Milli Məclisin plenar iclasında çıxış edən deputat İqbal Məmmədov hökumət üzvlərinin diqqətini seçicilərinin problemlərinə yönəltməyə çalışıb.Musavat.com xəbər verir ki, deputat bildirib ki, bir millət vəkili kimi bizim əsas vəzifələrimizdən biri sözsüz ki, seçicilərimizin problemləri ilə maraqlanmaq, onları narahat edən məqamları, eyni zamanda arzu və istəklərini dilə gətirməkdən ibarətdir:
"Mən buradan seçicilərimin mənə ünvanladıqları problemlərlə əlaqədar müraciətlərini səsləndirmək istəyirəm. Seçicilərin haqlı narazılıqları haqqında dəfələrlə müvafiq orqanlara rəsmi müraciətimə baxmayaraq çox təəsüf ki, bu günə kimi bu problemlər həllini tapmayıb. Təmsil etdiyim Lerik rayonu ölkəmizin dağlıq relyefinə malik rayonlarından biridir. Rayonumuzun ən böyük problemlərindən biri yol problemidir. Yol, hər bir rayonun inkişafı və mədəniyyətin güzgüsüdür. Təəssüf hissi ilə qeyd edim ki, 17 yaşayış məntəqəsini birləşdirən 9 min nəfərdən yuxarı əhali yaşayan Əliabat-Kiravüd-Vamazqon avtomobil yolunun, 14 yaşayış məntəqəsini birləşdirən 10 min nəfərdən çox əhalinin yaşadığı Piran-Küçəkəran-Veri avtomobil yolunun, 9 yaşayış məntəqəsini birləşdirən 8 min nəfər əhalinin yaşadığı Lerik-Mastail-Livədirgə-Laman avtomobil yolunun tamami ilə yararsız vəziyyətdə olması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayacaq səviyyədədir”.
İ.Məmmədov digər ciddi problemdən də bəhs edib: “İki qonşu rayon olan Lerik və Yardımlı rayonları arasında tarixən abad yol olmayıb. Bir körpü və 4 km-lik abad yolun olmaması ucbatından rayonların əhalisi 180 km-lik Lerik-Lənkəran-Masallı-Yardımlı dairəvi yolunu qət etməyə məcbur olur”. Deputat dedi ki, digər bir problem Lerik əhalisinin fasiləsiz elektrik enerjisi ilə təminatıdır: “Lerik rayonunun ərazisində çəkilmiş elektrik xəttləri əsasən ötən əsrin 60-cı illərinə təsadüf edir. Odur ki, o zamanlar çəkilmiş elektrik xəttləri və ağac dirəkləri istismar müddətini başa vurmuş, yararsız vəziyyətə düşüb”.
Tarix: 19-06-2020, 14:24