“Devalvasiya təhlükəsi qalır” - Üzən məzənnəyə keçməliyik!





Son günlər Azərbaycanda dolların bahalaşmasına dair iddialar dolaşır. Uzun müddətdir, ölkəmizdə manat sabit qalır. Təbii ki, bu, iqtisadi sabitliyi pozmamaq üçün dövlətin yürütdüyü iqtisadi siyasətlə əlaqəlidir. 2015-2016-cı il illərin təcrübəsi göstərir ki, məzənnəni saxlamaq siyasəti özünü doğrultmur. Bu xərc geri dönən deyil və dövlət xəzinəsinin boşalmasına gətirib-çıxara bilər. İndiki məqamda isə ölkəmizdə dolların bahalaşacağına dair söz-söhbətlər gündəlik müzakirə mövzusudur. Maraqlıdır, Azərbaycanda dollar hansı həddə qədər bahalaşa bilər?




İqtisadçı-ekspert Ruslan Atakişiyev “Sherg.az”a bildirib ki, bu gün milli valyutamızın dollara qarşı məzənnəsi tənzimlənən kursdur. Onun sözlərinə görə, Azərbaycan manatının dollar qarşısında həqiqi dəyərinin nə qədər olduğunu bilmirik:

“Bunu bilmək üçün üzən məzənnəyə keçməliyik. Bu gün yenə də devalvasiya təhlükəsi qalmaqdadır. Təbii ki, beynəlxalq geoiqtisadi proseslərdən asılı olaraq təzyiq gah artır, gah da azalırdı. 2015-ci ildə 2 devalvasiya olandan sonra belə qəbul olundu ki, Azərbaycanın milli valyutası üzən valyutaya keçsin. Lakin 2016-cı ilin əvvəlində baş verən sosial-iqtisadi proseslər manatın üzən yox, tənzimləmnən məzənnəyə keçməsinə şərait yaratdı.

2020-ci ilin martından gördük ki, Azərbaycan manatına devalvasiya təhlükəsi yaransa da, dövlət, xüsusən Mərkəzi Bankın valyuta ehtiyatlarının satışa çıxarılması nəticəsində əhali həmin valyutaları aldı. Bununla da devalvasiya baş vermədi və mövcud olan formalaşmış məzənnə qaldı”.

İqtisadçının sözlərinə görə, Azərbaycanın iqtisadi inkişaf konsepsiyasına baxanda görürük ki, dövlət mövcud olan məzənnəni stabil saxlamaq marağındadır:

“Çünki dəyişən məzənnə sahibkarlıq və investisiya mühitinə təsir göstərir, sahibkarların riskini artırır. Ona görə də dövlət sahibkarlığın inkişafı üçün həm investorlar, həm də iş adamlarında etimadlı mühit formalaşdırmağa çalışır.

Etimadlı mühitin də əsas amillərindən biri milli valyutanın stabil məzənnəsinin qorunub saxlanmasıdır. Ona görə də iqtisadi baxımdan təhlükələr olsa da, dövlət məzənnənin tənzimlənmə siyasəti nəticəsində dolların bahalaşmasına getməyəcək”.
Tarix: 8-09-2020, 21:32
Xəbəri paylaş



Xəbər lenti