
Bayırşəhərdə aparıldığı iddia olunan söküntü işləri ətrafında narahatlıq doğuran məlumatlar yayılmaqda davam edir. Tarixi memarlıq irsinin qorunması ilə bağlı səsləndirilən iddialar ictimai müzakirələrə səbəb olub.
"Real Azərbaycan" xəbər verir ki, ictimai fəal Ülvi Bakinski sosial şəbəkə hesabında Bayırşəhərdə yerləşən tarixi memarlıq abidələrinin zədələndiyini iddia edib.
Onun sözlərinə görə, Ə. Quliyev küçəsi, 51 ünvanında yerləşən bina 1888-ci ildə inşa olunub və 3637 inventar nömrəsi ilə dövlət reyestrində memarlıq abidəsi kimi qeydiyyata alınıb. İddia edilir ki, aparılan tikinti-söküntü işləri zamanı ekskavator binaya ziyan vurub və nəticədə tikili qəzalı vəziyyətə düşüb.
Ülvi Bakinski həmçinin memarlıq abidələri üçün nəzərdə tutulan mühafizə zonalarının yaradılması qaydalarına əməl olunmadığını bildirib.
İctimai fəal xatırladıb ki, 1 fevral 2026-cı il tarixindən etibarən tarixi və mədəni irs obyektlərinin qəsdən dağıdılması və ya zədələnməsinə görə cinayət məsuliyyəti sərtləşdirilib. O, həmçinin 2026-cı ilin "Şəhərsalma və Memarlıq ili" elan olunduğunu qeyd edərək, baş verənlərin bu siyasətlə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Məsələ ilə bağlı digər etirazçı Zahidə Vulkan isə sosial şəbəkədə paylaşdığı yazıda Bakı Şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılovun adını çəkərək ciddi iddialar irəli sürüb.
Onun paylaşımında bildirilir ki, tarixi abidədə yaşayan sakinin evi qəsdən ağır texnika ilə zədələnərək qəzalı vəziyyətə salınıb. İddiaya görə, daha sonra sakinə müvəqqəti olaraq kirayədə qalması, evin isə təmir edilərək ona geri veriləcəyi vədi verilib. Hətta ilk iki ayın kirayə haqqının ödənildiyi, üçüncü ay isə sakinə evin söküləcəyinin bildirildiyi iddia olunur.
Paylaşım müəllifinin sözlərinə görə, çıxılmaz vəziyyətdə qalan sakin hazırda təhlükəli vəziyyətdə olan evinə geri dönərək orada yaşamağa məcbur qalıb.
Səsləndirilən bu iddialar cəmiyyət arasında narahatlıq yaradıb və məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparmasının vacibliyi qeyd olunur.
Qeyd: Məqalədə yer alan məlumatlar sosial şəbəkələrdə səsləndirilmiş iddialara əsaslanır. Adları çəkilən şəxslərin və qurumların mövqeyi təqdim olunarsa, dərc etməyə hazırıq.
Tarix: 6-07-2026, 22:41