Tərtərdə Konstitusiya və Suverenlik ili çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın memarıdır” mövzusunda respublika konfransı keçirilib


 

Tərtər Rayon İcra Hakimiyyətinin,  Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd menecmenti fakültəsinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın memarıdır” mövzusunda respublika konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Sonra tədbir Tərtər Rayon İcra Hkimiyyətinin iclas zalında davam etdirilib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib

Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əziz Şuşa, sən azadsan”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”, “ Xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim”, “Qarabağ Azərbaycandır!” müdrik kəlamlarını əks etdirən video filmə baxıblar.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı konfrans iştirakçılarını salamlayaraq giriş nitqi söyləyiblər.

Rayon rəhbəri çıxışında Tərtər rayonunun və tərtərlilərin 44 günlük Vətən müharibəsində göstərdiyi dözüm və dəyanətdən, bu ağır günlərdə respublika prezidentinin həmişə xalqın yanında olmasından, iqtidar-xalq və ordu birliyindən, hələ 2016-cı ilin aprel döyüşlərində Zəfər tariximizin ilk bünövrəsi qoyulan günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə öz həyatlarını təhlükəyə ataraq təmas xəttinin 100 metrliyində yerləşən rayonun Qapanli kəndinə sakinlərlə görüşə gəlməsindən, xalqın öz prezidentinə olan inamından, Tərtərin atəşə tutulmasından, dövlət rəsmilərinin rayona səfərindən  söhbət açaraq, tərtər haqqında deyilən sözləri yada salıb: “Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıllmış olduğu şəhərlərindən biridir!”, “Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”. 

 

Qeyd edib ki, Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş,  yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 16 nəfər dinc sakin qətlə yetirilmiş, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onların arasında qadın və uşaqlar da var. Erməni vandalları hətta dəfn mərasimi zamanı Tərtər şəhərinin qəbristanlığını atəşə tutmuş, 4 nəfərin faciəli surətdə ölümünə, neçə nəfərin yaralanmasına səbəb olmuşdur. 

 

Vətən müharibəsində rayonumuzda  46 hərbi qulluqçu şəhid olub, 57 nəfər hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. 1554  Vətən müharibəsi veteranımız var.

 

Bütün bunları deməklə bildirmək istəyirəm ki, Zəfər tariximiz bizim iştirakımızla, gözlərimiz qarşısında yazılıb və tərtərlilər həmişə Ali Baş Komandanın siyasətini dəstəkləyiblər.

 

Ümummilli Lider Heydər Əliyev  deyirdi: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”.

 

Bəli, bu gün Ali Baş Komandan Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirir. Azərbaycan müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür. Biz dünya dövlətləri ilə bərabərhüquqlu əlaqələr qururuq, regional əməkdaşlıqda mühüm rol oynayırıq. Azərbaycan artıq təkcə regionda deyil, qlobal miqyasda da sülh, əməkdaşlıq və enerji təhlükəsizliyi təşəbbüsləri ilə tanınır. Bunun nəticəsində ölkəmiz həm siyasi, həm də iqtisadi cəhətdən dayanıqlı və etibarlı tərəfdaş kimi qəbul edilir.   

 

Respublika Prezidentinin rəhbərliyi ilə son illərdə ölkəmizdə iri infrastruktur layihələri həyata keçirilmiş, yollar, körpülər, məktəblər, xəstəxanalar, hava limanları inşa edilmişdir. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində “Böyük Qayıdış” proqramı icra olunur. Bu, təkcə bərpa deyil, həm də yeni həyatın başlanğıcıdır. Yeni şəhərlər, kəndlər, hava limanları və sənaye zonaları bu siyasətin uğurunu sübut edir.

 

“Biz Qarabağı dirçəldəcəyik, onu dünyanın ən inkişaf etmiş regionlarından birinə, Şərqi Zəngəzuru isə cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”. Vətən müharibəsindəki şanlı Zəfərdən sonra işğaldan azad edilən torpaqlarımıza səfəri zamanı, eləcə də iştirak etdiyi beynəlxalq toplantılarda bu fikirləri qətiyyətlə söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev gördyü işlərlə sözünə, əməlinə sadiq lider olduğunu bir daha isbatladı. 

 

Sonra  BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dossent, Qarabağ müharibəsi veteranı Knyaz Aslan “Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın   memarıdır”, həmin kafedranın dossenti, filologiya üzrə fəlsəfə doktoru Rasim  Süleymanov “Dünya liderləri Azərbaycan Respubliksanın prezidenti İlham Əliyev haqqqında” mövzusunda məruzə ediblər. YAP rayon təşkilatının sədri Eldar Əsədov və “Yeni Tərtər “ qəzetinin redaktoru Svetlana Bağırova da çıxış edidlər.

Sonda Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı rayon icra hakimiyyətinin başçısına  Ümummilli Liderdən bəhs edən “Heydər Əliyev-100“ biblioqrafik məlumat kitabı hədiyyə edib.


Tarix: 31-10-2025, 18:13
Xəbəri paylaş



Xəbər lenti