Rusiya Suriya sərhəd keçidi məsələsində ‘son anda’ Qərbə güzəştə gedir



BMT Təhlükəsizlik Şurası milyonlarla ehtiyacı olan insan üçün humanitar yardımların çatdırılması üçün Suriya sərhəd keçidindən istifadənin müddətini bir il artırıb.
İndiyədək bu müddətin uzadılmasına qarşı çıxan Rusiya son anda güzəştə gedib.
ABŞ prezidenti Co Bayden və onun rusiyalı həmkarı Vladimir Putin iyulun 9-da telefon söhbəti zamanı qərardan razı qaldıqlarını bidliriblər.
Təhlükəsizlik Şurasında iyulun 9-da qəbul edilmiş qərar suriyalılara daha 12 müddətində humanitar yardımların çatdırılmasına imkan verəcək.
Bundan əvvəlki razılaşmanın müddəti iyulun 10-da başa çatmalıydı.
ABŞ və Rusiyanın BMT-dəki səfirləri Linda Tomas-Qrinfild və Vasili Nebenziya arasında razılaşma iyulun 9-da əldə olunub.
Bundan sonra iki səfir razılaşmanı 15 üzvdən ibarət Təhlükəsizlik Şurasına təqdim edib. Qərar yekdilliklə qəbul olunub.
Qətnamə Suriyanın şimalındakı İdlib qəzasına Türkiyədən Bab əl-Həva sərhəd keçidi ilə yardımların gətirilməsinə icazə verir.
Türkiyə bu sərhəd keçidinin açıq qalmasında maraqlı idi.
6 aydan sonra
Güzəştli əsasda qəbul edilmiş sənəddə deyilir ki, 6 aydan sonra BMT-nin baş katibi Antonio Quterres sözü gedən sərhəd keçidindən yardımın gətirilməsinin “şəffaflığı” barədə hesabat təqdim etməlidir. Lakin qətnamə onun 6 aydan sonra təkrar səsə qoyulmasını tələb etmir.
Rusiya Bab əl-Hava keçidinə qarşı çıxarkən BMT və bir çox Qərb ölkələrinin bu keçidə alternativ olmaması barədə qənaətini qəbul etmədiyini deyirdi.
Moskva mübahisə edirdi ki, yardımlar Suriya hökumətinin nəzarətində olan ərazidən də gətirilə bilər.
Suriyanın Türkiyə ilə sərhədində yerləşən bu keçiddən yardımlar əsasən Ankaranın dəstəklədiyi qiyamçıların nəzarətində olan İdlib qəzasına gətirilir.
BMT bildirmişdi ki, 2 milyonu qiyamçıların nəzarətindəki ərazilərdə olmaqla 3.4 milyon suriyalının humanitar yardıma ehtiyacı var.
“Tarixi an”
Bayden və Putin arasında bir saatlıq telefon söhbətindən sonra Ağ Evin yaydığı bəyanatda deyilir ki, liderlər öz ölkələrinin işçi qruplarının bu uğurundan razılıq ifadə ediblər.
Tomas-Qrinfild deyib ki, bu qətnamə insan həyatlarını xilas edəcək:
ABŞ səfiri əlavə edib ki, bu razılaşma “ümumi məqsədlər diplomatik qaydada müzakirə olunarkən ruslarla birgə çalışmağın mümkünlüyünü göstərir”.
Diplomat deyib ki, o, ortaq maraq kəsb edən başqa məsələlərdə də belə imkandan istifadə ediləcəyinə ümid edir:
“İndi valideynlər rahat yata bilərlər ki, onların uşaqları 12 ay ac qalmayacaqlar”.
Rusiya səfiri Nebenzya qətnaməni “tarixi an” adlandırıb. O ümid etdiyini deyib ki, bu razılaşma təkcə Suriya üçün yox, bütünlükdə Yaxın Şərq regionu üçün dönüş nöqtəsi olacaq:
“Bu, əlbəttə Putin və Baydenin Cenevrədə apardıqları müzakirələrə uyğun olan bir dönüş nöqtəsi olmalıdır. Bu onu göstərir ki, biz ehtiyac və iradə olanda əməkdaşlıq edə bilirik”.
Azadlıq radiosu
Tarix: 10-07-2021, 15:48
Xəbəri paylaş



Xəbər lenti