Azərbaycanda əcnəbi vətəndaşlarının (qeyri-rezident) banklardakı depozitləri azalıb.Belə ki, avqust ayının əvvəli qeyri-rezidentlərin Azərbaycan banklarındakı depozitlərinin həcmi 314.5 milyon manat ekvivalentində olub. Bunun 104.4 mln. manatı milli valyutada, 210.1 mln. manat ekvivalentində isə xarici valyutada yerləşdirilmiş depzoitlər olub.
Qeyd olunub ki, xarici valyutalar üzrə qeyri-rezidentlərin depozitlərinin azalması 2015-ci ilin dekabrından sonra davam edir. 2015-ci ilin dekabrında ölkədə əcnəbilərin banklara etibar edib yatırdıqları depozitlərin həcmi 1 milyard 233.1 milyon manat ekvivalentində olub ki, bunun da yalnız 33.9 mln. manatı milli valyutada idi.
Yəni, xarici valyutada qeyri-rezidentlərin depozit məqsədli yatırımlarının həcmi 1 milyard 199.1 milyon manat idi. Bu isə ikinci devalvasiyadan bu tərəfə qeyri-rezidentlərin xarici valyutada əmanətlərinin 5.7 dəfə azalması deməkdir. Təkcə ilin əvvəli ilə müqayisədə 102.02 mln. manat (23% azalma) ekvivalentində xarici valyutada olan əmanətlər geri çəkilib.
İqtisadçı-hüquqşünas Əkrəm Həsənov
Cebhe.info-ya bildirib ki, əcnəbilərin əmanətlərini geri çəkməsinə əsas səbəb banklarımıza etimadın olmamasıdır:
“Prinsipcə, əcnəbilər banklarımıza etibar etmirlər. Hətta mən bir sirrin üstünü açım. 2016-cı ildən tətbiq olunan, bu ilin mart ayında müddəti bitən və sonradan dekabr ayına qədər uzadılan əmanətlərin sığortalanması sistemi əslində əcnəbilər üçün həyata keçirilib. Çünki yerli vətəndaşlarımız onsuz da ehtiyat pullarının bir hissəsini banklara qoyur. Bu gün vətəndaşların banklardakı əmanəti evdəki yığımının bir hissəsini təşkil edir. Sadəcə, hamısını evdə saxlamağa qorxur. Əcnəbinin isə seçim imkanı var. O məcbur deyil ki, pulunu Azərbaycandakı banka qoysun. Sadəcə olaraq, vaxtilə Azərbaycanda əmanətlər üzrə faiz dərəcəsi çox yüksək idi. 12 faizdən xarici valyuta sığortalanırdı. Devalvasiyadan sonra isə əmanətlərin tam sığortalanması sisteminə keçildi. Hansı ki, bu gün dünyanın heç bir ölkəsində əmanətlərin tam sığortalanması sistemi yoxdur. Ona görə də xarici vətəndaşlar 3 faiz də olsa, əmanətlərini banklara qoyurdu. Son 2 ildə xaricilər tərəfindən əmanətin axını daha da güclənib. Birincisi, banklar indi heç xarici valyutada 3 faizdən belə əmanət qəbul etmir, 1 faizlə qəbul edir. Bu faizlə isə elə xaricilərin öz bankları da qəbul edir. Niyə əmanətini bizim banka qoysun ki? Digər tərəfdən isə təhlükələr var. Əmanətlərin sığortalanması sistemi əslində təkmil işləmir. Özümüz də gördük ki, bu il 4 bank bağlandı. Əmanətlərin Sığortalanması Fondu min bir bəhanə axtardı ki, camaatın əmanətini verməsin. Bundan əlavə, ötən il və bu il yerli, eləcə də əcnəbi əmanətçilər başqa bir şeyin şahidi oldu. Bizdə əmanətlərin sığortalanması sistemi ona görə qeyri-təkmildir ki, bankları vaxtında bağlamırlar. Bir neçə xarici vətəndaşın “Ata Bank”da bir neçə milyon dollar əmanəti var idi. Nə əcnəbinin pulunu qaytarır, nə də bankı bağlayırdılar ki, o, gedib əmanətlərin sığortalanması sistemindən pulunu tələb etsin. Üstəlik əmanətlərin sığortalanması sisteminin mart ayında qanunla qüvvədən düşmək ehtimalı var idi. Buna görə əcnəbilər qorxdu və bu gün də qorxmaqda davam edirlər ki, Azərbaycanın bank sistemində qeyri-müəyyənlik çoxdur”.İqtisadçının proqnozuna görə, bu ilin sonuna qədər əcnəbilər banklarımızdan əmanətlərini geri çəkəcəklər:
“Yəni əmanətlərin sığortalanması sisteminin müddətini də məhz buna görə dekabr ayına qədər uzatdılar ki, bəlkə əcnəbilər əmanətlərini geri çəkməsinlər. Amma bu baş vermədi. Onu da deyim ki, həm yerli, həm də xarici vətəndaşların əmanətlərini banklardan geri çəkməsi bank sistemi üçün ciddi problem yaradacaq. Digər tərəfdən, bu gün bankların problemli kreditləri çox, pulları azdır. Bütün bunlar banklarımız üçün ciddi problemdir. Bu vəziyyətdə əslində Mərkəzi Bank banklarımıza kömək etməlidir”.
Tarix: 31-08-2020, 22:29