Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir. Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev və bir neçə gün bundan qabaq isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi…
İcra başçılarının ardınca sıra nazirliklərə çatıb. Hər gün yeni bir rayonun icra başçısı, dövlət məmuru saxlanılaraq cinayətə cəlb olunur. Baş verən bu hadisələr əlbəttə çox ciddi təəssüf doğurur. Ona görə ki, bəzi məmurlar öz işlərini ölkədə gedən yeniliyin, inkişafın məntiqinə uyğun qura bilmir, ya da qurmaq istəmirlər. Fakt göz qarşısındadır. Korrupsiya, rüşvətxorluq belə insanların həyat tərzinə çevrilib? Bu insanlar öz nəfsi qarşısında aciz və tamahlarının qurbanıdırlar.
Prezident İlham Əliyev hər çıxışında vəzifəli şəxslərə kəskin şəkildə bildirir ki, toxunulmaz məmur, icra başçısı yoxdur. Hər bir dövlət məmuru vətəndaşlara ləyaqətlə, sədaqətlə xidmət etməli və vətəndaş amilini hər şeydən üstün tutmalıdırlar. Lakin yerlərdəki səlahiyyətli nümayəndələr Dövlət başçısının bu tapşırığına görəsən niyə əməl etmirlər? Məhz onlara ünvanlanan bu əmr və göstərişin məsuliyyətini doğrudanmı hiss etmirlər? Öz cirkin əməlləri ilə dövlət başçısının fəaliyyətinə də kölgə salmağa çalışan bu “ziyanlı məmurlar” həqiqətən ciddi cəzaya layiqdirlər. Var dövlət hərisliyi o qədər gözlərini bağlayıb ki, insanlığı itirməklə yanaşı dini də itiriblər, imanı da. Cənab Prezident çıxışlarının birində “Məndən qorxmursunuz, Allahdan qorxun ”demişdir.
Məmurları haqq yoluna cağırmaq üçün İlham Əliyev dəfələrlə xəbərdarlıq etdi. Lakin məmurlar üçün bu söz heç bir əhəmiyyət kəsb etmədi. Nəticə isə heç də ürəkacan olmadı. Günah və cinayət etdiyini əli qandallanıb, müttəhim kürsüsündə oturduqdan sonramı anlamalıydı dövlət məmurları? Axı Ağstafa rayonundan başlayan korrupsiyaya qarşı mübarizə əməliyyati elə o gündən həyəcan təbili çaldı. Və bu səs bütün ölkəyə yayıldı. Onu təkcə dövlət məmurları eşitmədi. Və, hələ də bədəlini ödəməkdədirlər. Azərbaycan artıq başqa bir ölkədir! Məmurlar yeni Azərbaycana adaptasiya olmağı bacarmalıdırlar. Əks halda bu yolun sonu uçruma doğru aparacaq. Növbəti korrupsiya qurbanın kimliyini zaman göstərəcək.