Tramp “Ərdoğanı qoymadım” dedi, sui-qəsd çağırışı edildi – Ankarada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın NATO Zirvəsində iştirak üçün Türkiyəyə səfər etməsi və burada verdiyi mesajlar mübahisəli qəbul edilir.

Xüsusilə Avropa İttifaqı ölkələri ilə fikir ayrılıqlarının dərinləşməsi, İsraillə münasibətlərdə yaşanan eniş-çıxışlar, İranla bağlı gərginliyin davam etməsi və digər qalmaqallı məsələlər fonunda Trampın israrla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətlərini vurğulaması, türk ordusunun inkişafı və artan gücünə diqqət çəkməsi maraqla izlənilir.

Trampın Ərdoğana sözü

ABŞ liderinin CNN-in Vaşinqtondakı türk müxbirinin suallarına cavabları hələ onun Ankaraya səfərindən öncə müzakirələrə səbəb olmuşdu. Tramp israrla Ərdoğana hörmət etdiyini, onunla yaxın münasibətlərinin olduğunu, hətta NATO Zirvəsi üçün Ankaraya məhz onun dəvətinə görə qatılacağını vurğulayırdı. “Başqası çağırsa, getməzdim, amma Ərdoğan xahiş etdi” sözləri, “Türkiyənin İsraillə münasibətlərinin yaxşı olmadığını bilirəm, amma Türk ordusu hazırda çox güclüdür, mən də Ərdoğana hörmət edirəm” mesajları sadəcə Ankaraya deyildi, həm də müəyyən fikir ayrılıqlarının yaşandığı Avropaya, o cümlədən İsrailə idi.

Tramp hələ Oval Ofisdə NATO-nun Baş katibi Mark Rutte ilə birlikdə sualları cavablandırarkən Türkiyəyə qarşı sanksiyaların aradan qaldırılmasına çalışdığı, F-35-lərin satışına maneənin götürülməsi anonsunu vermişdi. O, türk müxbir Yunus Paksoyun “Türkiyəyə hədiyyə ilə gedirsiz?” sualına çox açıq şəkildə bu iki məsələdəki fikrini müsbət mesaj kimi verdi.

Ankarada gözlənilən elan

Türkiyədə böyük coşğu ilə qarşılanan Donald Tramp, burada hər kəsin gözlədiyi açıqlamaları da səsləndirdi. Tramp Türkiyənin Rusiyadan S-400 almasına görə ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının olmasını istəmədiyini dedi. Həmçinin bu sanksiyaların ləğvi və F-35-lərin verilməsi üçün əlindən gələni edəcəyi sözünü verdi.

Son zamanlarda Avropa liderləri ilə yaşanan mübahisələr, İsrailin Baş naziri Benyamin Netanyahu ilə verilən “münasibətimiz yaxşıdır” mesajlarına rəğmən müşahidə olunan gərginliklər fonunda Trampın “tək” qaldığı fikri getdikcə daha da güclənir. Bu fonda Ağ Evin “etibarlı dost”, “güclü müttəfiq”, “inkişaf edən, möhtac olmayan ordu”ya ehtiyacının yarandığı təəssüratı formalaşır. Burada ən unikal namizəd isə təbii ki, NATO ölkəsi olan Türkiyə, sanksiyalara rəğmən öz sistemini inkişaf etdirən, yeni silahlar, texnologiyalar bazara çıxaran və dominantlıq qazanmaq yolunda irəliləyən Türk ordusu, prinsiplərindən geri çəkilməyən Rəcəb Tayyib Ərdoğandır.

Trampın, “Türkiyə İsrailə qarşı müharibəyə qoşulacaqdı, mən qoymadım”-açıqlaması da təəccüb doğurmur. O, Türkiyənin güclü ordusunun olduğunu, Ərdoğanın Netanyahunu sevmədiyini, müharibəyə qoşulmaq istədiyini, amma məhz Trampın xahişi ilə bunu etmədiyini deyib. Onun Ankarada dediyi bu sözləri heç də təsadüfi deyil. Çünki Ağ Ev rəhbəri “ən müstəqil və sərt liderlər belə mənə hörmət edir, sözümü dinləyir” mesajını verməyi çox sevir. Türkiyə faktoru isə hazırda Yaxın Şərq, Avropa sferasında yüksəliş və güc qazanma xətti ilə sürətlə irəliləyən ən ciddi qüvvədir.

İran elanı

Donald Tramp həmçinin Ankarada İranla atəşkəsin bitdiyini də elan edib. ABŞ prezidenti ötən gecə həyata keçirilən hücumların ardınca bu prosesin artıq onun üçün əhəmiyyətini itirdiyini qeyd edib. Tramp Tehranla atəşkəsi “vaxt itkisi” adlandırıb. Onun məhz Ankarada bu mesajı verməsi isə müzakirə doğurur.

Trampın özünün müharibədən sonra Ankaraya gəlişi, burada çox yüksək səviyyədə qarşılanması İranda ciddi narazılıq doğurub. Hətta İran millət vəkillərindən biri Türkiyə liderini tənqid edib, türkləri Trampa qarşı “sui-qəsd” törətməyə çağırıb. İranla atəşkəsin bitməsinin məhz bu narazılıq fonunda Türkiyəyə elan edilməsi isə narahatlıq doğurur. Çünki Türkiyə müharibədə İrana hücumlara qarşı çıxan, Tehrana siyasi dəstək verən, 5 dəfə raket hücumuna məruz qalmasına rəğmən sakitliyini qoruyan əsas qüvvə idi. Həmçinin Vaşinqton-Tehran müzakirələrində də Ankaranın atəşkəsin əldə olunması üçün danılmaz rolu olub.

İndi əsas sual belədir: ABŞ Türkiyədə İrana qarşı yeni müharibənin anonsunu verir? Çox hörmət etdiyini dediyi Rəcəb Tayyib Ərdoğan onu yenidən atəşkəsə razı sala biləcəkmi? Əgər Türkiyə lideri bunu bacararsa, siyasi mövqeyi, təsir imkanları və nüfuzu Avropan liderlərini daha çox kölgədə qoyacaq.

Ayşən Mustafa
Globalinfo.az

Tarix: Bu gün, 17:08
Xəbəri paylaş



Xəbər lenti