
Bakıda estetik əməliyyatdan sonra pasiyentin ölüm faktı prokurorluq tərəfindən araşdırılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Kəpəz” Hospitalında baş verən ölüm faktı ilə bağlı müvafiq olaraq Nəsimi rayon prokurorluğunda araşdırma başlanıb.
Qeyd edək ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turpun dünən “Kəpəz” Hospitalda keçirdiyi plastik əməliyyatdan sonra ölməsi barədə “Qafqazinfo” məlumat yayıb.
Əməliyyatın cərrah Seymur Məmmədov tərəfindən icra olunduğu bildirilir.
Xatırladaq ki, bundan öncə də cərrah Seymur Məmmədovun əməliyyat etdiyi iki qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva da həmin cərrah tərəfindən Yasamal rayonunda yerləşən “Etalon” klinikasında əməliyyat ediləndən sonra ölüb.