Peşə Təhsili sistemində uzun illərdir davam edən vəziyyət hələ də qalmaqdadır. Məsələn, peşə təhsili müəssisələrində müəllim və istehsalat təlimi ustalarının boş ştatlarının illərdir müsabiqəyə çıxarılmaması prosesi bu il də davam edir.Tehsilmedia.info xəbər verir ki, artıq peşə təhsili müəssisələrində ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu prosesi üzrə müsabiqəyə start verilib.
Vakant yerlər açılıb, müsabiqə elan olunub. İmtahanda iştirak edən şəxslər vakant ştatları görməklə sənədlərini təqdim edirlər. Amma bu dəfə də Peşə Təhsili üzrə Dövlət Agentliyində hansısa maraqlardan irəli gələrək bəzi ixtisaslar olsa da, vakant olaraq müsabiqəyə çıxarılmır.
Sadə bir fakt göstərək.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytında (https://vet.edu.gov.az/) "Mövcud ixtisaslar" bölməsi var. Bu bölmədə hansı peşə təhsili mərkəzində və müəssisəsində hansı ixtisasların tədris olunduğu açıq şəkildə göstərilir. Sadə bir araşdırma apararaq yenə də fərqli münasibət, bəlkə də saxtakarlıq edildiyi aşkar görünür.
Belə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi olaraq elan etdiyi bu ilki vakansiya siyahısında ("Vakansiya siyahısı": https://shorturl.at/5CZoD) Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində - "Media və kommunikasiya – Rəqəmsal məzmun idarəçiliyi" ixtisası üzrə vakant müəllim yeri elan edilib. Yəni bu vakant müəllim yeri uğrunda namizədlər imtahanda iştirak edəcəklər.
Elə isə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açıq olan "Rəqəmsal məzmun idarəçiliyi" ixtisası üzrə vakant yer niyə müsabiqəyə çıxarılmayıb?
Bu marağın adı nədir?
Hər il müsabiqədə iştirak edən şəxslər vakant yerlərin gizli saxlanıldığını, müsabiqəyə təqdim edilmədiyini deyirlər. Sonradan isə məlum olur ki, ya həmin ixtisas üzrə hansısa şəxs müqavilə ilə işə götürülüb, ya da bu fənn peşə mərkəzində başqa bir müəllimə həvalə olunub. Bu nə deməkdir?
Azərbaycanda rəqəmsal inkişaf strategiyası hazırlanıb, bütün ölkədə rəqəmsal inkişafdan danışıldığı bir vaxtda Elm və Təhsil naziri Emin Əmrullayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə məktəblərində öyrədilməsi prioritet hesab olunan bu ixtisası niyə gizli saxlayırlar? Bu hansı səbəbdən və maraqdan qaynaqlanır?
Görünür, bunlara hələ də aşbaz, bərbər kimi ixtisas qruplarının sayını artırmaq daha çox sərf edir. Rəqəmsallaşma, inkişaf və gənclərin bu sahə üzrə hazırlanması məsələsi isə yenə də arxa planda qalır.
Bu məsələ redaksiyanın ciddi diqqət mərkəzindədir və yəqin ki, yeni dərs ilində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mövcud olan "Rəqəmsal məzmun idarəçiliyi" ixtisası üzrə vakant yer ya çıxdaş ediləcək, ya da həmin yerə müqavilə əsasında hansısa şəxs işə götürüləcək.
Prosesi diqqətdə saxlayırıq.