Əsasən paytaxt Bakıda müşahidə olunan güclü yağışlar nəticəsində ərazilərin su altında qalması ictimaiyyət arasında ciddi narazılığıa və böyük müzakirələrə səbəb oldu. Xüsusilə Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında yerləşən qanunsuz tikilmiş evin alt qatının çökməsi ilə kollektor sistemində yaranmış problem və bunun nəticəsində Keşlə qəsəbəsinin su altında qalması vəziyyətin nə qədər kritik olduğunu bir daha göstərdi.Eyni zamanda baş verən hadisələr aidiyyəti qurum rəhbərlərinin zamanında diqqətsizliyi, bəlkə də ehtiyatsızlığı və ya səhlənkarlığı üzündən baş verdiyini ortaya qoydu.
Sosial şəbəkələrdə, içtimai müzakirələrdə açıq şəkildə səsləndirilən ittihamlarda qeyd olunur ki, subasmalar, kollektorların işləməməsi və digər oxşar problemlər həm də illər ərzində icra başçıları və bələdiyyələr tərəfindən yol verilmiş qanunsuzluqların nəticəsidir.
Həmçinin vurğulanır ki, bütün məsuliyyətin digər qurumların, xüsusilə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzərinə yönləndirilməsi doğru yanaşma deyil və bu, müəyyən mənada ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Diqqətçəkən yanaşmadır və ötüb keçmək də mümkün deyil. Görünən odur ki, baş verən subasmalar, fəsadlar fonunda qurumlar arasında narazılıq yaranıb, günahkar axtarışı başlanıb və güclü tərəflərin zəifləri məsuliyyətə cəlb etmək üçün hazırlıq gördüyü təəssüratı formalaşıb.
Şübhəsiz ki, mövcud vəziyyət Prezident İlham Əliyevin diqqətindən kənarda qalmayacaq və bununla bağlı ciddi tədbirlər görüləcək.
Lakin əsas sual budur - bu hadisələrdə günahkar, yaxud “günahkarlar” kim olacaq?
Sosial şəbəkələrdə yayılan fikirlər, xüsusilə ictimai nüfuza malik şəxslərin səsləndirdiyi mövqelər onu göstərir ki, ADSEA rəhbəri Zaur Mikayılov “günahkar” kimi təqdim olunmaq istəmir və müəyyən mənada məsuliyyəti üzərindən kənarlaşdırmağa çalışır. "Mən gələndə belə idi" yanaşması əsas arqument olaraq ortaya atılır.
Müəyyən mənada haqlıdır, amma Zaur Mikayılovun da təyinat müddəti az deyil və bu illərdə müəyyən işlər görmək olardı ki, içtimaiyyət onu da görmək istəyir amma görmür.
Digər və əsas arqumentlər isə ondan ibarətdir ki, uzun illər ərzində yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən sənədsiz torpaqların satılması, həmin ərazilərdə tikinti icazələrinin verilməsi, yol və infrastruktur layihələri sahəsində kifayət qədər şəffaf olmayan qərarlar qəbul edilib. Qanunsuz tikililər, normativlərə uyğun olmayan planlaşdırma və sənədsiz torpaq istifadəsi kimi problemlər məhz həmin dövrlərin idarəçilik səhvlərinin nəticəsi kimi qiymətləndirilir.
Bu faktları görməzdən gələrək məsuliyyəti sonradan yaradılmış və ya fərqli funksiyalara malik qurumların üzərinə yönəltmək isə nə hüquqi, nə də etik baxımdan düzgün hesab oluna bilər. Burda da bir məntikli haqq var. Amma hamsı deyil...
Amma bu məntiqi davam etdirdikdə, əsas məsuliyyətin rayon icra başçılarının üzərinə düşdüyü qənaəti ortaya çıxır. Əgər baş verənlər icra hakimiyyəti başçılarının fəaliyyəti ilə əlaqələndirilirsə, bu halda onlara nəzarət edən və ya etməli olan şəxslər də diqqət mərkəzinə gəlir.
Azərbaycanda yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Rayon İcra Hakimiyyətlərinin fəaliyyətini tənzimləyən, onları istiqamətləndirən və nəzarətdə saxlayan əsas struktur isə Prezident Administrasiyasıdır. Daha konkret, bu sahədə əsas fiqur Prezidentin köməkçisi Zeynal Nağdəliyev və onun rəhbərlik etdiyi Ərazi-təşkilat məsələləri şöbəsidir.
Uzun illərdir bu vəzifəni tutan Zeynal Nağdəliyevin icra başçılarının təyinatından sonra onların təqdimatını həyata keçirdiyinin şahidi oluruq. Hətta təqdimatların da onun şəbəsi tərəfindən edildiyi deyilir. Elə şöbənin adı da göstərir ki, ərazi və təşkilati məsələlər məhz bu strukturun səlahiyyət dairəsinə daxildir.
Bu səbəbdən rayon icra başçıları Ərazi-təşkilat məsələləri şöbəsinin nəzarətində olmalı, atdıqları addımları bu strukturla uzlaşdırmalı və verilən tapşırıqları icra etməlidirlər. Eyni zamanda Zeynal Nağdəliyev də onların fəaliyyətini ciddi nəzarətdə saxlamalı və görülən işlərə lazımi diqqət yetirməlidir.
Təəssüf ki, bəzi hallarda rayon icra başçıları nəzarətlərində olan ərazilərdə baş verən neqativ halları ya görməzdən gəlir, ya da dolayısı ilə onların baş verməsinə şərait yaradırlar. Bu gün Bakının bir sıra rayonlarında uzun illərdir qanunsuz tikililərin mövcudluğu, istifadəyə yararsız ərazilərin insanlara verilməsi və satılması kimi halların şahidi oluruq. Bu faktları gizlətmək mümkün deyil və vətəndaşlar bunu açıq şəkildə ifadə edirlər.
Rayonlar icra hakimiyyəti başçılarına həvalə olunmuş ərazilərdir və onlar bu ərazilərdə baş verən demək olar ki, bütün proseslərə görə məsuliyyət daşıyırlar.
“Rayon rəhbəri” anlayışı da məhz bu məsuliyyətin göstəricisidir.
Bu baxımdan sual yaranır - son baş verən subasma, kollektor üzərində aşkarlanan qanunsuz tikinti və ümumilikdə icra başçılarının fəaliyyəti Zeynal Nağdəliyev üçün qənaətbəxş hesab olunurmu? Yaxud bu cür halların bir daha təkrarlanmaması, qanunsuz tikintilərin qarşısının alınması və icra başçılarının daha məsuliyyətli fəaliyyət göstərməsi Zeynal Nağdəliyevin rəhbəri olduğu şöbə hansı addımlar atacaq? Açıq şəkildə demək olar ki, cəmiyyət uzun illərdir Ərazi-təşkilat məsələləri şöbəsinin fəaliyyətini görmək istəyir. İnsanlar istəyir ki, rayon icra başçılarına “dayan” demək səlahiyyəti olan əsas fiqurlardan biri onlara "dur!" desin. Bunu da məhz bu struktur edə bilər.
Görünən odur ki, artıq rayon icra hakimiyyətlərinin fəaliyyətinin daha ciddi şəkildə tənzimlənməsi, heç olmasa bundan sonra, gələcəkdə zərərli nəticələrə səbəb ola biləcək qərarların qarşısının alınması və ümumilikdə nəzarət mexanizmlərinin gücləndirilməsi zərurətə çevrilib. Bu prosesdə isə əsas məsuliyyət yenə də Ərazi-təşkilat məsələləri şöbəsinin və onun rəhbəri Zeynal Nağdəliyev üzərinə düşür.
Eyni zamanda ADSEA rəhbəri Zaur Mikayılov da yaxasını kənara çəkməməlidir və ya onun fəaliyyəti dövründə də hər şey super deyil. Ölkə başçısı İlham Əliyev ADSEA rəhbəri Zaur Mikayılova bütün ölkənin əsas təminatı olan "Su" sistemini həvalə edib. Bu çox məsluliyyətli və ölkənin bütün həyati faktorlarını özündə birləşdirən bir sahədir.
Ədil Hüseynov