Ukrayna pilotsuz təyyarələrinin Rusiya neft boru kəmərlərinə zərbələri və ABŞ-ın Hindistandan idxala tətbiq etdiyi rüsumların ikiqat artırılması Moskvanın neft ixracına zərbə vurmağa başlayıb. Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb.
Tanker izləmə məlumatlarına görə, Rusiya limanlarından həftəlik xam neft tədarükləri avqustun 24-dək Baltikyanı Ust-Luqa limanında yüklənmələrin azalması səbəbindən gündə 320 min barel düşərək dörd həftənin minimumu olan 2,72 milyon barel olub.
Qeyd olunur ki, Moskvanın ixracının ümumi dəyəri həftə ərzində təxminən 110 milyon dollar (9 faiz) azalaraq 1,11 milyard dollara düşüb, halbuki əvvəlki həftə 1,22 milyard dollar olub. Həcmlərin azalması Rusiya xam neftinin orta qiymətlərinin bir qədər aşağı düşməsi ilə daha da pisləşib. Rusiyanın Belarusla sərhədi yaxınlığında, Drujba boru kəməri sistemində yerləşən Uneça nasos stansiyası son iki həftə ərzində iki dəfə Ukrayna pilotsuz təyyarələri tərəfindən hədəfə alınıb. Hücumlar Macarıstan və Slovakiyaya gedən xam neft boru kəmərlərinin fəaliyyətini pozub, həmçinin Rusiyanın Baltik sahillərindəki Ust-Luqa limanından daşınmalara mane ola bilər.
Volqoqrad və Novoşaxtinsk neftayırma zavodlarına edilən son zərbələ isə Rusiya xam neftinin emalını gündə təxminən 700 min barel azaldıb.
Bundan əlavə, ABŞ prezidenti Donald Trampın Hindistandan idxala tətbiq etdiyi tarifləri iki dəfə artıraraq 50 faizə çatdırması, görünür, Rusiya neftinin bu ölkəyə axınını azaldır. Baxmayaraq ki, bu tendensiyanın nə qədər davam edəcəyi bəlli deyil, Hindistana tədarüklər son iki ayda gündəlik 500 min bareldən çox azalıb.
“The New York Times” yazır ki, dünya liderləri sülh danışıqlarına başlamağa cəhd etdikcə, Ukrayna və Rusiya arasında enerji müharibəsi getdikcə güclənir. Hər bir tərəf diplomatik görüşlər zamanı digərini zəiflətməyə çalışır. Təkcə bu ay Ukrayna ordusu Rusiyanın neft obyektlərinə ən azı 10 hücum təşkil etdiyini bildirib. Analitiklərin fikrincə, bu zərbələr Rusiyanın neft emalı gücünün 1/6 hissəsini müvəqqəti olaraq sıradan çıxarıb və benzinin qiyməti kəskin şəkildə artıb. Qeyd edək ki, nefti emal edə bilməməsi Rusiyanı ixracı artırmağa, qiymətləri aşağı salmağa və ya hasilatı azaltmağa məcbur edə bilər.
Musavat.com