Parlamentdə gələn ilin büdcəsi ikinci oxunuşda müzakirə olunub: deputatlar təkliflər səsləndiriblər
Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi keçirilib. Parlamentin bu gün və sabah keçirləcək iclasların gündəliyinə 6 məsələnin müzakirəsi daxil edilib.
Deputatlar bu gün büdcə ilə bağlı təkliflərini səsləndirməklə yanaşı, cari məsələlərlə bağlı da fikir bildiriblər.
“Azərbaycanın Qarabağın bərpasına indiyədək ayırdığı pul Ermənistan büdcəsindən 2 dəfə çoxdur”
Deputat Tahir Mirkişili çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpasından danışıb. Millət vəkili deyib ki, Azərbaycanın Qarabağın bərpasına indiyədək ayırdığı pul Ermənistan büdcəsindən 2 dəfə çoxdur: “Son beş ildə Azərbaycan dövləti Qarabağ torpaqlarda hərbi qələbəni iqtisadi və sosial qələbəyə çevirmək istiqamətində böyük işlər görür. Hazırda bu ərazilərdə 62 mindən çox insan yaşayır. Təkcə Laçında 5 mindən artıq insan məskunlaşıb. İndiyədək Azərbaycan dövləti bu ərazilərə təxminən 22 milyard manat vəsait xərcləyib. Müqayisə üçün deyə bilərəm ki, bu məbləğ Ermənistanın dövlət büdcəsinin təxminən 2, Gürdüstanın isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər bir daha göstərir ki, Azərbaycan dövləti bu torpaqların bərpası və inteqrasiyası üçün böyük səy göstərir”.
“Hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 50-dən çox rezident və 7-dən çox qeyri-rezident sahibkar fəaliyyət göstərir. Ötən müddət ərzində bu ərazilərdə təxminən 500 milyon manat dəyərində məhsul istehsal və ixrac olunub. Bu iki sənaye parkında hazırda minə yaxın insan çalışır. Bütün bunlar onu sübut edir ki, Azərbaycan dövləti bu ərazilərin gələcəkdə ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası üçün mühüm addımlar atır”, - deyə Mirkişili vurğulayıb.
Millət vəkili qeyd edib ki, Orta Dəhlizin işə düşməsi və Zəngəzur dəhlizinin açılması ilə bu ərazilər ilk dəfə sərhəd bölgəsindən tranzit bölgəsinə çevriləcək.
Deputat: “Hər il xarici platformalar üzərindən Azərbaycandan kənara milyonlarla dollar vəsait çıxır”
Millət vəkili Elçin Mirzəbəyli yerli medianın inkişafı üçün vergi güzəşti və dövlət dəstəyi istəyib. Deputat çıxışında qeyd edib ki, müasir informasiya mühitində televiziya və radio cəmiyyətin ən etibarlı informasiya mənbələri olaraq qalır: “Lakin son illər bu sahənin iqtisadi dayanıqlığı müəyyən sınaq qarşısındadır. Xüsusilə reklam bazarındakı qeyri-bərabər rəqabət TV və radio sektoru üçün müəyyən çətinliklər yaradır. Hazırda bu sahədə narahatlıq doğuran məsələlərdən biri də rəqəmsal platformaların, xüsusilə də “TikTok”, “Meta”, “Google” və digər qlobal resursların ölkə TV və radiolarının reklam bazarını faktiki olaraq ələ keçirmələri ilə bağlıdır. Nəticədə yerli tv və radioların gəlirləri azalır, çünki reklam büdcələri həmin rəqəmsal platformalar üzərindən xaricə gedir. Xərclər artır, ona görə ki, TV və radio virtual yox, real infrastrukturdur. Belə davam etdiyi halda, TV və radioların maliyyə çətinlikləri bir neçə ildən sonra kəskinləşə və yerli informasiya məkanının qorunması üçün dövlətin dəstəyinə ciddi ehtiyac duyula bilər”.
“Hər il xarici platformalar üzərindən Azərbaycandan kənara milyonlarla dollar vəsait çıxır. Bunun qarşılığında isə həmin platformalar Azərbaycan büdcəsinə vergi ödəmir, yerli lisenziya almır, yerli işçi çalışdırmır, yerli kontent istehsal etmir. Amma reklam gəlirlərinin böyük hissəsinə sahiblənirlər. Peşəkar media ölkəmizin sərhədləri çərçivəsində real iqtisadi yük və öhdəlik daşıyır. Xarici rəqəmsal platformaların isə belə bir yükü və öhdəliyi yoxdur. TV və radioların əməkhaqqı fondu, elektrik enerjisi, texniki yayım, studiya və avadanlıq xərcləri realdır. Rəqəmsalda isə bu xərclərin əhəmiyyətli hissəsi tələb olunmur. Bu isə, mahiyyət etibarilə ədalətli rəqabət deyil”, - deyə qeyd edib.
“Dövlət qurumlarının reklam büdcəsinin müəyyən hissəsi yerli mediaya yönəldilsə, daha doğru olar”
“Dövlət qurumlarının reklam büdcəsinin müəyyən hissəsi yerli mediaya yönəldilsə, daha doğru olar. Əgər media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq olunursa, TV və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olardı”, - deputat əlavə edib.

Millət vəkili bildirib ki, uyğun bilindiyi halda texniki avadanlıqların alınması üçün rüsum güzəştləri, media subyektləri üçün mənfəət vergisinin müvəqqəti azaldılması və ya ilk 5 il məhdudlaşdırılmış güzəşt tətbiqi çox mühüm dəstək mexanizmi ola bilər: “Xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə cəlb olunmalıdırlar. Yerli medianın qorunması və bərabər rəqabəti təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq olunmalı, “TikTok”, “Meta”, “Google” və digər qlobal resurslar qarşısında yerli təsisçi və ya nümayəndəlik, yerli server və təmsilçilik açmaq öhdəliyi qoyulmalı, eləcə onlardan uşaq-kontent qaydalarına riayət edilməsi tələb olunmalıdır”.
Komitə sədri bələdiyyələrə və partiyalara ayrılan pulun artırılmasını istəyir
Deputat Siyavuş Novruzov isə bələdiyyələrə və siyasi partiyalara ayrılan dövlət vəsaitinin artırılmasını istəyib: “Bizdə yerli özünüidarəetmə sistemi var. Adətən hər il bu sistemdə artımlar olurdu, dövlət tərəfindən dotasiyalar verilirdi. Məsələn, 2025-ci ildə dövlət tərəfindən 8 milyon manat dotasiya, 1 milyon 550 min manat isə subvensiya ayrılıb. Lakin 2026-cı il üçün bu sahədə artım nəzərdə tutulmayıb. Hesab edirəm ki, burada artımların əlavə olunmasına ehtiyac var. Başqa məsələ siyasi partiyalarla bağlıdır. Bildiyiniz kimi, bu gün ölkədə dövlət maraqları çərçivəsində fəaliyyət göstərən partiyalar var. AXCP və Müsavat kimi vətənə xəyanət edən partiyalar istisna olmaqla, digər partiyalar dövlətlə birgə, vahid mövqedə çalışırlar. Bu baxımdan siyasi partiyalara ayrılan büdcənin də artırılması məqsədəuyğun olar”.
“Bəzi rayonlar, Xocavənd rayonu istisna olmaqla, dövlət dotasiyası almadan öz gəlirlərini toplamaqdadır. Həmin rayonlarda toplanan gəlirlərin 50%-i rayonda qalır. Mən hesab edirəm ki, bu göstəricini 70%-ə qaldırmaq olar. Çünki vətəndaşlar müraciətlərini əsasən rayon icra hakimiyyətlərinə edirlər və köməklik də onlardan gözləyirlər. Ona görə də, yerli özünüidarəetmə sistemləri və yerli icra hakimiyyətlərinə bu əlavələr olunsun”, - millət vəkili əlavə edib.
“AXCP funksionerlərini qorxudan odur ki...”
“Son günlər AXCP funksionerləri barəsində başlanmış cinayət təqibi ilə əlaqədar müşahidə olunan ajiotaj boğaza qədər çirkaba batmış ünsürlərin narahatlığından başqa bir şey deyil. Çünki aidiyyəti cinayət təqibi kimisə cəzalandırmağa yox, yalnız qanunla cinayət hesab olunan əməli törədənlərin ifşası və məsuliyyətə cəlb etməsini nəzərdə tutur. Görünür, AXCP funksionerlərini qorxudan da elə budur. Onlar bilir ki, bu araşdırma xəyanətlərinin ifşasında ehtiva olunan siyasi sondur. Çünki, Ulu Öndər Heydər Əliyevin hələ 29 dekabr 2000-ci ildə xalqa müraciətində də ifadə olunduğu kimi, AXC Qorbaçovun yenidənqurma siyasətini dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Xalq Cəbhəsi hər zaman imperializmin bürosu olub”. Bu fikirləri isə çıxışında deputat Bəhruz Məhərrəmov səsləndirib.
Millət vəkili deyib ki, “onları Rusiya əleyhdarı qüvvələr kimi təqdim etməyə cəhd göstərirlər”, amma bu sadəcə “ucuz populizm və “gözə kül” üfürmədir: “Bu gün Cəmil Həsənli kimi heç bir milli və əxlaq dəyəri olmayan siyasi buqələmun pafosla çevriliş cəhdi ittihamlarını öz aləmində rədd edə, iddia edə bilməməlidir ki, AXCP-nin əsas məqsədi Rusiyaya qarşı mübarizə aparmaq olub. Arqument gətirirlər ki, guya bunlar rus qoşunlarını ölkədən çıxarıb. Yaxşı, AXC rus ordusunu ölkədən çıxarmışdısa, 2012-ci ilə qədər 2 mindən artıq Rusiya hərbçisi Qəbələ RLS-də necə xidmət edirdi? 90-cı illərdə Azərbaycandan gedən əsgərlər dağılmış bir ölkənin başsız qalmış hərbçiləri idi. Əgər bir ölkənin Ali Baş Komandanı Azərbaycan-İran sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunmasını öz dili ilə deyirdisə, rus əsgərlərinin ölkədən çıxarılması barədə tezislər əbləhlikdir. Rus əsgərini Azərbaycandan cənab İlham Əliyev çıxarıb. 2012-də və 2024-cü illərdə”.
“Kərimli-Mehdiyev cütlüyü kimi xəyanətkarların simasında hakimiyyət çevrilişi üçün gözü şimalda olan, əmrə müntəzir dayanan qüvvələrdən fərqli olaraq...”
“İndi öz xəyanətləri fonunda hazırkı Azərbaycan iqtidarını Rusiya ilə müttəfiqlikdə ittiham etməyə çalışırlar. O zaman cavab versinlər, bu müttəfiqlik hansı milli maraqlar bahasına başa gəlib? Kərimli-Mehdiyev cütlüyü kimi xəyanətkarların simasında hakimiyyət çevrilişi üçün gözü şimalda olan, əmrə müntəzir dayanan qüvvələrdən fərqli olaraq cənab İlham Əliyev iqtidarı bütün münasibətlərdə Azərbaycanın ləyaqətli, bərabərhüquqlu tərəf kimi hərəkət azadlığını təmin edib. Bu müstəqil siyasət bizə Rusiyanın müttəfiqi olan Ermənistanın müharibədə yerlə yeksan edilməsi, Rusiya sülhməramlılarını vaxtından ilyarım əvvəl Qarabağdan çıxarılması, təyyarə qəzasına görə bu ölkə rəhbərliyinin rəsmən üzr istəməsi kimi çoxsaylı nümunələrin misalında suveren iradə nümayiş etdirməyə imkan verib. Ona görə də manipulyasiyalara, qalxan ajiotajlara qətiyyən meydan verilməməlidir. Aidiyyatı orqanlar qətiyyətli davranmalı, antimilli maraqların təşkilatlandığı AXCP-nin fəaliyyətinə birmənalı son qoyulmalı, eyni radikal mövqe sərgiləyən digər siyasi ünsürlər ətrafında araşdırmalar başlamalıdır. Bu gün Azərbaycandan başqa heç bir keçmiş SSRİ ölkəsində “Xalq Cəbhəsi” anlayışı qalmayıb. Bu bitmiş bir məfhumdur və unutmayaq ki, heç bir “demokratiya oyunu” milli maraqdan daha üstün deyil”, - millət vəkili bildirib.
“Azərbaycanın turizmin inkişafı üçün ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimini ləğv etməsi yaxşı olardı”
Millət vəkili Qüdrət Həsənquliyev isə təklif edib ki, Azərbaycanın turizmin inkişafı üçün ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimini ləğv etməsi yaxşı olardı: “Bu il Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 1,7% azalıb. Məsələn, Avropadan gələn turistlərin sayı 21.7% azalıb, Mərkəzi Avropadan gələn turistlərin sayında isə 10% azalma baş verir. Amma qonşu Gürcüstanda ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə turistlərin sayında 6,6% artım olub. Azərbaycana 2 171 000 turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 307 000 turist gəlib. Azərbaycan ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimini aradan qaldırmalıdır. Eyni zamanda, Azərbaycanda araşdırma aparılmalıdır ki, niyə turistlər ölkəmizə gəlməkdən imtina edir? Bu, daha çox həm də bizdə bu xidmətlərin qiymətinin artması ilə bağlıdır. Təyyarə biletləri bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və ucuz hotellər Azərbaycanda yoxdur. Bu, turistlərin sayına birbaşa təsir edir”, - deputat qeyd edib.

Q.Həsənquliyev həmçinin hökumətə quru sərhədlərinin açılması ilə bağlı çağırış edib: “Buradan bir daha hökumətə çağırış edirəm ki, quru sərhədlər açılsın. Ölkədə təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Milli, dövlət, o cümlədən digər təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin olunur. Hesab edirəm ki, bu mənada ölkədə heç bir təhlükə yoxdur. Bunu nəzərə alaraq hökumətə bir daha çağırış edirəm ki, quru sərhədlərin açılmasına yenidən baxılsın”.
Komitə sədri “Made in Azərbaycan”, “Baku Times”, “Hamam Times”, “Azad Söz”ə qarşı mübarizəyə pul ayrılmasınə təklif edib
“Azərbaycanın dövləti də, ali rəhbərliyi də, hakimiyyəti də, hökumət sistemi də, müharibədən total hücumlara, hibrid təzyiqlərə və təhdidlərə məruz qalmaqdadır. Sanki hərbi meydandakı proseslər informasiya məkanına daşınıb və biz informasiya suverenliyimizə gündəlik olaraq ciddi informasiya tullantılarının, qəsbkar təxribatlarının edildiyini görürük”. Bu fikirləri çıxışında İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc səsləndirib.
Millət vəkili qeyd edib ki, son dövrlərdə süni intellekt məhsulları ilə dövlət məmurlarının hərəkətlərini canlandıraraq, insanlar qarşısında saxta mənzərələr yaradırlar: “Bu onların şəxsi həyatına, ailə həyatına, işgüzar imicinə və siyasi reputasiyasına edilən qəsdlərdir. “Made in Azərbaycan”, “Baku Times”, “Hamam Times”, “Azad Söz” və adlarını çəkməyə layiq olmayan digər media qurumlarına qarşı mübarizə aparmaq, bunun üçün büdcədən pul ayrılması önəmlidir. 1 milyard avro - son dövrlərdə Avropa Birliyinin bu istiqamətdə “Russia Today” və digər platformalara qarşı mübarizə üçün ayırdığı vəsaitdir. Onlar bütün bu texnoloji platformaları - “Facebook”, “X”, “YouTube” və digərlərini hökumət və parlament binalarına dəvət edirlər. Bizdə isə bu yoxdur. Halbuki biz də onları ölkəmizə dəvət etməliyik. Onların ölkəmizdə rəsmi ofisləri olmalıdır ki, “fake news”lara qarşı hüquqi cavab mexanizmi formalaşsın. Bu artıq Trampın dediyi kimi sadəcə saxta xəbər istehsalı deyil – “deepfake” dövrüdür. Sadə insanlar saxta ilə gerçəyi ayırd edə bilmir. Bu səbəbdən hökumət büdcə siyasətində birinci yerə məhz informasiya təhlükəsizliyini qoymalıdır. O texnologiyalar, o avadanlıqlar ölkəmizə gətirilməlidir. Bütün o korporasiyaların, qurumların rəsmi ofisləri Azərbaycanda açılmalıdır. Ən yaxşı büdcə artıq təkcə ərazi bütövlüyü və siyasi suverenliyi qoruyan büdcə deyil, həm də informasiya məkanını qoruyan büdcədir. Əgər biz buna nail olsaq, inanın ki, nazirlər telefonları da qaldıracaqlar, deputatlara daha yüksək əhval-ruhiyyə ilə cavab verəcəklər, xalqın da razılığı daha çox olacaq”.
Qeyd edək ki, gələn ilin büdcə müzakirələri Milli Məclisdə sabah da müzakirə ediləcək.
















