“Şirkət bununla həm vergidən yayınır, həm də istehlakçıların hüquqlarını pozur” Redaksiyamıza bir sıra sürücülərdən daxil olan şikayətə əsasən, “SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrində avtomobillərə yanacaq vurularkən, onlara kassa çekləri verilmir. AYNA əməkdaşı məsələni dəqiqləşdirmək üçün bir neçə “SOCAR Petroleum” məntəqəsinə yaxınlaşıb. Beləliklə:
Dərnəgül şossesində, Heydər Əliyev prospektində, Zabratda, Hava Limanına gedən yolda olan filiallarda eyni halı müşahidə etdim. Heç birində işçilər kassa çeki vermədilər. Özüm çeki tələb edəndə “çeki istəyirsinizsə, gözləyin, gətirirəm” cavabını aldım. Və həmin işçi gedib 5-6 dəqiqəyə geri dönmür, arxada növbə gözləyən sürücülər isə deyinirdilər.
Filiallardan birində kassa çekinin verilməmə səbəbini belə əsaslandırdılar: “Xanım, kassa aparatını küçəyə qoyanda nəm çəkir və tez-tez xarab olur. Ona görə də məcburuq, kassa aparatını içəri qoyaq. Hansı müştəri çek istəyirsə, ona çeki veririk. Siz də istəyirsinizsə, gedib gətirim”.
Məsələ ilə bağlı “SOCAR Petroleum”un mətbuat xidməti ilə əlaqə saxladım. Mənə məsələni dəqiqləşdirib rəsmi açıqlama veriləcəyini bildirdilər. Lakin 10 günə yaxındır ki, heç bir rəsmi açıqlama verilmədi.
Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, qeyd edilən hal həm dövlət qarşısında, həm də istehlakçılar qarşısında qanun pozuntusudur: “Vergi Məcəlləsinə görə, pərakəndə və ya topdan satış həyata keçirən qurumlar mütləq nəzarət kassa aparatını istifadə etməlidir. Kassa aparatından istifadə etməmək qanun pozuntusu sayılır. Vergi Məcəlləsinin 58.7-ci maddəsində bunun üçün cərimə nəzərdə tutulur. Əgər bir təqvim ili ərzində belə hal birinci dəfə baş verərsə, 1000 manat məbləğində cərimə yazılır. Yox əgər təqvim ili ərzində bu hal ikinci dəfə təkrarlanarsa, o zaman 3000 manat, yox əgər təqvim ili ərzində qayda pozuntusu 4 dəfədən artıq olarsa, 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.
“Bu məsələdə istehlakçıların da hüquqları pozulur. İstehlakçıların hüquqlarının qorunması barəsində qanun var. Bu qanunda da deyilir ki, istehsalçı istehlakçıya mal satan zaman kassa çeki verməyə borcludur. Bunlar qanunla tənzimlənir. Əgər SOCAR kassa çeki vermirsə, deməli həm vergidən yayınır, həm də istehlakçının hüquqlarını pozur. Çünki kassa çekinə vurulan məlumatlar avtomatik olaraq uçota alınır və dövriyyəni rəsmiləşdirir”, - ekspert deyib.
“Təəssüflər olsun ki, kassa çeki ilə yanaşı, bəzi istehsalçılar həm də POS-terminala qarşı da eyni cür mövqedə olurlar. Gah POS-terminal işləmir, gah internet yoxdur bəhanələrini gətirirlər ki, vergidən yayınsınlar. Düşünürəm ki, bu cür halların qarşısının alınması üçün nəzarət gücləndirilməlidir”, - S.Əliyev bildirib.
Hüquqşünas Elyar Həsənovun da sözlərinə görə, Vergi Məcəlləsi birmənalı olaraq tələb edir ki, məhsul satan müəssisə istehlakçıya kassa çekini təqdim etməlidir: “Çeki vurmamağa görə cərimə tətbiq edilə bilər. Dedikləri kassa çekinin nəm çəkməsi və s. bəhanələrdir. Bu bəhanələr onların qanundan yayınması üçün ola bilər. İstənilən halda bu, qanun pozuntusudur”.
Müəllif:
Təranə Xudabaxşiyeva
Tarix: 2-09-2020, 14:12