“27 ildə Azərbaycanın su təsərrüfatını viran qoyan kimdir – yadımdan çıxıb?..”


“Elə bil, kimsə hər gün gözümə Qarabağda erməni yandıran evlərin külünü basır – sonra da gözüm görür, amma ağlım kəsmir...”
3 cümlə ilə bir "quş"...

Sultan Laçın

Keçmiş “Qələbə” kolxozunun əməkdar çobanı Qədimalı kişi redaksiyamıza bu dəfəki müraciətində deyir:

 

“Qağa, 1994-cü ildən, bu atəşkəsdi, atəşgahdı-nədi, elan olunandan bəri, elə bil, kimsə hər gün gözümə Qarabağda erməni yandıran evlərin, meşələrin külünü  basır - heç zad görmürəm, xeyli vaxt keçəndən sonra bir çeyi, bir hadisəni-filanı görəndə də gözüm görür, amma ağlım kəsmir ki, nədir, kimdir, nə iş görür...

 

O gün də bir-iki hektar pambığım var, onu sulamağa su tapmayanda yadıma düşdü ki, 27 il qabaq televizorda bir adam göstərmişdilər ki, innən belə  kənd təsərrüfatında sulama-filan  işlərinə  bu kişi(!) baxacaq...

 

İndi də  təkcə mən yox, Mil-Muğan, Şirvan camaatının hamısı Kürün qurumağından, suyun tapılmamasından şikayətlənəndə həmin şişmanı yenə göstərdilər televizorda; tanıdım, amma bu səfər də yadıma düşmədi ki,  bu 27 ildə bu 10 milyonun gözündən yayınıb su təsərrüfatını məharətlə talan edib viran qoyan fərasətli kişinin(!) adı nədir...

 

Sözardı: Qədimalı kişinin yaddaşını təzələmək üçün ona Azərbaycan dədələrinin bir  neçə məşhur sözünü xatırladırıq:

 

“Su başdan bulanar”, “Suyun lal axanı- adamın yerə baxanı”, Sudan qaymaq yığır”,  “Su gələn arxa bir də gələr...”, “Arxa su gəlincə qurbağanın gözü bərələ qalar”, “Su bir yerdə qalanda iylənər”, “Sudan çıxmış toyuğa oxşayır”... ”

 

Sultan Laçın

Tarix: 27-07-2020, 11:43
Xəbəri paylaş



Xəbər lenti