Cəlilabad Elektrik Şəbəkəsində nə baş verir? - Yeni təyin olunan rəis də işdən çıxarıldı...


Cəlilabad Elektrik Şəbəkəsində nə baş verir? -
Redaksiyamıza şikayət edən rayonun Muğan kənd sakinləri hələ də kənddə elektrik xətlərində nasazlıq olduğunu bildirirlər.

Moderator.az xəbər verir ki, “Azərişıq” ASC Cəlilabad Elektrik Şəbəkəsinə yeni rəis təyin olunan Maarif Novruzov bu dəfə Biləsuvar Elektrik Şəbəkəsinə təyinat alıb. Onun yerinə isə Nazim adlı şəxs təyin edilib.

Rayondakı mənbələr bildirir ki, M.Novruzovun rayonda görməli olduğu bir çox yarımçıq işləri qalıb və bu gün ondan həmin işlərin görülməsi tələb olunur. Lakin M.Novruzov nədənsə yarımçıq işlərini həyata keçirməyi xələfi Nazim müəllimə tapşırmayıb və rayonda sakinlər arasında narazılıqlar başlayıb. Hətta sahibkarlardan biri iddia edir ki, buna görə M.Novruzova pul da verib və əgər o, işini görməsə, sahibkar mətbuat vasitəsilə şikayətçi olacaq.

İkinci bir məsələ isə Muğan kəndində yerləşən transformatordakı problemdir. Belə ki, transformatordakı problemə görə elektrik xətlərində tez-tez qısaqapanma baş verir və hətta bir neçə kənd sakinin buna görə soyuducusu və televizoru yanıb.

Kənd sakini, ikinci qrup Qarabağ əlili Bəxtiyar Qürbətov əməkdaşımızla söhbəti zamanı bildirib ki, elektrik xətlərindəki problemə görə əkinlərini də suvara bilmirlər. Çünki su mühərrikləri - artezianlar işləmir. Bununla bağlı kənddə şəbəkənin nəzarətçisinə müraciət etsələr də, o, da sakinlərin şikayətini qulaqardına vurur.

Daha bir problem isə kəndin yeni yaşayış massividir. Altmış evin yerləşdiyi ərazidə dəfələrlə müraciət olunmasına baxmayaraq transformator quraşdırılmır. Sakinlər bununla bağlı dəfələrlə “Azərişıq” ASC müraciət etdiklərini bildirirlər. Lakin məktublar Cəlilabad Elektrik Şəbəkəsinə yönləndiriləndən sonra problem həllini tapmayıb. İndi də adı çəkilən ərazidə sakinlər sayğacsız, kənardan çəkdikləri elektrik xətləri vasitəsilə elektrik enerjisindən istifadə edirlər. Lakin bununla onlar yalnız bir lampa yandırdıqlarını və əkinlərini suvara bilmədiklərini deyiblər. Bununla yanaşı, təhlükəsizlik normalarına riayət etmədən çəkilən elektrik xətləri də azyaşlılar üçün təhlükə mənbəyidir.

Çox təəssüflər olsun ki, Cəlilabad Elektrik Şəbəkəsi yazılan şikayətlərə də laqeyd münasibət bəsləyir. Bəs karantin dövründə insanları dövlətdən narazı salmaq nə qədər doğrudur? Yəqin bu suala cavab verən tapılacaq...
Tarix: 11-07-2020, 07:21
Xəbəri paylaş



Xəbər lenti