
“Azərlotereya” iyul ayında “Poz-Qazan” oyunları üzrə 3,29 milyondan çox uduşlu bilet qeydə alındığını və bu biletlər üzrə 15,7 milyon manatdan çox uduş ödənildiyini açıqlayıb.
Bizimesr.media bildirir ki, şirkətin yaydığı məlumatda böyük uduşlar xüsusi olaraq önə çəkilir. Belə ki, “Super Keno” oyununda Bakı sakininin 100 min manat qazandığı, “4+4” tirajlı lotereyada isə 1,9 milyon manatlıq cekpotun cəmi bir rəqəmlə qaçırıldığı bildirilir. Həmçinin 25 min, 10 min və digər məbləğlərdə uduşlar barədə məlumat verilir.
Bu cür təqdimat lotereyanın ən cəlbedici tərəfini - uduş imkanlarını ön plana çıxarır və təbii olaraq reklam xarakteri daşıyır. Lakin açıqlanan statistikada mühüm bir məqam diqqətdən kənarda qalır - iyul ayında ümumilikdə neçə bilet satılıb?
Şirkət 3,29 milyon uduşlu bilet olduğunu açıqlasa da, ümumi satılan biletlərin sayını göstərmir. Bu rəqəm olmadan uduşlu biletlərin ümumi satışdakı payını və real uduş ehtimalını müəyyənləşdirmək mümkün deyil.
Məsələn, 3,29 milyon uduşlu bilet 5 milyon bilet arasından çıxıbsa, bir statistika yaranır. Əgər ümumi satış 30-50 milyon bilet təşkil edibsə, tamamilə başqa mənzərə ortaya çıxır.
Eyni vəziyyət 15,7 milyon manatlıq uduşa da aiddir. Şirkət bu məbləğin hansı həcmdə satış fonunda ödənildiyini açıqlamır. Ümumi satış məbləği bilinmədən 15,7 milyon manatın satışlara nisbətini hesablamaq mümkün deyil.
Digər tərəfdən, “3,29 milyon uduşlu bilet” ifadəsi də uduşların strukturunu göstərmir. Bu biletlərin neçəsində yalnız biletin qiyməti geri qayıdıb, neçəsi kiçik məbləğ qazandırıb, neçəsi isə böyük uduş əldə edib – bu barədə məlumat yoxdur.
Beləliklə, açıqlanan statistika əsasən nə qədər uduş verildiyini göstərir, amma bu uduşların neçə biletin satışı hesabına formalaşdığını göstərmir.
Halbuki tam mənzərə üçün ən azı beş əsas göstərici açıqlanmalıdır: ümumi satılan bilet sayı, uduşlu biletlərin sayı, uduşsuz biletlərin sayı, ümumi satış məbləği və ödənilən uduşun satışlara nisbəti.
Bu rəqəmlər açıqlanmadığı halda 15,7 milyon manatlıq uduş və 3,29 milyon uduşlu bilet böyük göstəricilər kimi təqdim olunsa da, onların istehlakçı üçün real statistik mənasını qiymətləndirmək mümkün deyil.
Çünki lotereyada əsas sual yalnız “kim nə qədər qazandı? deyil. Əsas suallardan biri də budur Bu uduşlar neçə milyon biletin satışı hesabına formalaşıb və həmin biletlərin neçə faizi uduşlu olub?
Tarix: Dünən, 23:11