Özbəkistan və Rusiya arasında gərginlik niyə artır? – PƏRDƏARXASI MƏQAMLAR

Özbəkistan və Rusiya arasında gərginlik niyə artır? – PƏRDƏARXASI MƏQAMLAR
Son günlər Moskva ilə Daşkənd arasında müəyyən gərginlik yaranıb. Gərginliyə səbəb isə Özbəkistanda fəaliyyət göstərən Jurnalistika və kütləvi kommunikasiyalar universitetinin rektoru Şerzodxon Kudratxocanın dediyi sözlər olub. Rusiyanın iddiasına görə, rektor öz ölkəsinin özbək dilini bilməyən sakinləri haqqında son dərəcə təhqiramiz və qəbuledilməz formada ifadə işlədib, onlara xitab edərək deyib: “Kimliyinizi müəyyənləşdirin, işğalçısınız, yoxsa axmaq?”

Bununla bağlı olaraq Özbəkistanın Moskvadakı səfiri Botirjon Əsədov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib.

Moskva bu açıqlamanı daxildən və ya xaricdən Rusiya və Özbəkistan xalqları arasında çəkişmə yaratmaq cəhdi kimi dəyərləndirib.

Özbəkistanla Rusiya arasında yaranan gərginliyin səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Moskva ilə Daşkənd arasında yaranan gərginlik Özbəkistanın türk dünyası ilə daha sıx əlaqələr qurmaq istəyinin Rusiyanı narahat etməsilə bağlıdır:

“Rusiya hazırda Türk Dövlətləri Təşkilatı ilə bağlı həddən artıq narahatlıq keçirir. Onların Türkiyəyə gücü çatmır. Azərbaycan da bu məsələdə Türkiyənin yanındadır. Özbəkistana gəldikdə, bu ölkə Türkiyədən sonra əhalisinə görə ən böyük türkdilli ölkədir. Özbəkistan Prezidenti də sürətlə ölkəsini türk dünyası ilə sıx birləşdirməyə çalışır.

Özbəkistan həmçinin, Orta Asiyanın digər türkdilli ölkələrilə müqayisədə daha çox turançılığa meyllənir. Bu da təbii ki, Rusiyanı narahat etməyə bilməz. Qazaxıstanda keçən il baş verən hadisələr də göstərdi ki, Rusiya Mərkəzi Asiyada nəyisə dəyişdirmək gücündə deyil. Moskva yaranmış durumdan istifadə edib, Özbəkistanda aranı qarışdırmağa, bu ölkəni sıxışdırmağa çalışacaq. Onun belə addımlara gedəcəyini gözləmək olar. Amma Moskvanın bu addımı bumeranq effekti verəcək”.

Mənbə: bizim.media
Tarix: 16-02-2024, 13:06
Xəbəri paylaş



Xəbər lenti