“Dövlət tərəfindən çəkilən yollar pulsuz olmalıdır” Bir çox ölkələrdə pullu yollar var və bir neçə il əvvəl Azərbaycanda da bu cür yolların tikilməsinin mümkünlüyü müzakirə edildi. Ölkədəki ilk pullu magistral yol Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolu olacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Tikinti işlərinin 2021-ci ilin birinci yarısında tamamlanması planlaşdırılır.
Bakı-Quba-Rusiya dövlət sərhədi (M-1) yolunun 45-ci kilometrliyindən, Yaşma Bağları qəsəbəsindən başlayaraq 150 km uzunluğunda yeni yol 1b texniki kateqoriyasına uyğun olaraq inşa edilir. Hər kilometrə görə ödəniş yük maşınları və minik avtomobilləri üçün fərqli olacaq. Bu məsələ müvafiq strukturlarla müzakirə olunur. Avtomobil yolunda sürət 120 km/saat olacaq.
“Sürücülərin maarifləndirilməsinə yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov AYNA-ya deyib ki, pullu yolların əleyhinədir: “Sosial yönümlü bir dövlətdə bütün yollar yaxşı keyfiyyətli və pulsuz olmalıdır. İndi isə belə çıxacaq ki, varlılar üçün - yaxşı yollar, yoxsullar üçün – keyfiyyətsiz yollar olacaq”.
“Yolların tikintisi və təmiri böyük investisiyalar tələb edir, lakin bu məqsədlərə sərf olunan müəyyən miqdar aldığımız benzinin maya dəyərinə daxildir. Əvvəllər yol vergisi nəqliyyat vasitəsinin müayinədən keçməsi vaxtı alınırdı. Hökumət büdcəni yolların tikilməsi və saxlanılması xərclərini ödəyəcək şəkildə planlaya bilər. Ancaq bizdə sadələşdirilmiş bir yolla getməyə qərar verdilər”, - ekspert bildirib.
Müsahibimiz hesab edir ki, pullu yolun pulsuz alternativi olmalıdır. Ancaq, ümumilikdə pullu yolların çəkilməsinə nəyin səbəb olduğu aydın deyil. Niyə əvvəlcə daha yüksək keyfiyyətli, sonra daha keyfiyyətli, amma ödənişli bir yol çəkilməlidir? Məmmədov vurğulayıb ki, yüksək keyfiyyətli yollar vətəndaşların təhlükəsizliyinin təminidir və dövlət bunu düşünməlidir. Riayət edilməli olan yol tikintisi qaydaları var.
İqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya açıqlamasında, dünyanın əksər ölkələrində pullu yolların tikintisi ilə dövlətin yox, biznes strukturlarının məşğul olduğunu deyib: “Dövlət yalnız sənədləşmə kimi bəzi vacib məsələlərin həllində kömək edir. Dövlət vergi güzəştləri, bank sistemi vasitəsilə borc vermə şəklində də dəstək verə bilər. Biznes şirkətləri ödəmə metodları mövzusunda yerli hakimiyyət orqanları ilə əlaqəli işləyə bilər”.
“Ölkəmizdə pullu yollar dövlət tərəfindən tikilir və bu, nonsensdir. Biz onsuz da yol xərclərini vergi ödənişlərimiz vasitəsi ilə ödəyirik, indi əlavə olaraq, yolu gedərkən də ödəyəcəyik. Nəticədə vətəndaşlar yol üçün iki dəfə ödəniş etmiş olurlar. Belə yanaşma ilə pullu yollar salınmasının məntiqi itir. Azərbaycanda pullu yolların çəkilməsinin heç bir mənası yoxdur. Pullu yollar ancaq bir neçə ölkəni birləşdirən magistrallarda reallaşdırıla bilər. Ancaq indi çətin ki, bütün məsələlər bu ölkələrlə razılaşdırıla bilsin. Bu cür layihələr təhlükəsizlik və narkotik ticarəti məsələlərinə də toxunacaq”, - iqtisadçı qeyd edib.
Cəfərlinin dediyinə görə, Avropa İttifaqına üzv dövlətlər arasında sərhədlərin açıq olması səbəbi ilə ödənişli yolların tikintisi sərfəlidir: “Azərbaycan daxilində bu cür layihələr ticari cəhətdən cəlbedici görünmür. Əslində, indi yaxşı pulsuz yollarımız var. Və pulsuz bir magistral yolla son məkana çatmaq, deyək ki, 5 saat, pullu bir yolda isə yarım saat daha az sürərsə, ödənişli seçimə üstünlük vermək heç kim üçün prinsipial olmayacaq”.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə pullu yolların dövlət tərəfindən çəkmiləsini normal sayır. O, AYNA-ya deyib ki, bu sahəyə sahibkarların investisiya qoyma ehtimalı azdır: “Çünki böyük məbləğlər lazımdır. Xüsusi investorlar tez bir zamanda qazanc əldə edə biləcəyiniz sahələrə investisiya qoymağa meyllidirlər, ancaq pullu yollarda elə də tez pul qazana bilməzsiniz. Dövlət isə mənfəət almaq üçün gözləyə bilər”.
Tarix: 3-09-2020, 20:09