Dünyanın başı üzərini alan COVID-19 bəlasının "sədaları" altında inlədiyimiz bir zamanda bəzilərinin cahilliyi adamı koronovirusdan da betər ağrıdır. COVID-19 bitəcək, həyat normala dönəcək, amma "bəziləri" dediyim həmin kəsimin avamlığı, cahilliyi bitməyəcək. XXI əsrdi, kompüter texnologiyalarının, internetin həyatımızı idarə etdiyi bir zamandı. Dünya hər gün, hər saat, hər dəqiqə dəyişir. İnsanlar balaca bir düyməyə toxunmaqla yer kürəsinin hansısa bir nöqtəsində baş verən olayla tanış olurlar. Amma bizim o avam, cahil kütlə gözünü Mehdi adlanan imamın yoluna dikib, qulağını imamın səsini eşidəsəyi inamı ilə açıq tutub.
Bəsirət gözü, ağlı, düşüncəsi bağlı olan bu adamları görəsən kim, nə bu günə qoyub? Hardandı bu inam ki, Mehdi gələcək, dünyanı düzəldəcək, zamanın sahibi olacaq? Peyğəmbərlər öz zamanlarında dünyanı tam düzəldə bilməyiblər. Mehdi gəlib əyilmiş tərəzini, pozulmuş mizanı necə düzəldəcək? Yoxsa koronovirusu yoxa çıxaracaq? İnsan nə qədər cahil olmalıdır ki, bu cür cəfəngiyata inana bilsin?! İnsan nə qədər avam olmalıdır ki, yerin-göyün, bütün zamanların sahibi Allah olduğunu anlaya bilməsin. Mehdi gəlib Allahlıqmı edəcək? Onu yaradana asimi çıxacaq?
Cahilliyin ən pik nöqtəsi odur ki, hətta kimisə Mehdi elan edib ona imam gözündə baxanlar da var. Pir kimi başına fırlanırlar. Ətəyini, əlini öpdürən isə bundan feyziyab olur, özünün gerçəkdən də imam, peyğəmbər olduğuna inanır. Vallah, adam az qalır desin ki, tfu sizin üzünüzə! Allahdan qorxmursunuzmu? Amma görünən o ki, onlar nəinki Allahdan qorxur, hətta Allahı belə tanımaq istəmirlər. Zəmanənin sahibi hesab etdiklərinə sitayiş edir, önündə baş əyirlər. Sadəcə rəzillikdi.
Mehdinin gələcəyi günü gözləyənlərdən soruşmaq lazımdı ki, neyniyəcək? Hansı əyrinizi düzəldəcək, pis əməlinizi yaxşılaşdıracaq? Dindən, İslamdan, Qurandan xəbərsiz düşüncələrinizimi yoluna qoyacaq? Məhəmməd peyğəmbərin dediklərinə, Allahın buyurduqlarına əməl etmirsiniz. İnsanlığın bəyannaməsi olan Quranı oxumursunuz. Mehdi gəlib əlinizə Kitabmı verəcək? Bəlkə elə hesab edirsiniz ki, Mehdi Allahı, peyğəmbəri danacaq, Qurandan imtina edəcək, özü hər şeyi yenidən qurub-yaradacaq? Yerin-göyün sahibi olmaq missiyasını boynunamı götürəcək?! Əlinə Quran almayan, amma dindən-imandan ağızdolusu danışan cahil kütləyə Mehdi necə təsir edəcək? Halbuki Quranı oxumaq əvəzinə, öpüb şkafın başına qoymaqla dünya düzəlmir. Allahın dediklərinə əməl edilsə, peyğəmbərin məsləhətləri, nəsihətləri yerinə yetirilsə, dünyamız çox gözəl olar, Mehdiyə gərək qalmaz.
Lap tutaq ki, siz deyən oldu. Amma o yazıq Mehdi görəcək ki, insanlıq itib, bəşəriyyət yolunu azıb... vallahi-billahi gəldiyinə peşman olacaq. Məmur özbaşınalığı, onların övladlarının harın hərəkətləri, rüşvət, korrupsiya, səlahiyyətlilərin çoxunun "mənəm-mənəm"liyi, sadə, kasıb təbəqənin haqqının tapdanması və s. bu kimi halların qarşısında Mehdi neyniyə biləcək? Güclünün gücsüzü tapdaladığı, yamanın yaxşını üstələdiyi, xainin, paxılın, xəbisin artdığı, çirkinin gözələ ağız büzdüyü, savadsızın alimə rişxənd etdiyi, dinsizin-imansızın "at oynatdığı" bu zamana necə sahiblik edəcək?
Bəşəriyyətin COVID-19 adlı mikrobdan dolayı başının ağrıdığı bir zamanda televiziyaların insanların ağrı-acısına məlhəm olmaq əvəzinə, ucuz şoularla efiri doldurmaları, müqənni tayfasının bir çox nümayəndələrinin xalqa əxlaq dərsi verməsi, yol göstərməsi, özlərində olmayan ali hissslərdən ağızdolusu danışmaları kimi əməlləri aradan qaldırmağa Mehdinin gücü çatacaqmı? SÖZ xiridarları qalıb bir kənarda, bayram nurlular, toliklər söz sahibi olublar. Dünyanın başqa nöqtələrində ən müasir texnologiyalardan danışılanda, ixtira və kəşflər müzakirə olunanda bizdə bayram nurlu kimiləri gündəmi zəbt edirlər. Bu cür insanların bahalı və dəbdəbəli villaları Azərbaycan efirlərində nümayiş olunanda, Avropada alimlərin elmi kəşfləri yazılı və elektron mətbuatda, televiziyalarda yer alır. Bayramlar, toliklər sayılıb-seçilən hörmət-izzət sahibləri kimi yuxarı başa çəkiləndə, az qala önündə təzim ediləndə, əlbəttə, cəmiyyətin tarazlığı pozulacaq. Mehdi bu tarazlığı düzəldə biləcəkmi? Cəmiyyətin bayram nurluların, toliklərin çürütdükləri tərəfini bərpa edə biləcəkmi? Zəmanəyə sahiblik edəcək Mehdi onu kirləndirənləri, ucuzlaşdıranları necə islah edəcək? Nə qədər ki, inkişaf etmiş, səviyyəli, intellektual cəmiyyət yoxdu, o qədər bayram nurlular "qəhrəman" olacaqlar. Nə qədər ki, Mübariz İbrahimov, Ramil Səfərov, şəhidlərimiz, digər milli qəhrəmanlarımız, eləcə də aprel döyüşlərinin igid oğulları, qaziləri ucuz tutulacaq, o qədər bu adamcığazlar cəmiyyətin üst qatında yer alacaqlar. Mehdi gəlib hər kəsin yerini göstərib, haqqı itirilənlərin haqqını qaytara biləcəkmi?
Mehdi gəlib kasıbçılıqdan dolayı azyaşlı uşaqlarını məktəbdən ayırıb dilənçilyə göndərən valideynlərə nə ad verəcək? Erkən nikahlardan dolayı cəmiyyətdə nə qədər boşanmaların, qətllərin, cinayətlərin baş verdiyini görməyəcəkmi? 13-14 yaşlı qızlarının əynindən məktəbli paltarını çıxarıb gəlinlik geyindirən analara tərs şillə çəkməyəcəkmi?
Kefli İsgəndər zəmanəsində yolunu azmış adamlarının üzünə belə tüpürdü: "Baxın! Yaxşı baxın! Diqqәtnәn baxın! Sizin tarix kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: tfu sizin üzünüzә! Bağışlayın, kefli İskәndәr bir az biәdәblik elәyir. Amma indi dә növbәt mәnimdir. Mәn demirәm ki, siz niyә bu balaca uşaqları zornan gәtirib qatdız bu fahişәxanaya. Söz yox, siz bunlara deyәndә ki, sәni verirәm bu şeyxә, bu biçarәlәr çığırıb bağırırdılar vә sizin çirkli ayaqlarınızı öpә-öpә yalvarırdılar: "Ata, aman günüdür, mәni anamdan ayırma"!.. Yox, mәn ondan ötrü incimirәm. Çünki siz qızlarınızı bura çәkә-çәkә elә xәyal edirdiniz ki, bunları behiştә çәkirsiniz vә İsfahan şeyxlәri sizi inandırmışdılar ki, hәr kәs bu mübarәk otağa qәdәm qoysa, ölәndәn sonra qiyamәtәdәk qәbrin dәriçәsindәn mәlakәlәrlә söhbәt edәcәk. Amma zәmani ki, ricәt mәsәlәsi ortalığa qoyuldu vә Şeyx Nәsrullah ölülәrin dirilmәk ixtiyarını qoydu sizin qabağınıza, siz, dәriçәdәn mәlakә axtaranlar, ölәn qardaşlarınızın, bacılarınızın vә övrәt-uşaqlarınızın dirilmәyinә razı olmadınız. Niyә razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölәn qardaşlarınızın arvadını almısınız, ölәn dostlarınızın yetimlәrinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gәlsinlәr vә sizin әmәllәrinizi görüb desinlәr: tfu sizin üzünüzə"!
İndi mən özümü kefli İsgəndərin yerinə qoyub deyirəm: Ey cahil kütlə, ey avam insanlar, Mehdi gəlməyəcək! Bunu sizə kim inandırıb? İsfahan lotularımı sizi yoldan çıxarıb? Heçlikdən var yaradan yalnız Allahdır. Allahın Kitabında da bu yazılmayıb, Mehdi adlı imamın gəlib zamanın sahibi olacağına işarə belə yoxdu. Lap əgər xəyallarınız gerçəkləşsə belə əmin olun ki, Mehdi gəlib bütün bu sadaladığım və sadalamadığım əyrilikləri görüb kefli İsgəndər kimi sizi danlayıb deyəcək: tfu sizin üzünüzə!
Odur ki, gözünüzü yollardan çəkin...
Züleyxa NADİR
Tarix: 9-07-2020, 22:07