Gəlir az, hökumət məyusdur... - Maliyyə Nazirliyi gələn ilin büdcə proqnozlarını açıqladı


Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsi ilə bağlı ilkin proqnozlarını açıqlayıb. Rəqəmlərdən aydın olur ki, hökumətin gələn il üçün ölkə iqtisadiyyatı ilə bağlı nikbin gözləntiləri yoxdur. Çünki gələn ilin büdcə gəlir və xərcləri 2025-ci ilin büdcə proqnozu ilə müqayisədə, demək olar ki, artmayıb...

Gəlirlər 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə cəmi 67 milyon manat və yaxud, 0,2 faiz çoxdur. Xərclərə gəldikdə, 41 milyard 548,6 milyon manat proqnozlaşdırılır, bunu da indiki büdcə ilə müqayisə etdikdə cəmi 141 milyon manat və ya 0,3 faiz artım olacağı məlum olur.

Digər rəqəmlərə keçmədən bu proqnozları 1 il əvvəlin artım dinamikası ilə müqayisə edək:

2024-cü ildə Azərbaycanın dövlət büdcəsi belə olub:

Gəlirləri: 34 milyard 173 milyon manat,

Xərcləri: 36 milyard 763 milyon manat.

2025-ci ilin dövlət büdcəsi ilə bağlı rəsmi göstəricilər belədir: 

Gəlirlər 38 milyard 356 milyon manat, 

Xərclər isə 41 milyard 407,6 milyon manat.

2024-cü il büdcəsi ilə müqayisədə fərq:

Gəlirlərdə artım: 5,3–5,4 %

Xərclərdə artım: 4,1–4,2 %

Rəqəm ifadəsi ilə yazsaq, 4,2 milyard manat artım olub. Amma 2026-cı ildə artım gəlirlərdə cəmi 67 milyon, xərclərdə 141 milyon manatdır.

Maliyyə Nazirliyi gələn il büdcə kəsirinin də bu illə müqayisədə daha çox olacağını proqnozlaşdırıb: 3 milyard 125,6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,3 faiz). Bu, 2025-ci illə müqayisədə 74 milyon manat və ya 2,4 faiz çoxdur. Nazirlik bildirib ki, gələn il 3 milyard manat borc alaraq büdcə kəsirinin 80 faizini örtmək niyyətindədir.

Ən maraqlı məqamlardan biri 2026-cı ildə dövlət büdcəsində xam neftin bir barelinin orta illik satış qiymətinin 65 ABŞ dolları səviyyəsində götürülməsidir. Qeyd olunur ki, büdcə gəlirlərinin 42,6 faizi və ya 16 milyard 350 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22 milyard 73 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür.

Xatırladaq ki, hazırda Azərbaycan neftinin dünya bazarında bir bareli 67–68 dollara ticarət olunur, bu da 2025-ci il büdcəsində götürülən 70 dollar səviyyəsindən aşağıdır. Beynəlxalq maliyyə qurumlarının gələn il neft qiymətləri ilə bağlı proqnozları pessimistdir: 50–60 dollar səviyyəsində ticarət olunacağını gözləyirlər. Azərbaycan hökumətinin bu rəyləri o qədər də diqqətə almaması maraq doğurur. Əvvəlki – neftin dünya bazarında 100 dollar ətrafında satıldığı illərdə hökumət büdcə qiymətini daha təvazökar rəqəmlərlə proqnozlaşdırırdısa, bu dəfə riskə gedərək, iddialı proqnoza stavka edir. Görünür, büdcənin ötən illə müqayisədə az görünməsini istəməyib.

Onu da qeyd edək ki, büdcənin gəlir hissəsində Dövlət Neft Fondundan transfert də kəskin azalıb: 2025-ci illə müqayisədə 11,95 % və ya 1 milyard 731 milyon manat! Bu il Fonddan büdcəyə 14 milyard 481 milyon manat köçürüləcəksə, gələn il 12 milyard 750 milyon manat nəzərdə tutulur. Şübhəsiz ki, bu da neft hasilatının və satış qiymətinin azalmasından dolayı Fonda valyuta daxilolmalarının azalması ilə bağlıdır. Hökumət də gələn gəlirlə kifayətlənib, Fondun ehtiyatlarına əl uzatmaq istəməyib.

Bəs neftdən kənar büdcəyə gələcəyi proqnozlaşdırılan 28 milyard manat hansı sahələrdən toplanacaq?

Maliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlərdən aydın olur ki, 2026-cı ildə büdcə gəlirlərinin 9 milyard 184,8 milyon manatının və yaxud, 23,9 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,3 % çoxdur.

Eləcə də 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 429 milyon manatının sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə, demək olar, 6 faiz çoxdur.

Bundan əlavə, mənfəət vergisinin 4 faiz, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların isə 29 faiz çoxaldılması gözlənilir. Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21 milyon manat olacağı gözlənilir ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 16 % çoxdur…

Bundan başqa, 2026-cı ildə Dövlət Gömrük Komitəsinin büdcəyə 6,85 milyard manat vəsait köçürəcəyi gözlənilir. Məlumata görə, bu, 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,8 % çoxdur.

Beləliklə, gələn il sahibkarları vergi və gömrük orqanlarının artan təzyiqi gözləyir, çünki hökumətin əsas hədəfi vergi və gömrük hesabına büdcə gəlirlərini təmin etməkdir.

Xərclərə gəldikdə, müdafiə, hüquq-mühafizə, təhlükəsizlik, sosial xərcləmələr istisna olmaqla əksər sahələrdə xərclər əhəmiyyətli şəkildə azaldılıb:

Ümumi dövlət xidmətləri üzrə xərclərə 5 milyard 776,5 milyon manat (büdcədə xüsusi çəkisi 13,9 %).

Müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 714,8 milyon manat (21 %).

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3 milyard 553,6 milyon manat (8,6 %).

Təhsil xərclərinə 4 milyard 985,8 milyon manat (12 %).

Səhiyyə xərclərinə 2 milyard 52,4 milyon manat (4,9 %).

Sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 873 milyon manat (11,7 %).

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyət xərclərinə 568,6 milyon manat (1,4 %).

Mənzil və kommunal təsərrüfatı üzrə xərclərə 298,2 milyon manat (0,7 %).

Kənd təsərrüfatı üzrə xərclərə 1 milyard 92,1 milyon manat (2,6 %).

Ətraf mühitin mühafizəsi üzrə xərclərə 357,2 milyon manat (0,9 %).

İqtisadi fəaliyyət xərclərinə 7 milyard 630,7 milyon manat (18,4 %).

Əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərə 1 milyard 645,7 milyon manat (4 %).

Gələn ilin büdcə proqnozlarını şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, rəsmi sənədlərə baxanda ilkin olaraq ölkədə iqtisadi mənzərənin, hətta hökumətin özünün belə gözləntilərinin, yumşaq desək, yaxşı olmadığını görmək mümkündür: “2026–29-cu illər üzrə ÜDM artımı proqnozu belədir: 2026-cı ildə ÜDM-in artımı 2,9 %, 2027-ci ildə 3,3 %, 2028-ci ildə 3,1 %, 2029-cu ildə 4,8 % proqnozlaşdırılır. Əvvəl onu deyim ki, hökumət 2025-ci ildə ÜDM artımını 3 % proqnozlaşdırırdı, ilin 8 ayı geridə qalıb, ÜDM artımı cəmi 0,9 % olub – yəni, Maliyyə Nazirliyinin bu proqnozları reallıqdan daha çox, arzulara-istəklərə əsaslanır”.

N.Cəfərli deyib ki, gəlirlərin 67, xərclərin 141 milyon manat – cüzi artması ölkəmiz qarşısında duran çağırışlara, problemlərin həllinə cavab vermir. İqtisadçı Maliyyə Nazirliyinin yaxın 4 il üçün büdcə parametrlərində neftin orta qiymətini 65 dollar götürməsini də tənqid edib: “Çox optimist hökumətimiz var – geosiyasi gərginliklər azalsa, sırf makroiqtisadi vəziyyətə ABŞ və OPEK+ ölkələrində hasilatın artım dinamikasına görə, yaxın illərdə neft qiymətlərinin, ortalama, 60 dollardan aşağı olması ehtimalı çox yüksəkdir. Hökumət daha yüksək qiymət ortalaması ilə hesablamalar aparır, səbəbi sadədir – neftin proqnoz qiymətlərinin hər 5 dollar aşağı götürüləndə, büdcənin gəlir hissəsində ciddi azalmalar olur, zatən büdcə gəlirləri, demək olar, artmır. 2026-cı ildə orta qiyməti 60 dollar götürsələr, büdcə gəlirləri 2025-ci ilə nisbətən azalacaq, xərclər isə az da olsa, artmalıdır. Deməli, iki yol qalacaq – ya Neft Fondundan daha çox vəsait götürülməlidir, ya da büdcə kəsiri kəskin artmalıdır. Ona görə də, hökumət arzuladığı, görmək istədiyi qiyməti proqnoz parametrlərinə daxil edir”.

N.Cəfərli vurğulayıb ki, 2026-cı ilin ilkin büdcə göstəriciləri iqtisadiyyatda ciddi problemlər olduğunu və onların dərinləşdiyini göstərir. “Bu, hökumətin öz rəqəmləri, öz gözləntiləridir, hətta ən optimist yanaşma ilə hesablayıblar, yenə də problemləri gizlətmək mümkün olmayıb”, – deyə o qeyd edib.

Qeyd edək ki, gələn il büdcədən daha az vəsait alacaq sahələrdən biri kənd təsərrüfatıdır. Belə ki, 2026-cı ildə kənd təsərrüfatı xərclərinin 1 milyard 92,1 milyon manat olması nəzərdə tutulur, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3 % azdır.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, aqrar sektora böyük subsidiyalar ayrılsa da, özünü doğrultmur, məhsul istehsalı aşağı düşür: “İnzibati xərclər yüksəkdir. Məsələn, 1200-dən çox adam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində çalışır və bunların əmək məhsuldarlığı aşağıdır. Yəni verdikləri bir töhfə yoxdur”.

Ekspert daha sonra əlavə edib: “Hansı sahədə azalmaların olacağı tam dəqiqləşməsə də, hesab edirəm ki, ilk növbədə inzibati xərclər azalacaq, digər tərəfdən isə subsidiyaların da azaldılması gözlənilir”.


Press Klub

Tarix: 17-09-2025, 16:22
Xəbəri paylaş



Xəbər lenti