Rayon rəhbəri Ələsgərli kəndində tingçilik təsərrüfatı ilə tanış olub


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar sahədə aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Ələsgərli kəndində fermer Araz Rəhimova məxsus tingçilik təsərrüfatında olub.

Rayon rəhbəri təsərrüfat sahəsini gəzərək tinglərin yetişdirilməsi prosesi, suvarılma sistemləri və aqrotexniki qulluq işləri ilə yaxından tanış olub.

Fermerlə səmimi söhbət edən İcra Hakimiyyətinin başçısı rayonda kənd təsərrüfatının, xüsusilə də tingçiliyin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıb, məhsuldarlığın artırılması və daxili bazarın tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində lazımi tövsiyələrini verib. Bildirilib ki, rayonda ekoloji mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və meyvəçiliyin inkişafı üçün keyfiyyətli ting istehsalı mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı fermer Araz Rəhimov dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına, o cümlədən sahibkarlara göstərilən diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Sahibkar qeyd edib ki, hazırda 3 hektar sahədə ting becərir ki, bunun da 0,5 hektarını meyvə tingləri, 2,5 hektarını isə dekorativ bəzək ağacları təşkil edir. O, yetişdirilən tinglərin həm rayon daxilində, həm də digər bölgələrdə böyük tələbata malik olduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Tərtər rayonu üzrə ümumilikdə 215,5 hektar sahədə ting əkini həyata keçirilib. Onun 128,9 hektarı meyvə tingi, 86,6 hektarı isə dekorativ ağac tingləridir. O cümlədən, rayonun tingçilik potensialında xüsusi çəkisi olan Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində 27 hektar meyvə tingi və 10 hektar ərazidə isə dekorativ bəzək ağacları tingi əkilib.

 

Tarix: Bu gün, 11:28
Xəbəri paylaş



Xəbər lenti