisdəndir. 9 yaşı olanda Şahmar ailəsi ilə birgə Gəncədən Bakıya köçür. Orta məktəbi 15 yaşında bitirəndən sonra sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verməyi düşünür. Lakin bunun əksinə hərəkət edərək, İncəsənət İnstitutuna istiqamətlənir. Anası İzulət xanım buna bərk əsəbləşir. Çünki o, Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi və oğlunu səhnədə görmək istəmirdi. Lakin Şahmar fikrindən dönmür.
Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. 1964-cü ildə Azərbaycan İncəsənət İnstitutunu bitirib. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərov оnu kinostudiyanın nəzdində özünün yaratdığı "Kinо aktyоrluğu" studiyasına dəvət edib.

Bir dəfə studiyanın direktoru Adil İsgəndərovun yanına bir ssenari aparıb və deyib. "Adil müəllim, film çəkmək istəyirəm." Adil İsgəndərov cavabında deyir: "Sənin nə gözəl kostyumun var". Yaxınlaşıb əlini kostyumun parçasına sürtərək, "Gözəl materialı var, birini də mənə tikdirək". Bu, o deməkdir ki, artıq Şahmar Ələkbərov rejissor kimi fəaliyyət göstərə bilərdi.
İlk aktyorluq karyerası "Dağlarda döyüş" filmindən başlamışdı. İncəsənət İnstitutunu təzəcə bitirsə də, kinoya hədsiz həvəsi onu studiyaya gətirmişdi. Həm də bu institutda Rza Təhmasibin kursunda təhsil almışdı.
Həyat yoldaşı teatrşünas Kəmalə xanımla teatrda tanış olublar. Kəmalə xanım Şahmarın iştirak etdiyi bütün tamaşalara baxırmış. Şahmar Kəmalə xanıma elçi göndərəndə valideynləri qızlarının aktyorla ailə qurmasına razı olmurlar. Dörd ildən sonra o, yenidən elçi göndərir. Kəmalə xanımın nənəsi əslən şuşalı idi. O, elçi göndərən oğlanın da qarabağlı olduğunu biləndə, nəvəsinin “hə”-sini verir. Bu evlilikdən onların əkiz qız övladları doğulur.

Səhhətində baş verən problemlər ona aktyor kimi işləmək imkanı vermirdi. Beləliklə, o, rejissor kimi işləməyə qərar verdi və ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmini çəkdi. Bu ictimai motivli filmdə Şahmar Ələkbərov çox böyük həvəslə işləmişdi. Ssenarini Anar özünün "Şəhərin yay günləri" povesti əsasında yazmışdı. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son qoyuldu. Ssenari müəllifi də, Gülbəniz Əzimzadə də, tamaşaçılar da filmdən razı qalmışdılar.
1989-cu ildə Elçinin "Toyuğun diri qalması" povesti əsasında ssenarisini yazdığı "Sahilsiz gecə" filmini çəkdi. Film çox az müddətə çəkildi. Hazır olanda çox ciddi münaqişələr yaratdı. Səbəb müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi idi. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyirdilər. Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurdu. “Azərbaycan qadınının keşiyində duran” bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini “daş-qalaq etdilər”. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itdi.

Həmin filmdə erməni Roza rolunun ifaçısı, Xalq artisti Nuriyyə Əhmədova müsahibələrinin birində deyir:
“Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət var, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı.”
Deyilənə görə, “Sahilsiz gecə”nin yaradıcı heyəti filmin müdafiəsi zamanı rejissoru tək qoyublar. Bəlkə də bu səbəbdən həmin film illərlə rəflərdə qaldı, ekranlar çıxa bilmədi. Filmin çəkilişləri vaxtı isə aktyorlar rejissorun xasiyyətini bildiklərindən nizam-intizamla işləyirdilər. Şahmar Ələkbərovun xanımının sözlərinə görə rejissor Zibeydənin cavan vaxtını ifa eləməyi Mehriban Xanlarovaya həvalə etmək istəyəndə, Ənvər Əbluç ona deyib ki, onu çəkmə, "Bircəciyim" filmini çəkəndə gördüm ki, necə intizamsızdı, hər çəkilişə gecikəcək, sən də əsəbiləşəcəksən. Lakin Şahmar Ələkbərov öz seçimindən vaz keçmir. Mehriban Xanlarova isə bir dəfə də olsun çəkilişə gecikmir. Ümumiyyətlə, aktyorların hamısı çəkilişlər qurtarana qədər nizam-intizama tam riayət etdilər.

Şahmar istəyib ki, Zibeydənin yaşlı vaxtını ya Leyla Bədirbəyli, ya da Nəcibə Məlikova canlandırsın. Amma onların heç biri razı olmayıb. Hətta onlara qəribə görünüb ki, niyə belə rola dəvət olunurlar. Nəhayət Şahmar Türkmənistandan keçmiş balerinanı Bakıya dəvət etməli olur.
Filmin sonrakı taleyi Şahmara çox pis təsir edib. O, kino sahəsində həm aktyor kimi, həm də rejissor kimi böyük sarsıntılar keçirir. Sonralar nəvəsi Şahmarda aktyorluq potensialı görsələr də, ailə üzvləri onun incəsənət adamı olmasına qarşı çıxırlar.
Aktyor Tariyel Vəliyev xatirələrində deyir:
“İkinci kursu qurtarıb, üçüncü kursa keçmişdik. Hamı tətilə çıxmışdı. Mən Ağstafa rayonundan olduğum üçün rayona, kəndimizə gəlmişdim. Aradan 10 gün keçmişdi ki, bir də gördüm, Həsən Əbluç, Şahmar Ələkbərov və müəllimimiz Məlik Dadaşov bizim kəndə gəldilər. Atam onları qarşıladı, hamımızı yaylağa göndərdi. Yaylaqda dincələn vaxt meşədə bir dəlləyə rast gəldik və Şahmar, Həsən, mən qərara gəldik ki, başımızı keçəl qırxdıraq.

İstəyirdik instituta gələndə uşaqlardan fərqlənək ki, biz kənddə, yaylaqda olmuşuq, başımız da keçəldir. Biz növbə ilə başımızı qırxdırdıq. Növbə Şahmara çatanda bir də gördük Şahmar meşəliyə doğru qaçır. O başını qırxdırmaq istəmədi və qırxdırmadı da. Yəni məni də, Həsəni də aldatmışdı. Sonra bizim yanımıza gəlib dedi, ayə, sizi instituta buraxmayacaqlar, institut keçəl-küçəl yeri deyil.”

Тanıyanların dediyinə görə, çox ailəcanlı adam olub. Əkiz qızlarını həddindən çox sevib. Onların hər iksinin toyunu bir gündə o vaxtkı “Abşeron” mehmanxanasının restoranında edib.
Xəstəliyinin ağır günlərində ən yaxın dostlarının belə onunla görüşməsinə, onu xəstə vəziyyətdə görməsinə razılıq verməyib.
Şahmar Ələkəbərov yaşının ən gözəl, yaradıcılığının ən məhsuldar vaxtında xəstələnir. Düz yeddi il bu əzab-əziyyət davam edir. Hər şey "Firəngiz" filminin çəkilişlərindən başlayır. Daha doğrusu, aktyor filmin çəkilişindən əvvəl stomatoloqa gedir, burada onun dili zədələnir. Filmin çəkilişlərində soyuqladığı üçün dilindəki əzik xoraya çevrilir. Şahmar mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözür.

1992-ci ilin qışında onu Hamburqa aparırlar. Orada ona heç nə deyilməsə də, ailəsinə bu xəstəlik qarşısında tibbin gücsüz olduğu bildirilir. Ailə üzvləri Şahmarı yenidən Bakıya gətirib xəstəxanaya yerləşdirirlər ki, əlacsız olduqlarını başa düşməsin.
Kəmalə xanəm xatirələrində nəql edir ki, həyat yoldaşı vəfat edəndən sonra onun ölümü qızlarına çox pis təsir edir. Hətta onlar atalarının rəhmətə getməsini, analarının sağ qalmasını qısqanıblar.
Ömrünün son illərində onda meyxanaya maraq yaranır. Hətta meyxana teatrı da yaratmaq istəyir. Ailə üzvləri hesab edirlər ki, onun teatrdan kinoya keçid etməsi səhv addımdır. Çünki xarici görünüşü, yaradıcı potensialı, səsi teatr üçün idi.

Kinoda daha çox müsbət rollar ifa edib. Yeganə mənfi rolu "Atları yəhərləyin" filmindəki İbrahimdir. Amma kinoda da aktyor kimi tam istifadə olunmadı. Məsələn, "Ad günü" filmində baş rola dəvət olunmuşdu, sınaq çəkilişlərində də iştirak etmişdi, amma nədənsə, Əli obrazı gürcü aktyoruna qismət oldu.
Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu, məşhur qəzəlxan Əliağa Vahidin ekran obrazını yaratmaq idi. Günlərin birində Şahmar Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan"ı çəkməyə başladı. 1990-cı il idi. O, xəstə vəziyyətdə işləyir. Baş rola gənc aktyor Loğman Kərimova dəvət edir. Çəkilişlər dayanmadan gedirdi, hər şey öz qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar Ələkbərov filmi iki hissədə çəkməyi qərara alır. 1991-ci ildə isə film ekranlara çıxır.
Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini görə bilmədi. Uzun sürən əzab-əziyyətdən sonra görkəmli kino xadimi, Xalq artisti 12 avqust 1992-ci ildə 48 yaşında dil xərçəngindən vəfat etdi.
Tarix: 22-07-2020, 08:53
Xəbəri paylaş



Xəbər lenti