Elçin Xalidbəyli: “Şimali Koreyanın vəziyyətdən istifadə edərək Cənubi Koreyaya qarşı hərbi gücdən istifadə edəcəyi o qədər də inandırıcı görünmür”
Koreya yarımadasında vəziyyət gərginləşib. Cənubi Koreyanın "Koreya Həmkarlar İttifaqları Konfederasiyası" (KCTU) veb saytında ölkə Prezidenti Yun Suk Yolun istefasını tələb edərək müddətsiz ümummilli tətil elan etdiyini açıqlayıb. Bəyanata görə, KCTU 4 dekabrdan "müddətsiz ümumi tətil"ə qoşulub və Prezident Administrasiyasının tam tərkibdə istefasını tələb edir. Bu tələb ölkədə hərbi vəziyyət elan olunmasına reaksiya kimi ortaya çıxıb.
Eyni zamanda, "KORAIL"in işçiləri maaş artımı tələbi ilə 5 dekabrdan müddətsiz tətilə çıxacaq. Bu tədbir hərbi vəziyyət elan edilməzdən əvvəl planlaşdırılsa da, artıq ölkə paytaxtında genişmiqyaslı etiraz aksiyaları keçirilir. Cənubi Koreya Parlamenti Prezidentin 45 ildən sonra ilk dəfə tətbiq etdiyi hərbi vəziyyət rejimini ləğv etmək üçün səs verib. Hərbi vəziyyət yalnız təxminən altı saat qüvvədə olub.
Prezident Yun Suk Yol çərşənbə axşamı "fövqəladə hərbi vəziyyət" elan edərək bunun parlamentdə çoxluğa sahib olan müxalifətin icra hakimiyyətini iflic etməyə çalışdığına cavab olduğunu deyib. Prezidentin sözlərinə görə, bu addım "Şimala meyilli elementlərlə mübarizə" və konstitusiya nizamını qorumaq məqsədilə atılıb. Prezident həmçinin müxalifətin hökumət büdcəsi layihəsini qəbul etməməsini tənqid edib.
Bir sıra dövlət qurumları fövqəladə toplantılar keçirmək üçün işçi heyətlərini çağırıblar. Ölkənin əsas müxalifət lideri və Demokratik Partiyanın sədri Li Cae Myonq Prezidentin qərarını qeyri-konstitusion adlandırıb. Partiya öz üzvlərini parlamentə toplasa da, bina polis tərəfindən mühasirəyə alınıb. Daha sonra parlamentin sədri Vu Von Şık Prezidentin hərbi vəziyyət elan etmək qərarını qanunsuz və etibarsız elan edərək ləğv edib.
Qeyd edək ki, artıq müxalifət Prezidentin impiçmentini tələb edən qanun layihəsini təqdim edib. Qaydalara əsasən, qanun layihəsinə səsvermə onun plenar iclasda müzakirəyə çıxarılmasından sonra 24-72 saat ərzində keçirilməlidir. Plenar iclasın 5 dekabrda baş tutacağı gözlənilir. Bu, Cənubi Koreya Prezidentinin impiçmentinə dair qərarın 6 və ya 7 dekabrda verilə biləcəyini göstərir.
Cənubi Koreyada baş verənlərlə bağlı AYNA-nın suallarını siyasi şərhçi Elçin Xalidbəyli cavablandırıb:
- Qəfldən Cənubi Koreyada gərginlik və siyasi böhranın yaranması səbəbi nələrdir?
- Səbəbi ölkə Prezidenti elan edib və biz bu versiyaya üstünlük verməliyik. Sadəcə ölkə başçısının bu qərarı parlament tərəfindən birmənalı qarşılanmadı və etiraz dalğası başladı. Hesab edirəm ki, vəziyyətin bir qədər də gərginləşəcəyi ehtimalı daha çoxdur. Çünki ortada Prezidentin impiçmenti məsələsi gündəmdədir. Görünür, Prezident də geri çəkilmək niyyətindən uzaqdır.
- Prezidentin hərbi vəziyyət elan etməsi üçün göstərdiyi səbəb nə dərəcədə doğrudur?
- Cənubi Koreya Prezidentinin fövqəladə hərbi vəziyyət elan etməsinə göstərdiyi səbəb ölkə konstitusiyasını qorumaq, ölkəni Şimali Koreyadan gözlənilən təhlükələrdən müdafiə etmək məzmunu daşıyır. Uzun illər bu iki dövlət arasında ziddiyyətlər, qarşıdurmalar mövcud olub və bu gün də həmin vəziyyət davam edir. Şimali Koreya və Cənubi Koreya xalqları əslində eyni xalqlardır, sadəcə müasir dünyanın şərtləri xalqı parçalayıb və iki dövlətdə yaşamağa məcbur edib. Təbii ki, müharibə şəraitində olan ölkələrin kəşfiyyat orqanları bir-birinə qarşı fəaliyyət göstərirlər. Ola bilsin ki, Şimali Koreya kəşfiyyatı Cənubi Koreyada müəyyən uğurlar qazana bilib. Cənubi Koreyaya hakimiyyətinə qarşı qruplaşmanın, şəbəkənin yaradılmasına nail olmuş ola bilərlər. Bu barədə də məlumat alan, ölkəni təhlükədə hiss edən Cənubi Koreya Prezidenti belə bir addım atmaq məcburiyyətində qalıb.
- Proseslərin sonrakı axarını necə proqnozlaşdırırsınız?
- Hələlik bu barədə qəti fikir söyləmək bir qədər çətindir. Çünki biz situasiyanın, səbəblərin nə qədər ciddi olduğunu bilmirik. Bununla yanaşı, Cənubi Koreyanın müxtəlif şəhərlərində, əsasən də paytaxt Seulda dərhal hərəkətlənmənin, etiraz dalğasının baş qaldırması kifayət qədər önəmli faktordur. Belə anlaşılır ki, Cənubi Koreyada vəziyyət gərginləşməyə doğru inkişaf etməyə daha çox meyillidir. Eyni zamanda, Cənubi Koreya Parlamentinin üzvlərin hərbi səddləri keçərək parlamentə daxil olması, Prezidentin fövqəladə hərbi vəziyyət qərarının əleyhinə qətnamə qəbul etmələri, Prezidentə qarşı impiçmentin elan olunması barədə müzakirələrin başladılması situasiyanın gərginləşə biləcəyinin anonsudur. İndiki qəliz situasiyanın yaranması, ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Cənubi Koreyanın qarışdırılması maraqlı xarici dairələrin, o cümlədən, Şimali Koreyanın marağındadır.
- Vəziyyətdən istifadə edən Şimali Koreya Cənubi Koreyaya qarşı hansısa hərbi addım ata bilərmi?
- Şimali Koreyanın vəziyyətdən istifadə edərək Cənubi Koreyaya qarşı hərbi gücdən istifadə edəcəyi o qədər də inandırıcı görünmür. Çünki hazırda yeni dünya düzəninin formalaşması kontekstində qüvvələr nisbəti hələ ki, tam bəlli deyil. Şimali Koreyanın Cənubi Koreyaya hərbi müdaxilə etməsi Pxenyanı birbaşa hədəfə qoya bilər. Hər halda Şimali Koreyada bunu anlamamış deyillər. Ona görə də yəqin ki, rəsmi Pxenyan belə bir addım atmaqdan çəkinəcək. Şimali Koreya daha çox Cənubi Koreyanı daxildən qarışdırmaq imkanlarını sınaqdan keçirəcək. Eyni zamanda, Rusiya ilə yanaşı, Qərbə qarşı olan düşərgənin güclənməsi iştiraka üstünlük verəcək. İndiki situasiyada müharibəyə girmək əslində heç bir dövlət üçün, o cümlədən, Şimali Koreya üçün sərfəli deyil. Çünki başlayan müharibənin yekunlarının necə olacağı bəlli deyil. Belə bir savaşa girilməsi həmin ölkə üçün risklidir.