Alyaskada Tramp-Putin görüşü mühüm bir qənaətin altından qalın və qırmızı bir xətt çəkdi: işğalçıya hər hansı güzəşt yolverilməzdir və onu daha aqressiv edəcək. Vaxtilə Hitleri şirnikləndirdiyi kimi.
Bəllidir ki, “Röyters” Alyaskadakı görüşdə Ukraynada müharibəni dayandırmaq üçün Kremlin tələblərini yayımlayıb. Diqqət edin, Moskva zəbt etdiyi torpaqları tərk etmək əvəzinə, hələ işğal etmədiyi ərazilərdən Ukrayna ordusunun çıxmasında israr edir. Ukrayna öz qanuni ərazisindən imtina etməlidir ki, “ədalətli sülh” olsun və Putin sakitləşsin. Təbii ki, başqa ağır tələblər də var.
Ancaq məlumdur ki, prezident Volodimir Zelenski Donbasdan çıxmayacaqlarını bildirib və atəşkəsin yalnız mövcud cəbhə xətti üzrə əldə olunmasını mümkün sayıb. Vaxtilə Qarabağdakı “ayırıcı xətt” kimi. Bilənlər bilir, həmin xətt yalnız müvəqqəti sərhəd idi.
Normal dövlət başçısı analoji çətin durumda düşmənə ən böyük güzəşt kimi məhz bunu edər. Çünki ağlı başında olan heç bir ölkə prezidenti öz xalqının yaddaşında, tarixdə torpaq satan və ya verən rəhbər kimi qalmaq istəməz...
Bəs bundan sonra nə olacaq, faktiki digər postsovet ölkələri və hətta Avropa üçün özünü qəhrəmancasına sipər etmiş Ukraynanın başına nə gələcək, təcavüzkar Rusiyanın cilovunu yığmaq mümkün olacaqmı? Olacaqsa, necə?
Musavat.com Haqqin.az-a istinadla bildirir ki, əslində Qərbin əlində Rusiya iqtisadiyyatını çökdürə biləcək unikal alət var. Söhbət Avropa İttifaqı (Aİ) ölkələrinin yurisdiksiyasına aid banklarda və maliyyə institutlarında Rusiyanın dondurulmuş 260 milyard avrodan çox suveren aktivindən gedir.
Yada salaq ki, bu məbləğ Rusiya Mərkəzi Bankının rublu dəstəkləmək və dövlətin maliyyə sabitliyini təmin etmək üçün topladığı xarici ehtiyatların ümumi kütləsinin bir hissəsidir. Bunlar əsasən avrodur, eyni zamanda funt sterlinq, İsveçrə frankı, Yapon yeni və ABŞ, Kanada və Avstraliya dollarlarıdır ki, Rusiya Ukraynanı işğal etdikdən qısa müddət sonra onlara giriş bağlanıb. Aİ artıq ehtiyatla da olsa, bu aktivlər üzrə faizlərin bir hissəsini Kiyevə kömək üçün istiqamətləndirsə də, Zelenski və onun Qərbdəki ən müttəfiqləri dondurulmuş vəsaitlərin tam müsadirə edilməsində israrlıdır.
“The Times” nəşrinin yazdığına görə, həmin vəsaitin əsas hissəsi – təxminən 190 milyard avro Belçikada, 20 milyard avroya qədəri isə Fransadadır. Müqayisə üçün qeyd edək ki, Aİ-də dondurulmuş təxminən 2000 rusiyalının şəxsi aktivləri cəmi 70 milyard avro təşkil edir. Nəzəri olaraq, bu dövlət ehtiyatlarının yerləşdiyi istənilən ölkə onları Ukraynaya təhvil verməyə qərar çıxara bilər. Amma və lakin...
Avropa paytaxtlarının bu məsələdə mövqeləri haçalanıb. Məsələ ondadır ki, müsadirənin əleyhdarları belə bir addımın təhlükəli presedent yaradacağını iddia edirlər. O sırada Avropa Mərkəzi Bankı və bir sıra Avropa hökumətləri xəbərdarlıq edir ki, G20-yə üzv dövlətin aktivlərinin ələ keçirilməsi Avropanın beynəlxalq kapital cəlb etməyə qadir etibarlı və təhlükəsiz maliyyə mərkəzi kimi reputasiyasına xələl gətirəcək. Üstəgəl, belə bir tədbir avtoritar rejimlərin, xüsusən də gələcəkdə vəziyyətin təkrarlanmasından ehtiyatlanıb öz vəsaitlərini Qərbdə saxlamaqdan imtina edə biləcək Çinin cavab hərəkətlərinə səbəb ola bilər.
Problemin siyasi “komponenti” də var. Bəzi avropalı liderlər hesab edir ki, bu aktivləri müharibəni dayandırmaq üçün gələcək danışıqlarda təzyiq aləti və ya Ukraynanın müharibədən sonrakı yenidən qurulması prosesinin maliyyələşdirilməsinin təminatı kimi saxlamaq daha məqbuldur. Həmin vəsaitlərin çoxunun cəmləşdiyi Belçika isə müttəfiqlərin kollektiv dəstəyi olmadan Moskvanın iqtisadi və siyasi reaksiyası qarşısında həssas durumla üzləşəcəyindən ehtiyatlanır. Öz növbəsində müsadirə tərəfdarları, o cümlədən bir sıra Şərqi Avropa ölkələri bu qorxunu şişirdilmiş sayır və təcavüzkar Rusiyanın pullarından onun vurduğu zərərin ödənilməsi üçün istifadə etmək üçün unikal fürsət kimi görür.
Hüquqi problem həm də ondan ibarətdir ki, beynəlxalq hüquq bu cür tədbirlərə əl atmağa əsasən təcavüzdən birbaşa zərər çəkmiş dövlətə icazə verir. Konkret halda isə söhbət formal olaraq işğalın qurbanı olmayan ölkələrdən (Belçika və s.) gedir.
Xatırladaq ki, ABŞ-da ötən ilin aprelində prezidentə müəyyən şərtlər daxilində Rusiya aktivlərini müsadirə etməyə icazə verən qanun qəbul edilib. Lakin Tramp administrasiyası hələ də bu yöndə addım atmayıb. Ağ Ev başçısının son bəyanatlarından belə anlaşılır ki, buna hələ ki, həvəsli də deyil. Moskva isə öz növbəsində aktivlərinin müsadirə edilməsi planlarını “iqtisadi soyğunçuluq” adlandırıb, öz ərazisində Qərbin aktivlərinin ələ keçirilməsinə icazə verən qanun qəbul edib, kollektiv Qərbi uzun sürən məhkəmə prosesləri ilə hədələyib.
Beləcə, Qərb, özəlliklə Avropa dilemma ilə üzləşib: ya Rusiya iqtisadiyyatına öldürücü zərbə vurmaq üçün unikal şansdan yararlanmaq, ya da bu vəsaitləri Moskvaya strateji təzyiq aləti kimi saxlamaq və Qərbdəki maliyyə sisteminin hələ də sabitliyə, hüquqi təminatlara və proqnozlaşdırılan təminata əsaslanmanın simvolu kimi qorumaq. İstənilən halda veriləcək qərar təkcə Ukraynadakı müharibə üçün yox, qlobal maliyyə təhlükəsizliyinin gələcək arxitekturası üçün də dönüş nöqtəsi ola bilər.
Sonda kritik bir sual: görəsən beynəlxalq hüququ heçə sayan bir dövlətə qarşı beynəlxalq hüquqa əsaslanan yanaşma nə dərəcədə doğru, təcavüzkara qarşı bütün üsullar məqbul deyilmi?..
Analitik xidmət