İqtisadiyyat liberallaşır: Yeni modelə keçidin anonsu verildi


İqtisadiyyat liberallaşır: Yeni modelə keçidin anonsu verildi

Azərbaycanda bir sıra xidmət sahələri dövlət şirkətlərinə məxsus olsa da, onların fəaliyyətinin qeyri - şəffaf olması, hesabatlılığın mövcud olmaması mütəmadi olaraq gündəmə gəlir.
Bu baxımdan da dövlət büdcəsindən mənimsəmələrin qarşısının alınması üçün həmin şirkətlərin özəlləşdirilməsi məqsədəuyğun hesab edilir.Amma bunun bahalaşmaya gətirib çıxarıb-çıxarmayacağı da sual doğuran məqamlardandır.Baş alıb gedən və ölkə rəhbərliyi tərəfindən də dilə gətirilən neqativ hallardan da ortaya çıxan məqam odur ki, iqtisadiyyatın liberallaşdırılmasına alternativ yol yoxdur.
“Azərbaycanda iqtisadiyyatın liberallaşdırılmasına getməliyik” deyən Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib ki, son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür:
“Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq.Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır.Layihələrin bəziləri icra edilir, bəziləri isə yox.Biz özümüz maraqlı olmalıyıq.Biz xarici və yerli investorlara biznes-plan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir.Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar.Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq.Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik.Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər.Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır.Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin.Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq”.
Dövlət başçısı deyib ki, dövlət-özəl sektor tərəfdaşlığı daha konkret layihələr əsasında özünü göstərməlidir:
“Deyə bilərəm ki, bu, hələ bir çox hallarda niyyət olaraq qalır. Bizdə bir neçə layihədə dövlət və özəl şirkətlər fəaliyyət göstərirlər, sərmayə qoyublar.Amma bu layihələrin sayı çox azdır.Ona görə burada mütləq yeni yanaşma olmalıdır.Bəlkə də hansısa yeni sahələrdə, hətta infrastruktur layihələrində özəl sektor fəaliyyət göstərə bilər.Bu da mümkündür.Təkcə sənaye müəssisələrinin yaradılmasında yox, infrastruktur layihələrində.Onları, sadəcə olaraq, stimullaşdırmaq lazımdır. Eyni zamanda, biz xarici tərəfdaşları da bu işlərə cəlb etməliyik”
Beləliklə, iqtisadiyyatın liberallaşdırılması üçün ilkin olaraq hansı addımlar atılmalı, islahatlar aparılmalıdır?
“Dövlət şirkətləri özəlləşdirilməlidir”
İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda dövlət şirkətlərinin özəlləşdirilməsi mütləqdir:
“On illərdir ki, mən müxtəlif mətbu orqanlardan gövlətə çağırış edirəm ki, bu şirkətlər birmənalı olaraq özəlləşdirilməlidir. Əvvəla ona görə ki, bu şirkətlər korrupsiya və dövlət büdcəsini talamaqla məşğuldur, ilk olaraq bunun qarşısı alınar.İkinci tərəfdən isə yəqin ki, həmin şirkətlər özəlləşdirilərkən bir yox, bir neçə şirkətə satılacaq.“SOCAR”-ın, “Azərsu”-nun,“Azəriqaz”-ın bir yox, bir neçə şirkətə satılması nəticədə rəqabət mühiti formalaşdıracaq, bu isə xidmətin yüksəlməsinə səbəb olur. Dövlət şirkətlərinin indiyədək özəlləşdirilməməsi onunla izah olunurdu ki, dövlət vətəndaşa güzəşt edir, amma kommersiya şirkətləri məhsul və xidmətləri bazar qiymətinə satacaq.Bu da sosial narazılığa gətirib çıxaracaq - mən bu məqamla razıyam.Amma bunu başqa variantda da həyata keçirmək mümkündür.İndiki məqamda mən bir vətəndaş olaraq, dövlətin mənə qaz, su işıqda nə qədər güzəşt etdiyini hiss eləmirəm, amma kommersiya şirkətləri həmin məhsulları bazar qiymətinə satdığı və hökumət vətəndaşa kömək etmək niyyətində olduğu təqdirdə hər ay qaza, suya görə məbləğdə müəyyən kompensasiya verə bilər. Bu zaman vətəndaş da dəqiq biləcək ki, dövlət onu himayə edir”.
İqtisadçı deyir ki, liberallaşdırma dövlət büdcəsinin yükünün azalmasına, gəlir mənbələrinin yaranmasına gətirib çıxarır:
“Məsələn, “SOCAR” o qədər neft, qaz satır, amma biz onun büdcədən aldıqlarını qarşılaşdıranda müşahidə edirik ki, şirkət büdcəyə ödədiyindən çox, büdcədən vəsait alır. Kommersiya şirkətində isə bu halın baş verməsi mümkün deyil.Kommersiya şirkətinə nəyə görə dövlət büdcəsindən vəsait ödənilməlidir”.
“Korrupsiya, rüşvətxorluq aradan qaldırılmalıdır”
Akif Nəsirli deyir ki, bununla yanaşı ölkədə ümumi şəffaflığın formalaşdırılması vacibdir:
“Korrupsiya, rüşvətxorluq aradan qaldırılmalıdır. Sahibkarların fəaliyyətinə mane olan bütün amillər aradan qaldırılmalıdır.Geniş maliyyə amnistiyası verilməlidir.Bu gün Azərbaycanda liberallaşdırmadan danışırıq, amma 10 ildə milyardla vəsait daxil olan ölkədə bir nəfər də olsun rəsmi milyonçu yoxdur.Əlbəttə ki, ölkədə kifayyət qədər milyonçu var, amma onların heç birinin qeydiyyatdan keçdiyini görmürük.Bu da müəyyən problemlər yaradır, “kölgə iqtisadiyyatı”-nı genişləndirir”.
İqtisadçı deyir ki, liberallaşma təkcə özəlləşdirmə deyil, həm də özəlləşən obyektin fəaliyyəti üçün şəffaf, hesabatlı və normal kommersiya mühitinin yaradılmasıdır: “Azərbaycanda hələ ki, belə bir mühit yoxdur.
Ölkə daxili investitsiya potensialı var, amma onun ölkəyə yatırılması məqbul deyil.Məsələn, mənim investitsiyam olsa, onu Azərbaycana yatırmaram, çünki ölkədə etibarlı mühit, mülkiyyətə zəmanət, müstəqil məhkəmə yoxdur.Bilirəm ki, yatırdığım vəsait kiminsə xoşuna gələ və onu məndən su qiymətinə ala bilər və bu zaman heç nə edə bilmərəm.Bu baxımdan da dövlət şirkətləri özəlləşdirilməli və onların fəaliyyəti üçün münbit şərait yaradılmalıdır.Prezidentin çağırışı alqışlayıram.Gec də olsa, birinci şəxs səviyyəsində bunun dilə gətirilməsi irəliyə doğru bir addımdır”.
Tarix: 9-08-2020, 13:25
Xəbəri paylaş



Xəbər lenti