Pandemiya bütün dünyada elektron xidmətlərdən, onlayn menecmentdən, eləcə də avtomatlaşdırmadan daha geniş istifadəni gündəmə gətirdi
Mart ayının əvvəlindən etibarən dünyanın əksər ölkələrində koronavirus pandemiyası səbəbindən karantin elan olunması bir çox iqtisadi proseslərin gedişatını dəyişdi, biznes dayanma nöqtəsinə gəldi. Belə olan halda, rəqəmsal iqtisadiyyata keçid, informasiya-kommunikasiya texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi ilə bağlı yeni çağırışlar meydana çıxdı. İnkişaf etmiş ölkələr onlayn ticarət, onlayn bankçılıq, nağdsız ödənişlər və sair məsələlərdə texnoloji inkişaf mərhələsini keçsə də, inkişaf etməkdə olan ölkələrdən biri kimi Azərbaycanda bu proses hələ tam formalaşmayıb.Ümumilikdə iqtisadiyyatda qeyd olunan sahələrlə bağlı anlayış və ilkin alt yapı mövcud olsa da, oturuşmuş vərdişlər, mükəmməl infrastruktur yoxdur. Lakin pandemiya onlayn ticarətin, distant təhsilin, nağdsız ödənişlərin nə dərəcədə əhəmiyyətli olduğunu, iqtisadi proseslərin dayanmamasını şərtləndirdiyini sübut etdi.
Pandemiya bütün dünyada elektron xidmətlərdən, onlayn menecmentdən, eləcə də avtomatlaşdırmadan daha geniş istifadəni gündəmə gətirdi və dördüncü sənaye inqilabının müasir çağırışlara uyğun olaraq inkişafını aktuallaşdırdı.
Mövzunu “Yeni Müsavat” üçün şərh edən Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov da vurğuladı ki, Azərbaycan da son illər onlayn xidmətləri inkişaf etdirən ölkələrdən biridir: “Ancaq ənənəvi ticarət və onlayn olmayan ənənəvi xidmət sahələri ölkəmizdə daha çox inkişaf edib. Pandemiya onlayn xidmətə, onlayn sifarişlərə tələbi artırdı. Onlayn biznes və onlayn idarəetmə gündəmə gəldi. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, postpandemiya dövründə Azərbaycan sahibkarları artıq yeni vərdişləri, onlayn menecmenti tətbiq etməlidirlər. Biznesin bu prosesə hazır olması çox vacibdir. Pandemiyadan dünya iqtisadiyyatı zərər görsə də, onlayn xidmətləri həyata keçirən şirkətlər gəlir əldə etdilər, onlar üçün yeni imkanlar yarandı”.
İqtisadçının fikrincə, biznes üçün onlayn menecmentin formalaşması istiqamətində də dövlət dəstəyi gücləndirilməlidir: “Bu istiqamətdə daha çox subsidiyaların verilməsinə ehtiyac var. İqtisadiyyat Nazirliyi tərəfindən güzəştli kredit mexanizmi hazırlanır, texnoloji avadanlıqların alınması üçün kreditlər veriləcək. Bu çox təqdirəlayiqdir və bütövlükdə texnoloji infrastrukturun inkişafına müsbət təsir göstərəcək. Pandemiyanın təsirlərini minimallaşdırmaqla bağlı imzalanan iqtisadi paket onlayn menecmentin inkişafına təsir göstərəcək. Hökumət postpandemiya dövründə həm də innovativ iqtisadiyyatın, texnologiyanın inkişafına hazırlaşır”.
Pandemiya dövründə Azərbaycan iqtisadiyyatında meydana gələn çağırışlardan biri də onlayn alış-veriş imkanlarınln artırılması və bu sahəyə tələbatın artması oldu.
2015-ci ildən etibarən Azərbaycanda onlayn ticarətin inkişafına xüsusi diqqət ayrıldı, hər il öncəki illə müqayisədə onlayn ticarətin həcmində artımlar müşahidə olunur, ancaq hələ hədəflədiyimiz səviyyədə deyil. Bunun səbəbi onlayn ticarətə yalnız şirkətlər tərəfindən deyil, həm də vətəndaşlar tərəfindən marağın az olmasıdır.
V.Bayramov onu da qeyd etdi ki, bu gün onlayn xidmətlərin həyata keçirilməsi üçün infrastrukturun formalaşdırılması prosesi gedir: “Plastik kartlardan istifadə genişlənir, supermarketlərdə, xidmət və ictimai-iaşə müəssisələrində bunun üçün infrastruktur var. Ancaq etiraf etmək lazımdır ki, vətəndaşların əksəriyyəti nağd ödənişlərdən istifadə edirlər. 2018-ci ildən başlayaraq, iri supermarketlərdə onlayn alış-veriş proqramlarının tətbiqinə başlanıldı. Belə ki, vətəndaş evdə oturaraq onlayn mağazaya daxil olub sifariş verir, plastik kartla ödəniş edə bilərdi. Amma həmin xidmətlərə istehlakçı tələbi yüksək olmadığından, biznes də prosesdə maraqlı olmadı”.
Qeyd edim ki, Azərbaycanda onlayn alış-veriş daha çox qeyri-ərzaq məhsullarının sifarişi üzərində inkişaf edib. Supermarketlərdə ərzaq məhsulları və meyvə-tərəvəzin onlayn alış-verişinə tələbin az olması həmin sistemin inkişafına mane olan səbəblərdən biri oldu. Tələb yüksək olmalı idi ki, biznes bu sahəni inkişaf etdirməkdə, investisiya qoymaqda maraqlı olsun. Pandemiya isə yeni çağırışlar meydana qoydu, biznes üçün də bu sahəyə daha çox sərmayə qoymağı zəruri etdi. Proqnozlar belədir ki, koronavirus təhlükəsi davam edən aylarda və xüsusilə postpandemiya dövründə biznes bu sahəyə daha çox investisiya yönəldəcək.
Pandemiya dövründə çağırışlardan biri- onlayn bankçılıq və nağdsız ödənişlərə bağlı idi. Pandemiyanın ölkəmizdə sürətlə yayılmasında bankların, bankomatların qarşısındakı nizamsız növbələrin də rolu az olmadı. İnsanların kütləvi şəkildə bankların qarşısında toplaşması, əksəriyyətinin sosial məsafəyə əməl etməməsi, maska taxmaması virusun yayılmasına şərait yaratdı.
Halbuki bu gün sistem əhəmiyyətli bütün banklarda onlayn bankçılıq var. Yenə də əsas məsələ onlayn bankçılıqdan istifadənin aşağı olmasıdır. Mobil bankçılıq inkişaf edib. Vətəndaşlar bankların mobil versiyasından istifadə edərək, öz hesablarından ödənişlər etmək imkanlarına malikdirlər. Kreditlərin ödənişi üçün birbaşa banka gəlməyə ehtiyac yoxdur. Ancaq əhali tərəfindən bu onlayn xidmətlərdən kütləvi şəkildə istifadə olunmur. Pandemiya dövründə bankomatların qarşısında, xüsusən də pensiya və təqaüdlər, sosial müavinətlər ödənilən zaman insanların kütləvi toplaşması yoluxma baxımından arzuolunan deyildi. Halbuki həmin plastik kartlarla yaxınlıqdakı marketdə alış-veriş etmək də mümkündür. İnsanlar plastik kartlardakı vəsaitdən kommunal xidmətlərin ödənilməsi, kreditlər borclarının onlayn qaydada köçürülməsi, market və bu kimi ictimai iaşə obyektlərində ödənişlər üçün istifadə edə bilərlər. Lakin Azərbaycan şəraitində bir çox yerlərdə nağdsız ödəniş imkanı olmadığından mütləq paralel olaraq nağd vəsait də saxlanılmalıdır.
Parlament üzvü həm də qeyd etdi ki, vətəndaşlarımızın əksəriyyəti hələ də vəsaiti nağd şəkildə saxlamağa çalışır: “Uzun müddətdir maarifləndirmə işləri aparılsa da, əksər MDB ölkələrində olduğu kimi nağd vəsaitə üstünlük verilir. MDB ölkələrinin təcrübəsi də göstərir ki, uzun zaman tələb edən bu prosesdə maarifləndirmənin genişləndirilməsinə ehtiyac var. Nağdsız ödənişlərə keçidin yalnız inzibati yolla deyil, təşviqedici mexanizmlərlə tənzimlənməsi vacibdir. Azərbaycanda təşviqedici metodlar var. Avropada tətbiq olunan bu cür müasir metodların Azərbaycanda tətbiqi mərhələli şəkildə ölkəmizdə də nağdsız ödənişlərin artmasına gətirib çıxaracaq. Digər məsələ, nağdsız hesablaşmalar, onlayn ödəmələr üçün təkcə paytaxtda deyil, bütün regionlarda və bütün sahələrdə infrastrukturun genişləndirilməsi vacibdir. Vətəndaş əmin olmalıdır ki, rayonlara gedərkən nağd vəsaiti olmasa, plastik kartdan bütün sahələrdə istifadə edə biləcək”.
İqtisadiyyatda rəqəmsallaşma prosesi həm də iş yerlərinin strukturunu dəyişir, kadr islahatlarını zəruri edir. Daha az işçi qüvvəsi tələb olunsa da, yüksək ixtisaslı mütəxəssislərə tələbat yaranır. Bu isə təhsil və rəqəmsal iqtisadiyyatın birgə fəaliyyətini tələb edir.
Rəqəmsal iqtisadiyyat həm də təkrarlanan əməliyyatları yerinə yetirən peşələrə tələbin azalmasını, texnologiyaların sürətlə dəyişməsilə əlaqədar peşələrin həyat tsiklinin qısalmasını, mütəxəssisin çevikliyinin və adaptivliyinin artmasını şərtləndirir. Eləcə də, yumşaq vərdişlərə, yəni sosial və emosional intellektə malik olmağı, son nəticədə insanı texnikadan fərqləndirən bacarıqlara və “rəqəmsal çevikliyə”, yəni nəticəni yaxşılaşdırmaq məqsədilə yeni texnologiyaları tətbiq etmək bacarığı və istəyi olan mütəxəssislərə tələbi artırır.
Rəqəmsal iqtisadiyyatın təsirinə dair iki rəqəm onun biznesi nə dərəcədə inkişaf etdirdiyini göstərir. McKinsey hesablamalarına görə, iş yerlərinin avtomatlaşması hesabına dünya ÜDM-i 2030-cu ilə qədər 9 trilyon dollar arta bilər. 2030-cu ilə qədər dünya işçi qüvvəsinin təqribən 14 faizi öz peşəsini dəyişmək məcburiyyətində qalacaq. Bütün bunlar ali təhsil sistemini də ciddi çağırışlarla üz-üzə qoyur.Qeyd edək ki, onlayn alış-verişə, nağdsız hesablaşmalara marağın az olmasının səbəbi bir tərəfdən əhalinin məlumatlı olmamasıdırsa, digər tərəfdən bu sahəyə olan inamsızlıqdır. Vətəndaşlar sanki bu zaman vəsaitlərini təhlükədə hiss edirlər. Lakin nağdsız vəsait təhlükəsizlik baxımından daha üstündür. İnkişaf etmiş ölkələrdə bu sistem öncədən mövcud olduğu üçün iqtisadi proseslər davamlılığını qorudu, bir çox sahələrdə iş prosesi onlayn olaraq davam etdi. Bu həm real sektorun pandemiya dövründə sıradan çıxmasının qarşısını aldı, həm də dövlətin vergi gəlirlərinin azalması kəskin hal almadı. Azərbaycanda isə onlayn xidmətlərinin zəif olması və ya heç olmaması bir çox sektorları iflic etdi. Onlayn alış-veriş olmadığından insanlar marketlərdə axın etdi ki, bu da koronavirusun sürətlə yayılması ilə nəticələndi. Bütün bunlar bir daha sahibkarların qarşısında yeni çağırışlar qoyur. Tələbatın artması isə əlavə stimul yaradır. Onu da qeyd edək ki, rəqəmsal sistemin tətbiqi kifayət qədər maliyyə tələb edən işdir və bu mənada dövlətin də dəstəyinə, güzəştli şərtlər tətbiq etməsinə ehtiyac var. Təbii ki, prosesin digər tərəfində sadə insanlar var, onların bu sistemə adaptasiyasında da dövlətin üzərinə böyük yük düşür. Son nəticədə, əlbəttə ki, biznes və vətəndaşla yanaşı, ən böyük fayda dövlətindir. Çünki bir tərəfdən iqtisadiyyat liberallaşır, kölgə iqtisadiyyatı gün işığına çıxır, biznesin dövriyyəsi şəffaflaşır, son nəticədə dövlətin real sektordan gəlirləri artır. Bu mənada postpandemiya dövründə iqtisadiyyatın bərpası üçün dövlətin həyata keçirdiyi tədbirlərin bir istiqaməti də rəqəmsal iqtisadiyyatın formalaşması olacaq./
“Yeni Müsavat”/
Tarix: 12-08-2020, 07:52