Bank sistemi pis yerdə yaxalanıb

 

Iqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev

Manatla saxlanan əmanətlər fevral və mart aylarında 498 milyon manat və ya 12 faiz azalıb. Bu pulların 161 milyon manatı və ya 32 faizi xarici valyutaya çevrilərək yenidən banklara qaytarılsa da, 337 milyon manatı və ya 68 faizi bank sistemindən kənara çıxarılıb. Bu fakt özlüyündə manata olan münasibəti çox bariz şəkildə əks etdirir. Buradan həm də o aydın olur ki, əhali banklara nəzərən evlərdəki balış altını daha güvənli bilir.

Digər depozitarların banklarda saxladığı depozitlər də düşüb. Maliyyə və qeyri-maliyyə təşkilatları iki ayda manat depozitlərini 78 milyon, xarici valyuta depozitlərini isə 338 milyon manat azaldıb.

Əhalinin bu cür davranışı birmənalı şəkildə bank sisteminə və milli valyutaya inamsızlığın yenidən baş qaldırması və artması ilə əlaqədardır. Bu arzuolunmaz prosesin ölkəyə valyuta axınlarının əhəmiyyətli dərəcədə azalması fonunda bundan sonra da davam edəcəyi ehtimalı çox yüksəkdir. Bir sözlə, bank sistemi pis yerdə yaxalanıb. Pul-kredit və bank siyasətində buraxılan kobud səhvlərin vurduğu ağır yaraları sağaltmadan banklara, milli valyutaya inamsızlığın yenidən güclənməsi heç bir nikbin perspektiv vəd eləmir.

Mərkəzi Bankın 27 və 28 aprel tarixlərində iki bankın lisenziyasını ləğv etməsi və daha iki banka inzibatçılar yollaması da banklara inamın zəifləməsinə xidmət edən addımdır. Odur ki, Mərkəzi Bank verəcəyi qərarların nəticələri haqqında yaxşı-yaxşı düşünməli, son illərdə buraxdığı kobud səhvləri təkrarlamamalıdır. Çünki hər buraxılan səhv, hətta ehtiyatsız davranış da bank sisteminə və millli valyutaya əlavə zərbələr vurur ki, sonradan altından çıxmaq baha başa gəlir.

Tarix: 2-05-2020, 13:22
Xəbəri paylaş



Xəbər lenti