YAS MƏCLİSİNƏ BASQIN EDƏN BAŞÇI BELƏ ŞƏNLƏNİR - "Bravo, Alimpaşa!" (VİDEO)
Ölkədə tətbiq olunan sərt karantin rejimi qaydalarının vəzifəli şəxslər tərəfindən pozulmasına dair məlumatlar tez-tez mətbuatın gündəm mövzusuna çevrilir. Bir müddət əvvəl AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə təşkil etdiyi toy məclisi və onun ətrafında baş verən hadisələr bunun əyani sübutu oldu. “AzPolitika.info” daha bir iri ranqlı məmurun - Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşkil etdiyi böyük ziyafətlə bağlı videogörüntülər əldə edib. Bu görüntülər icra başçısının Şəmkirdəki “Qəsr” restoranında 3-4 gün əvvəl təşkil etdiyi məclisdən çəkilib. Qeyd olunur ki, həmin məclisdə başçının türk qonaqları da iştirak edib. Onların kimliyi barədə dəqiq məlumat verilməsə də, həmin şəxslərin Alimpaşa Məmmədovun biznes ortaqları olduqları ehtimal edilir. Videodan da göründüyü kimi, məclis qapalı məkanda təşkil olunub, burada azı onlarla şəxs iştirak edib və bu zaman heç bir karantin rejimi qaydasına əməl olunmayıb. Hansı ki, karantin tələblərinə görə, ümumilikdə respublika üzrə qapalı məkanlarda məclislərin təşkili qəti qadağandır.
Qeyd edək ki, bir müddət əvvəl Alimpaşa Məmmədovun polislə birgə rayondakı yas mərasimlərinin birini necə “basdığına” dair videogörüntülər yayılmışdı. Həmin görüntülərdə icra başçısı məclisi təşkil edənləri Hacıbala Abutalıbovsayağı “Niyə belə edirsiniz, niyə belə olmalıdır” deyə hiddətlə qınamış, yas mərasimini dayandırmışdı. Onun təşkilatçıları isə cəzalandırılmışdı. Lakin təqdim etdiyimiz görüntülərlə Alimpaşa Məmmədovun camaatın yas mərasimindən çəkilmiş reklam xarakterli çıxışı arasında ziddiyyət var. Belə görünür ki, bütün qadağalar yalnız “qara camaat”a aiddir. Məmurlar, xüsusilə də yüksək vəzifəli məmurlar üçün isə heç bir qanun, qadağa mövcud deyil. Və bu adamları hətta Ramiz Mehdiyevin təşkil etdiyi məlum qalmaqallı toy məclisi ətrafında baş verənlər belə qətiyyən çəkindirmir! Tahir “AzPolitika.info”