Müharibə Ramazana qədər bitəcəkmi? – Faciənin sonu üçün siqnal


Dünya Qəzzada yaşananları ürək ağrısı ilə izləyir və son xəbər insanlarda ümid yaradıb

“Fələstinin radikal HƏMAS hərəkatının batalyonlarının dörddə üçü İsrail Müdafiə Qüvvələri (TSAXAL) tərəfindən məhv edilib”. Bunu İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.

“Qələbə əldə edilə bilər. Biz artıq HƏMAS terrorçu batalyonlarının 24-dən 18-ni, yəni dörddə üçünü məhv etmişik”, - deyə o bildirib.

Hökumət başçısı İsrail ordusunun HƏMAS-ın qalan altı batalyonunun sağ qalmasına imkan verməyəcəyini vurğulayıb: “Bu, İraqda İŞİD-in dörddə birini salamat buraxmağa və onlara öz kiçik ərazilərinə sahib olmağa imkan verməyə bənzəyir. Belə olan halda İŞİD terrorçuları sağalacaq, HƏMAS da tam aradan qaldırılmasa, bərpa olacaq”.

Eyni zamanda Netanyahu qeyd edib ki, HƏMAS-ın məhv edilməsi probleminin həlli bu hərəkatın Qəzza zolağında saxladığı girovların azad edilməsi probleminin həllinə mane olmur: “Bunlar bir-birinə uyğun gələn məqsədlərdir, bir-birini istisna etmir, çünki yalnız HƏMAS-ın məhv edilməsi girovların azad edilməsinə imkan verəcək”.

Fevralın 12-nə keçən gecə TSAXAL Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə 50-dən çox zərbə endirib. İsrailin “Telegram” kanallarının məlumatına görə, HƏMAS-ın qərargahı vurulub. Təşkilatın yüksək rütbəli üzvlərinin sıradan çıxarıldığı qeyd edilir. Əməliyyat zamanı HƏMAS tərəfindən oktyabrın 7-də əsir götürülən iki israilli azad edilib.

Yeri gəlmişkən, Netanyahu hesab edir ki, beynəlxalq təzyiqlərə görə Qəzza zolağının cənubundakı Rəfah şəhərində HƏMAS batalyonlarının məhv edilməsi əməliyyatı bir ay ərzində - martın 10-da başa çatmalıdır. Bu barədə “Times of Israel” qəzeti yazır.

İsrailin “12-ci” telekanalının məlumatına görə, Baş nazir bu yaxınlarda hərbi kabinetə bildirib ki, beynəlxalq təzyiqləri nəzərə alaraq Qəzza zolağının ən cənub şəhərindəki əməliyyat müsəlmanların müqəddəs Ramazan ayından əvvəl başa çatdırılmalıdır. Astronomlara görə, bu il Ramazan 11 Mart - 9 Aprel dövrünə düşür.

Telekanalın iddiasına görə, eyni iclasda İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Netanyahuya hərbçilərin əməliyyata hazır olduğunu, lakin İsrail hökumətinin ilk olaraq planla bağlı qərar verməsinin zəruri olduğunu bildirib. Qəzza zolağının şimal və mərkəzi hissələrindən, eləcə də Fələstin anklavının Misirlə sərhədi boyunca yerləşən Rəfahda olan mülki köçkünlərlə bağlı tədbirlər təsdiq edilməlidir.

Fevralın 9-da Netanyahunun ofisi bəyan edib ki, İsrailin Baş naziri hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərində dinc sakinlərin təxliyyəsi və radikal HƏMAS hərəkatının qalan dörd batalyonunun ləğvi üçün plan hazırlamağı tapşırıb. Fevralın 7-də İsrail hərbçiləri Rəfahda döyüşlərin başlamasına hazırlaşmaq əmri alıblar.

BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada hərbi əməliyyatın miqyasının yüz minlərlə fələstinlinin sığındığı Rəfah sərhədinə qədər genişləndirilməsi planlarından narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu, anklavda humanitar vəziyyətin pisləşməsinə səbəb ola bilər.

Netanyahunun açıqladığı plan nə dərəcədə realdır? Martın 10-na bir aydan da az müddətdə terror təşkilatını yerlə-yeksan etmək şansı varmı? Bu, Yaxın Şərqdəki müharibənin sonu ola bilərmi?

AYNA mövzunu tanınmış israilli ekspertlərlə müzakirə edib.

Siyasi şərhçi, publisist Aviqdor Eskin (Qüds):

“HƏMAS-ın sonu yaxınlaşır. İki həftə və ya bir ay çəkəcək, indi proqnozlaşdırmaq çətindir. Bu, Rəfahın mülki əhalisinin təxliyyə planı ilə bağlıdır. Belə bir humanitar əməliyyat müəyyən vaxt aparacaq.

İsrail ordusu terrorçu qruplaşmaları təmizləmək üçün parlaq əməliyyat keçirdi. Qəzzada düşmən Moskva metrosundan daha uzun tunellər qazıb. Dünyada heç bir ordu belə bir problemlə üzləşməyib. Bu, təkcə əhalinin sıx məskunlaşdığı ərazidə müharibə deyil, daha çox - yeraltı şər krallığında müharibədir.

İsrail mətbuatında çıxan bəzi nəşrlər şayiələrin və ya yarımçıq məlumatların nəticəsi ola bilər. Müharibə zamanı heç kim kartlarını tam ortaya qoymur. Hərbi əməliyyat çox yaxşı gedir. Və bu, əsas şeydir”.

Politoloq Aleksandr Nepomnyaşiy:

“Oktyabrın 7-də Qəzzadan olan ərəblərin israillilərə qarşı törətdiyi dəhşətli soyqırımı ilə bağlı “hər şey o qədər də sadə deyil” ruhunda bəyan edən BMT Baş katibinin fikrini nəzərə almağın heç bir mənası yoxdur. Xüsusilə də Qəzza zolağında BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki əsas binası altında HƏMAS terror təşkilatının qərargahı və tunelinin aşkarlanmasından sonra.

Başqa sözlə, BMT agentliyi HƏMAS-ı hərfi və məcazi mənada müdafiə edirdi. Əslində, bu sektorda HƏMAS infrastrukturunun bir hissəsinə çevrilmiş və sektorda humanitar vəziyyətin pisləşməsinin səbəblərindən biri olan BMT-nin UNRWA agentliyidir.

Əgər Bayden administrasiyası bunu etməsəydi, yəni, mülki şəxslərin Qəzza zolağından çıxmasına mane olmasaydı, təbii ki, HƏMAS terror qruplaşmasının məhv edilməsi işi Qəzza zolağı əhalisinin israillilərin soyqırımında iştirak etməmiş hissəsi arasında xeyli az itki ilə başa çatdırıla bilərdi. Yəni, Qəzza sakinlərinə dünyanın hər yerində müharibə zonalarında olanlarla eyni hüquq veriləcəkdi. Amma üçüncü ölkələrə gedərək müharibə zonasını tərk etmək hüququndan məhrum edildilər.

Təəssüf ki, müharibə başlayandan bəri Bayden administrasiyası İsrailin Misir hökumətini qəzzalıların Rəfah sərhəd keçidi vasitəsilə ərazini tərk etməsinə razı salmaq cəhdlərinə qəti şəkildə qarşı çıxıb. Keçən ay Təl-Əvivdə çıxış edən dövlət katibi Entoni Blinken ABŞ-ın qəzzalıların ərazini tərk etməsinə icazə verməməsinə bir daha etiraz etdiyini deyib.

Birləşmiş Ştatlar fələstinli ərəblərin Qəzza zolağından kənarda məskunlaşdırılmasını təşviq edən hər hansı təklifləri birmənalı şəkildə rədd edir. Qəzzalıların getməyə yeri yoxdur. Oktyabrın 7-dən etibarən bir sıra ölkələr, o cümlədən Rusiya, Türkiyə, Şotlandiya və Kanada qəzzalıların onlara sığınmasına icazə verməyə hazır olduqlarını bəyan edib.

HƏMAS-ın dövlət sponsoru olan Qətər də başqa variantdır. Yeri gəlmişkən, Rəfah bu qaçqınların üçüncü ölkələrə uça biləcəyi “El Ariş” Beynəlxalq Hava Limanından qısa bir məsafədədir.

Britaniyanın “Guardian” qəzetinin yazdığına görə, sığınacaq istəyən qəzzalılar hazırda Misirə buraxılmaları üçün Misir sərhədçilərinə 10 min dollar rüşvət verməyə məcburdurlar. Üstəlik, fevralın 4-nə olan məlumata görə, TSAXAL HƏMAS-ın taktikasını dəyişdiyini təxmin edir. HƏMAS tunellərdən TSAXAL qüvvələri ilə vuruşmaq əvəzinə, Qəzza zolağındakı İsrail bölmələrinə getdikcə daha çox hücum edir və hazırda yüz minlərlə qəzzalının sığındığı humanitar təhlükəsiz zonalardan İsraili raketlərlə bombalayır.

Bu şərtləri nəzərə alaraq, ABŞ-ın mövqeyi İsraildən çoxlu sayda mülki əhalinin həyatı bahasına HƏMAS-ı məğlub etmək və ya məğlubiyyət arasında seçim etməyi tələb edir. İsrail bunu edə bilməz. Bizim üçün HƏMAS-ı məhv etmədən müharibəni bitirmək perspektivi qəbuledilməz bir nəticədir.

HƏMAS İsrailin cənubunda israillilərə qarşı törətdiyi soyqırımından sağ çıxsa, təkcə qələbəsini elan etməyəcək. İran rejimi və onun İsraili əhatə edən bütün terrorçu əlaltıları eyni anda bir neçə cəbhədə yəhudi dövlətinə daha da amansız zərbə vurmaq cəsarəti qazanacaqlar. Ona görə də qələbə qazanmağa məcburuq.

Təbii ki, Qəzza zolağının HƏMAS-dan təmizlənməsi - terrorçuların tutulması, silahların toplanması və s. daha çox aylar çəkəcək, ona görə də müharibənin bir ay ərzində bitəcəyinə inanmaq çətindir.

Eyni zamanda, Baş nazir Netanyahunun səsləndirdiyi plan TSAXAL-ın Baş Qərargahının hərbi mütəxəssislərinin ekspert qiymətləndirmələrinə əsaslandığı üçün hesab edirəm ki, aktiv döyüş əməliyyatları mərhələsi İsrail rəhbərliyinin təklif etdiyi kimi martın ortalarına qədər başa çatdırıla bilər”.

Müəllif: Rauf Orucov
Tarix: 17-02-2024, 11:16
Xəbəri paylaş



Xəbər lenti