Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər keçirirlər.
Tərtər şəhərində və rayonun kəndlərində sakinlərlə söhbətlər aparır, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirirlər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, həmçinin ictimai nəqliyyat vasitələrindən istifadə edərkən diqqətli olmaq, gigiyenik qaydalara riayət etmək tövsiyə olunur.
Sosial müavinətlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq ərazilərə xüsusi olaraq nəzarət edilir.
Həmçinin mobil qrupun üzvləri rayon ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərinə baş çəkir, buradakı vəziyyətlə yaxından tanış olurlar. Xidmət sahələrində çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılır, karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanır.
Qeyd edək ki, əhalinin koronavirusla bağlı maarifləndirilməsi məqsədilə Tərtər şəhərinin əsas giriş küçələrində, əhalinin daha çox istifadə etdiyi ərazilərdə xüsusi lövhələr yerləşdirilib, Mərkəzi Meydanda quraşdırılmış monitor vasitəsilə xüsusi hazırlanmış videoçarxlar nümayiş olunur.
Siam.az