“ƏN SAVADSIZ VƏ QEYRİ - DÜRÜST QURUMLARDAN BİRİDİR...” - Ekspertdən ittihamlar



Əmanətlərin Sığortalanması Fondu əmanətçiləri niyə “süründürür”?
Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bankın – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”-ın lisenziyasının ləğv olunmasından sonra bu bankların əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun(ƏSF) ümidinə qalıb. Bu fond isəən çox narazılıq və şikayət edilən qurumlardan biridir.
Hal-hazırda bağlanmış 4 bankın sığortalanmış əmanətçilərinin xeyli hissəsi vəsaitini geri ala bilmir. Buna səbəb kimi ƏSF-in həmin əmanətlərin sığortalanmadığını iddia etməsidir. Ümumiyyətlə, əmanətçilər bu qurumu onların pulunu qaytarmamaq üçün hər cür yola əl atdığını iddia edirlər.
Məsələn, hazırda sözügedən 4 bankın əmanətçilərinin bir qisminə öz halal vəsaitlərinin qaytarılmaması onunla əsaslandırılır ki, bu banklara Mərkəzi Bank ayrı-ayrılıqda və müxtəlif tarixlərdən etibarən əmanət qəbul etməyi qadağan edib. Ancaq əmanətçilərin bundan xəbəri olmadığı üçün həmin banklara pul yatrırıblar. Banklar isə belə qadağanın olmasını nəinki müştərilərə, heç öz filial rəhbərlərinə belə bildirməyib.

Digər tərəfdən, bu durumun yaranmasının əsas səbəbkarlarından biri Azərbaycan Mərkəzi Bankıdır(AMB). Çünki bank sektorundakı “ənənə”yəəsasən, AMB bu banklara əmanət qəbulunu qadağan etməsinə dair geniş açıqlama verməyib. Çünki belə məlumatların ictimaiyyətə açıqlanması bankın dərhal müflis olması ilə nəticələnə bilərdi. Belə ki, bunu eşidən müştərilər dərhal həmin banklardan bütün pullarını çıxarardılar. Ona görə də AMB bu göstərişi yalnız banklara göndərməklə, öz işini bitmiş hesab edib. Bunu yaratdığı nəticə isə göz qabağındadır – həmişəki kimi, “qaş düzəldən yerdə, vurub göz çıxarmaq”.
Guya panika yaratmamaq üçün atılan bu addım, əslində böyük problemə səbəb olub. Belə ki, başqa heç bir qurumun bu vəziyyətdən xəbəri olmadığını bilən bank rəhbərləri əmanət qəbuluna davam edib. Nəticədə indi məlum olur ki, banklarda əmanət qəbulu qadağan ediləndən sonra da qəbul edilmiş, amma tam rəsmi surətdə rəsmiləşdirilmiş əmanətlər var. Və həmin pulların qaytarılması mübahisə predmetinə çevrilir. Bundan istifadə edən ƏSF isə özünün həmişəki ampluasında çıxış edərək, əmanətçilərin “gününü qara edir”. Hansı ki, bütün bu “çək-çevirdə” əmanətçilərin heç bir günahı yoxdur!
Qeyd edək ki, bir neçə gün öncə, ƏSF-in Mərkəzi Bankı məhkəməyə verməsinə dair məlumat yayılıb. Belə məlum olur ki, ƏSF-in məhkəmə iddiası AMB-nin əmanət qadağası barədə Fonda vaxtında məlumat verməməsidir. Bununla da bir növ Fond məsuliyyəti öz üzərindən AMB-nin üstünə atmış olur.Vəəgər nə vaxtsa bu iddia təmin olunrasa, ola bilsin ki, həmin vəsaitlər qaytarılsın...
“Alanda qanuni idi, vermək lazım olanda qanunsuz olur?”
Bu mövzu ilə bağlı özünün sosial şəbəkə səhifəsində geniş məlumat verən tanınmış hüquqşünas Əkrəm Həsənov ƏSF-i sərt tənqid edib. 

“Sadəcə, Fond əmanətçilərin əsəbi ilə oynayır. Bu Fond ölkənin ən savadsız və qeyri-dürüst qurumlarından biridir” deyə bildirən hüquqşünas ƏSF-in bütün addımlarının əmanətçilərin, sadə vətəndaşların hüquqlarının tapdanmasına yönəldiyini vurğulayır: “ƏSF müxtəlif bəhanələrəəl ataraq vətəndaşların əmanətlərinin guya sığortalı olmadığını bildirir. Məndə olan məlumata görəƏSF əsasən 2 bəhanədən istifadə edir:
1. ƏSF deyir ki, guya bağlanan 4 bankın bəzilərinə bank nəzarəti orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası və ya Mərkəzi Bank) vaxtiləəmanət qəbul etməyi yasaq etmişdi. Buna baxmayaraq banklar əmanət qəbul etməyə davam edib. İndi dəƏSF həmin əmanətləri qanunsuz hesab edərək qorunan (sığortalı) statusunu tanımaq istəmir.
Cəfəng mövqedir! Əvvəla, bank nəzarəti orqanının vaxtilə verilmiş qərarının nə dərəcədə qanuni olub-olmamasının özü araşdırılmalıdır. Qərar heç yerdə dərc edilməyib, buna görə də bu məsələyə qiymət verə bilmərik.
Daha sonra, araşdırmaq lazımdır ki, bank həqiqətən həmin gizli qərarı pozub ya yox. Bu barədə də məlumatımız yoxdur!
Əslində, yuxarıdakı iki məsələnin əmanətçilərə heç aidiyyəti də yoxdur. Tutaq ki, lap bank nəzarəti orqanının qərarı qanuni olub və bank həmin qərarı pozaraq əmanət qəbul etməyə davam edib (bu halda sual yaranır ki, bəs bank nəzarəti orqanı hara baxıb, niyə tədbir görməyib?...). 
Bu, sırf bank qanunvericiliyinin pozulması deməkdir. Yəni publik (inzibati) hüquq çərçivəsində bankla bank nəzarəti orqanı arasında ola münasibətlərdən irəli gələn pozuntudur. Əmanətçi ilə bank arasındakı münasibətlər isə mülki hüquqla tənzimlənir və bu müstəvidə hər hansı pozuntu yoxdur. Təəssüf ki, ƏSF-də kadr potensialı, hüquqi biliklər o qədər bəsitdir ki, hələ də bank hüququ ilə mülki hüququn fərqini bilmir...
Hətta hüquqi arqumentləri kənara da qoysaq, sağlam məntiq də ƏSF-nin haqsız olduğunu göstərir. Vətəndaş bank nəzarəti orqanının gizli qərarını hardan bilməli idi axı? Bilməyib və bilə də bilməzdi. Buna görə də bankla əmanət müqaviləsi bağlayıb. Sığortalı əmanət müqaviləsi! 
Yeri gəlmişkən, həmin əmanətlər üzrə sözügedən banklar ƏSF-ə rüblük sığorta haqqı da ödəyiblər. Necə olur: ƏSF əmanət üzrə sığorta haqqını ala bilir, amma sığorta ödənişini edə bilmir? Alanda qanuni idi, vermək lazım olanda qanunsuz olur?...
Ümumiyyətlə, axı ƏSF-ə nə düşüb ki, vaxtilə bank tərəfindən bank nəzarəti orqanının göstərişini pozduğunu əlində bayraq edib? Bunun ƏSF-ə nə aidiyyəti var? Mərkəzi Bank susursa, ƏSF-ə nə düşüb? Deməli, səbəb yalnız birdir: əhalinin pulunu qaytarmaqdan maksimal yayınmaq!

2. İkinci bəhanə guya qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin pozulmasıdır. Belə ki, ötən ilin 1 iyul tarixinədək manat üzrə həmin hədd 15% idi. 1 iyuldan etibarən isə 10%. 
Bağlanan bankların bir qismindəəmanət müqaviləsindəəlavə yatırım imkanı nəzərdə tutulub. Məsələn, 1 aprel 2019-cu ildə vətəndaş banka 15%-lə 10000 manat yerləşdirib. 1 avqust tarixində 5000 manat məbləğindəəlavə yatırım edib. ƏSF də indi deyir ki, 10000 manat sığortalıdır, 5000 manat isə yox. Çünki sonuncu 15%-lə qəbul edilə bilməzdi.
Əslində, həqiqtən də göstərilən misalda bank əlavə yatırımı 15%-lə qəbul etməməli idi. Çünki əmanət müqaviləsinin şərtinə görəəmanət qorunandır (sığortalıdır). Bank onu maksimum 10%-lə qəbul etməli idi. Burada da əmanətçinin təqsiri yoxdur. 
Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişməsi barədə qərarı ƏSF özü qəbul edir. Bu qərar qanunvericilik aktı deyil. Əmanətçi onu bilməli deyil. Bunu bank bilməlidir. Çünki məhz bank sığorta sisteminin iştirakçısıdır vəƏSF-ə üzvlük haqqı ödəyir. Deməli, bank faktiki ƏSF-nin adından çıxış edir. Buna görə dəƏSF bu məbləğləri də kompensasiya etməlidir!
Əmanətçilərə tövsiyə edirəm ki, bu məsələ üzrə də Nəsimi rayon məhkəməsindəƏSF-ə qarşı iddia qaldırsınlar!
ƏSF əvvəllər də sığortalanan əmanətlərin bir qisminin kompensasiya edilməsindən yayınmağa cəhd edib. Amma indiki kimi kütləvi yox!...”
Hüquqşünas sonda vətəndaşlara müraciət edərək, onları ƏSF-ə qarşı hüquqi addımlar atmağa çağırıb: “Vətəndaşların və xüsusilə sahibkarların bağlanmış banklarda qalmış qorunmayan vəsaitləri barədə də müraciətlər artır. Bir daha deyirəm: kreditorlar komitələrinin yaranmasına nail olun vəƏSF-yə nəzarət edin. Əks halda, ƏSF istədiyini edəcək. Necə ki, bu sahədə biabırçılıqlar davam edir... “
C.Məmmədov
AzPolitika.info
Tarix: 23-06-2020, 16:04
Xəbəri paylaş



Xəbər lenti