"Bildiyimiz kimi, Almaniya NATO-ya üzvlük haqqını ödəməyi təxirə salır. Əgər Almaniya bu vəsaiti ödəmək niyyətində deyilsə, biz niyə onu qorumalıyıq?" Ovqat.com xəbər verir ki,
ABŞ prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə verdiyi açıqlamada belə deyib.
Ağ evin Almaniyadakı ABŞ qoşunlarının sayını azaltmaq qərarını şərh edən Tramp xatırladıb ki, hazırda bu ölkədə
təxminən 50 min Amerika əsgəri var və onların sayı iki dəfə azaldılacaq.
Çıxışında Almaniyanın Rusiyadan enerji resursları almasını da sərt tənqid edən Prezident vurğulayıb ki, Berlinin bu siyasəti heç bir məntiqlə əsaslandırıla bilməz:
“ABŞ Almaniyanı Rusiyadan qoruduğu bir zamanda Almaniya Rusiyadan enerji alır və bunun müqabilində Moskvaya milyardlarla dollar ödəyir? Halbuki Almaniya özünün müdafiəsi üçün milyardlarla pul xərləməlidir. Belə şey olmaz!” Xatırladaq ki, iyunun 5-də “
Wall Street Journal” qəzeti Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi
Robert O'Brayenin imzaladığı göstərişlə Almaniyadakı Amerika əsgərlərinin sayının 25 minə endirilməsinə qərar verildiyini bildirmişdi.
Almaniyanın öz enerji resursları tələbarını Rusiyadan təmin etməsinə ABŞ-ın sərt reaksiyası da yeni deyil. Trampdan əvvəlki hakimiyyətlər də Berlini bu siyasətinə görə tənqid etmişdilər. Səbəbinə gəlincə…
Məlum olduğu kimi,
Rusiya Avropa İttifaqının qaz ehtiyacının 40%-ə yaxınını təchiz edəcək gücdədir və müxtəlif boru kəmərləriylə bu potensialını reallaşdırmaq istəyir. Öz təbii qaz ehtiyatı olmayan Qərbi Avropa ölkələri də əslində bu fürsətdən faydalamaqda maraqlıdırlar. Bəzi Şərqi Avropa ölkələrinin rus xofundan istifadə edən ABŞ isə Russiyanın bu siyasətinə qarşı çıxır. Arqumenti çox sadədir:
Rusiya “qoca qitə”nin önəmli qismini enerji resursları ilə təchiz edərsə Aİ-nı özündən asılı vəziyyətə salacaq. Bunun yerinə
TANAP-TAP kimi kiçik həcmli layihələrə yönəlməyi təklif edən ABŞ, müttəfiqlərinə Qətər, Səudiyyə Ərəbistanı kimi Yaxın Şərq ölkələrindən qaz almağı məsləhət görür. Lazım gələrsə, ABŞ enerji şirkətlərinin də Avropaya
mayeləşdirilmiş qaz (LNG) verə biləcəyini söyləyir.
Ötən il may ayının 2-də
ABŞ Enerji Departamentinin sabiq sədri Rik Perrinin Brüsselə işgüzar səfəri zamanı dilə gətirdiyi fikirlər bu təklifin ən bəzək-düzəkli ifadəsi idi. "
Amerika təbii qazın Avropaya ixracını ikiqat artıracaq", - deyən Perrinin fikrincə, Vaşinqtonun bu “
fədakarlığı” qitəyə təklif olunan yeni “
azadlıq formulu”dur:
“Amma bu dəfə biz bunu gənc amerikalı əsgərlərlə deyil, mayeləşdirilmiş təbii qazla həyata keçirəcəyik". Qeyd edək ki, ABŞ-ın fikrincə, II Dünya müharibəsində Avropanı faşizmin və sosializmin cəngindən xilas edən əsas amil
Vaşinqtonun Hirler Almaniyasına qarşı ikinci cəbhə açması olmuşdur. Rik Perri də “yeni azadlıq formulu” deyərək, həm də
77 il əvvəlki tarixi Avropanın yadına salaraq boynuna minnət qoyurdu.
Rik Perri həmin çıxışında açıq şəkildə onu da bildirmişdi ki,
Amerikanın mayeləşdirilmış təbii qazı Rusiyanın mavi yanacağına alternativ olacaq. Maraqlıdır ki, onun bu çıxışından sonra ABŞ şirkətləri Avropaya göndərdikləri LNG qazına “
Azadlıq qazı” adını qoymuşdular.
Qərbi Avropa ölkələri isə ABŞ-ın təklif etdiyi “
yeni azadlıq formulu”na yaxşı alternativ kimi baxmırlar. Çünki bu qaz Rusiya qazından
30-40% baha başa gəlir. Məhz bu səbəbdən də Avropa ölkələri ABŞ-ın sözügedən arqumentini
iqtisadi rəqabət gücü yetərsiz birinin öz malını tərifləmək üçün uydurduğu nağıl olduğuna inanırlar. Üstəlik, əgər ehtiyacını öz daxili resursların hesabına ödəyə bilmirsənsə, tələb olunan malı hansı əcnəbidən almağın nə fərqi var? Bu durumda insan oğlunun seçəcəyi alternativ, təbii ki,
ucuz mal olacaq.
Görünür, bu səbəbdən də istər Almaniya, istər Fransa, istərsə də digər Qərbi Avropa ölkələri Rusiyanın
“Şimal axını-2” qaz kəmərini dəstəkləyir, özəl şirkətləri vasitəsilə onun çəkilişinə investisiya yatırırdılar. Layihənin tamamlanmasına az qalmış ABŞ “Şimal axını-2”-nin çəkilişinə qatılan Avropa şirkətlərini sanksiyalarla hədələdi. “Ağrımayan başlarına dəsmal bağlamaq” istəməyən şirkətlər isə bir-bir layihədən çəkildiklərini elan etdilər. Sonunda
Almaniyanın dövlət enerji tənzimləmə qurumu olan Bundesnetzagentur “Qazprom”-un “Şimal axını-2” layihəsində payının 50 faizdən yuxarı olmasının Avropa İttifaqının qanunvericiliyini pozduğunu bəyan etdi və ona səhmləri bölüşdürəcəyi ortaq tapmasını mələhət gördü. Bununla da “Şimal axını-2” layihəsinin taleyi göydən asılı qaldı.
Halbuki layihənin 90%-i həyata keçirilmişdi. Heydər Oğuz