AZAL təyyarələri Bakıya boş yerlərlə uçur - Naxçıvanda isə kassalarda bilet tapılmır

AZAL təyyarələri Bakıya boş yerlərlə uçur -
Sərnişinlər iddia edirlər ki, məqsəd sərnişin yerinə yük daşımaqla daha çox gəlir əldə etməkdir.
Onların “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, bəzi sərnişinlərə reysin təxirə salındığı barədə SMS göndərilir, amma təyyarə vaxtında uçur. Nəticədə insanlar hava limanına gəlmir, yerlər isə boş qalır. Məsələn, dünən Bakıya uçan 106 yerlik təyyarədə cəmi 36 sərnişinin olduğu bildirilir.
Sərnişin Əhməd Babayev deyir ki, reyslərin təxirə salınması ilə AZAL iki tərəfli qazanc əldə edir:
“Birincisi, sərnişin yerinə baqajda əlavə karqo daşıyırlar. Çəki hesabı ilə baxsaq, bu halda ikiqat qazanırlar. Məsələn, bir sərnişinin orta çəkisi 70 kiloqramdırsa, bilet 60 manatdır. Amma 70 kiloqram karqo daşınanda bundan 120–130 manat qazanırlar.
İkincisi, təyyarə təxirə salındığı üçün biletləri qaytarmalı oluruq. Bu zaman bizdən 30–40 manat tutulur. Halbuki gecikməyə görə biz günahkar deyilik.
Uçacağım günün axşamı AZAL-dan mesaj gəldi ki, reys saat 07:55-də deyil, 21:30-da həyata keçiriləcək. Buna görə aeroporta getmədim. Sonra məlum oldu ki, AZAL bizi aldadıb, təyyarə vaxtında, amma demək olar ki, boş uçub. Bizim yerimizə yük daşıyıblar”.
Həmin təyyarədə uça bilən sərnişin Vəli Yusifov da baş verənlərə görə AZAL-ı günahlandırır:
“AZAL-ın Naxçıvan reysləri ilə bağlı bu biabırçılığa kim cavabdehdir? 106 yerlik təyyarədə 36 nəfər uçur, amma kassada bilet gözləyən adamlar bilet ala bilmir. İnsanların əziyyət çəkməsi bunları düşündürmür.
Deyək ki, bəzi sərnişinlərə SMS göndərib reysin axşam uçacağını bildiriblər. Amma bileti olub hava limanında gözləyən, eyni zamanda kassada bilet almaq istəyən kifayət qədər sərnişin var idi. Onları yola salıb gərginliyi azalda bilərdilər. Lakin bunu etmirlər”.
Sərnişinlər AZAL-ın son günlər bəzi reyslərin ləğvini əlverişsiz hava şəraiti ilə izah etməsinə də inanmırlar. Onlar iddia edirlər ki, bəzi sərnişin reysləri ləğv edilərək təyyarələr daha çox gəlir gətirən kargo/yük daşımalarına yönəldilir.
Sərnişinlər məsələ ilə bağlı AZAL-dan və aidiyyəti qurumlardan izahat tələb edirlər.


Tarix: Dünən, 22:47
Xəbəri paylaş



Xəbər lenti