2015-cı ildən başlayaraq ölkənin maliyyə-kredit sistemində davam edən böhran çoxsaylı kommersiya bankının bağlanması ilə müşaiyyət olunmaqdadır. Sonuncu dəfə, konkret cari ilin aprelin 28-də və mayın 12-də Mərkəzi Bankın müvafiq qərarları ilə daha 4 bank tarixə qovuşdu. Mərkəzi Bank rəhbərliyinin optimist açıqlamalarına rəğmən, hazırda fəaliyyətini davam etdirən kommersiya banklarının sayında yenə azalma olacağı gözlənilir.Bağlanan bankların göstəricilərinin təhlili göstərir ki, onların heç də hamısının maliyyə vəziyyəti qeyri-qənaətbəxş olmayıb. Elə Mərkəzi Bankın açıqlamalarından məlum olur ki, “NBCBank”-ı xilas etmək üçün 74 milyon manat kapital qoyuluşu kifayət edirmiş. Bankın səhmdarlarının tələb olunan həcmdə kapitalı banka yatırmaq imkanlarını nəzərə aldıqda “NBC bankı”n lisenziyasının dayandırılmasını anlamaq çətindir. Oxşar vəziyyət “AGBank”da da müşahidə olunub – tələb olunan kapital qoyuluşu 212 milyon manat.
Müstəqil ekspertlər bankların bağlanmasının əsas səbəbini onların hakimiyyətdə dayaqları zəifləmiş oliqarxlara məxsus olması ilə izah edirlər. Məsələn, buna əsasən cumhuriyyet.az bildirir ki, “AGBank” ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbəri Eldar Mahmudova yaxınlığı ilə diqqət çəkən Çingiz Əsədullayevə, “Amrahbank” sabiq daxili işlər naziri Ramil Usubovun qudası Yusif İldırımzadəyə, “Atabank” sabiq vergilər naziri Fazil Məmmədova, “NBC bank” isə son zamanlar hakimiyyətdə dayaqlarını itirmiş “Nurgun Group”un rəhbəri Nuru Əliyevə məxsus idi. 2016-cı ildə isə bağlanan banklar arasında bazarda xüsusi payı olan “Bank Standard” sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin ailəsinə məxsus idi. Eyni hal sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus “Bank of Azərbaycan”ın bağlanmasında da özünü göstərib.
Bu baxımdan ekspertlər yaxın perspektivdə oliqarx məmurlara məxsus bankların bağlanacağı qənaətindədirlər. Çünki siyasi hakimiyyətin həyata keçirdiyi iqtisadi islahatlar oliqarxiya sistemindən qismən də olsa imtina edilməsinə hesablandığından növbəti mərhələdə bank sisteminin zəif həlqələrinin də kəsilib atılacağını deməyə əsas verir. Belə ki, hazırda fəaliyyət göstərən 26 bank arasında oliqarxların şəxsi kassası kimi fəaliyyət göstərən banklar var və həmin bankların ölkə iqtisadi inkişafında demək olar heç bir rolu yoxdur. Belə banklardan biri də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olan “Express Bank”dır. Bank üzərində həlledici söz sahibi olan Etibar Pirverdiyevin biznes imperiyası əvvəlki zamanlarla müqayisədə xeyli zəifləsə də hələ mövcudluğunu qoruyub saxlamaqdadır. Vəzifəsindən çıxarıldıqdan sonra kapitalını xaricə çıxarmağa başlayan Pirverdiyev ailəsinin qonşu Gürcüstandan tutmuş Birləşmiş Krallığa qədər bir-neçə ölkədə onlarla şirkəti var. Bu barədə mediada faktlara əsaslanan yazılar dərc olunduğundan bunun üzərində geniş dayanmağı lazım bilmirik. Amma ölkədən böyük həcmdə sərmayə “qaçıran” Etibar Pirverdiyevin biznesinin təftiş olunacağı artıq zaman məsələsidir. Bu baxımdan “Express Bank”ın da bağlanmaq perspektivi böyükdür…
Paytaxtdan kənarda cəmi 7 rayonda filialı olan, bütün ölkə üzrə üst-üstə 60 bankomatı mövcud olan “cırtdan bank” sayılan “Express Bank” üçün, necə deyərlər, artıq yolun sonu görünür. Qeyd edək ki, ölkənin bank sistemində əsasən valyutadəyişmə əməliyyatlarında diqqət çəkən “Express Bank”ın əhali arasında “devalvasiya panikası” yaratmaqda da təcrübəsi var. “Express Bank”ın hesabatında azalmalar müşahidə olunur. Bunun səbəbi isə mətbuatda yer alan bəzi neqativ yazıların olduğu istisna edilmir. Məsələn, 2018 -ci ilin sentyabr ayında ölkə başçısının vəzifədən azad etdiyi “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevdən sonra olanlar oldu, səhmlər satıldı, alındı, mətbuatda bununla bağlı onlarla yazılar çıxdı və bank müştərilərini itirməyə başladı. Bununla bağlı cumhuriyyet.az bildirir ki, E.Pirverdiyevin vəzifədən azad olmasından sonra bankın üstünə qara buludlar çöküb və bu buludların yaxın dövrlərdə dağılacağı görünmür. Onu da bildirək ki, E.Pirverdiyevin qaynı Hikmət Xammədov“Express Bank”ın 16%-ə yaxın səhmdarıdır. Bu şəxsə həmçinin “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin 98,5 faizi məxsusdur.E.Pirverdiyev vəzifədən azad olunanda mətbuatda onu alqı-satqı əməliyyatında H. Xammədov təmsil etdiyi bildirilsə də bu məlumat bank tərəfindən təkzib edilməmişdi. Bundan başqa H. Xammədov “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin 98,5 faizinin də sahibidir. Ona məxsus olan səhmlərin sayı isə 375,124 ədəd olub. E.Pirverdiyevin vəzifədən azad olunmasından cari ilin 2-ci rübünə qədər olan göstəricilərdə ciddi müştəri itkisi ilə bağlı statistikanı cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
Express Bank | 2018 (IV rüb) | 2020 (II rüb) | Fərq |
Cəmi Aktivləri | 395,204 | 300,535 | (- 94,669) |
Cəmi Öhdəlik | 275,856 | 179,249 | (- 96,607) |
Cəmi Kapital | 119,348 | 121,286 | + 1,938 |
Kredit | 222,188 | 215,815 | (- 6,373) |
Depozit | 233,147 | 126,276 | (- 106,871) |
Faiz Gəliri | 31,708 | 20,412 | (- 11,296) |
Faiz Xərci | 8,875 | 4,411 | (- 4,464) |
Xalis Faiz Gəliri (zərəri) | 2,155 | 16,001 | + 13,846 |
Qeyri-Faiz Gəliri | 12,789 | 6,120 | (- 6,669) |
Qeyr-Faiz Xərci | 8,262 | 16,284 | + 8,022 |
Əməliyyat Mənfəəti (zərəri) | 4,528 | 5,837 | + 1,309 |
Xalis Mənfəət | (- 23,755) | 4,152 | + 27,907 |
Məcmu kapital | 114,829 | 117,503 | + 2,674 |
Göründüyü kimi E.Pirverdiyevin vəzifədən azad olunmasından bu rübə qədər bank 106 milyon 871 min manat depozit itirib. Eynilə 6 milyon 373 min manatlıq itki də kredit portfelində müşahidə olunub. Bankın o dönəmdən cari ilin 2-ci rübünə qədər olan hesbatında cəmi aktivləri, öhdəlikləri, faiz və qeyr-faiz gəlirləri ciddi şəkildə azalıb. Məlumata görə “Expressbank” Etibar Pirverdiyev vəzifədə olduğu müddətcə bunca zərərlə işləməyib. O, vəzifədən gedəndən sonra isə bankın zərərinin artması nə ilə izah oluna bilər? Əslində “Expressbank” Etibar Pirverdiyevin vaxtında da zərərlə işləyən banklardan idi. Amma Etibar Pirverdiyev vəzifədə olanda bankın, digər şirkətlərinin problemlərini telefonla həll edirdi. İndi isə onun zənginə əvvəlki reaksiya da verilməz. İnanmıram ki, Pirverdiyev vəzifədən gedəndən sonra kiməsə zəng edib bankın problemlərini həll edə bilər. Ona görə də hazırda belə bir vəziyyət yaranıb. Əvvəllər belə idi ki, “Expressbank”ın qaytarılmasında problemlər olan kreditləri ilə bağlı məsələ məhkəmə müstəvisinə gedib çıxanda Etibar Pirverdiyevi eşidirdilər, bankın xeyrinə qərar verilirdi. Bu gün köhnə metodlar keçərli deyil. Təbii ki, bu halda da problemlər əvvəlki kimi həll oluna bilmir və üzə çıxır. Məlum olur ki, “Expressbank”ın xeyli problemli kreditləri var.
Tarix: 5-08-2020, 07:38