
Milli Məclisin üzvü Arzuxan Əlizadə məmurların, deputatların Azərbaycanda yığılan avtomobillərdən istifadə etməmələrinin, xarici istehsala üstünlük vermələrinin tənqid edilməsinə münasibət bildirib.
Bu barədə Pravda.az-ın suallarını cavablandıran deputat deyib ki, yerli avtomobil istehsalının inkişafı vacibdir.

O qeyd edib ki, avtomobil istehsalında Azərbaycan brendinin olması arzuolunandır: “Təəssüf ki, bu, yoxdur. Bildiyim qədəri ilə, Naxçıvanda “NAZ-Lifan” və Neftçalada “Xəzər” avtomobilləri yığılırdı. Bunlar əslində İran və digər ölkələrdən gətirilən konstruksiyaların yığılması ilə ərsəyə gələn maşınlar idi. İndi isə istehsal nə dərəcədə qalıb, yaxud dayanıb, bilmirəm. İstənilən halda görünən budur ki, bu avtomobillər bazara daxil ola bilmədilər. Yadımdadır, Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı xüsusi göstəriş vermişdi ki, məmurlar yerli istehsal olunan avtomobillərdən istifadə etsinlər. Sözün açığı, bu avtomobillər özünü doğrultmadılar. Əsas səbəb budur. Buna görə də bəlli kontingent həmin avtomobillərdən istifadəni məqbul hesab etmədi və daha çox xarici, bir çox hallarda daha bahalı avtomobillərə üstünlük verilir. “Chevrolet” və “Niva” markalı avtomobillər heç də keyfiyyətli deyillər. Bu gün avtomobil bazarına Çin istehsalçıları daha çox daxil olub. Azərbaycanda da Çin avtomobillərindən geniş istifadə olunur. Təbii ki, çox istəyərdik, gələcəkdə ölkədə avtomobil istehsalı mümkün olsun. Keyfiyyətli avtomobillər istehsal edilsin ki, hər birimiz yerli məhsuldan istifadə edək. Azərbaycanın dövlət büdcəsi də bundan yararlanmış olsun”.
Qeyd: Azərbaycanda “Lada” (Niva), “Chevrolet” markalı avtomobillər yığılır.