Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Bala Kəngərli kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Cəmilli kənd İƏD üzrə nümayəndəliyin Bala Kəngərli kəndində keçirilib.

Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bala Kəngərli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Bala Kəngərli kəndinin 358 hektar ərazisi, 141 təsərrüfatı, 648 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 EATS, 3 ticarət obyekti, 1 iaşə obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 296 baş iribuynuzlu, 262 baş xırdabuynuzlu heyvan, 2640 baş quş, 95 arı ailəsi saxlayırlar.

Son üç ildə Bala Kəngərli kəndində su arxları 8 km məsafədə lildən təmizlənib, kənd ərazisində 450 ədəd çəkil, 210 ədəd çinar, qəbiristanlığın ərazisində isə 2000 ədəd şam ağacı əkilib. Yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb, kəndə yeni internet xətti çəkilib, 16 yaşayış evini birləşdirən və sel suları nəticəsində dağılan körpü bərpa edilərək istifadəyə verilib.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Rəşid Şahbazov suvarma arxlarının təmizlənməsi, Pərvin Vahidzadə elektrik dirəyinin yerinin dəyişdirilməsi, İlham Mustafayev elektrik transformatorunun təmir olunması, Şükür Qasımov kəndə suyun normaya uyğun verilməsi, Nəhayət Qasımova oğlunun işlə təmin olunmasına köməklik və digər məsələlər barədə müraciət ediblər.

Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Tarix: 17-07-2025, 23:06
Xəbəri paylaş



Xəbər lenti

VBet NL