Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə səhhətində yaranan problemlərlə bağlı açıq ürək əməliyyatı keçirmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon filialının sədri vəzifəsində çalışan, ikinci dərəcəli Birinci Qarabağ müharibəsi əlili Yusifov Suludin Bəhmən oğlunu ziyarət edib.
Ziyarət zamanı icra başçısı Suludin Yusifovla səmimi söhbət aparıb, onun səhhəti ilə maraqlanıb, tezliklə tam sağalaraq sağlam həyatına qayıtması üçün ən xoş arzularını bildirib.
Qeyd edək ki, Suludin Yusifov Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucov və Elman Hüseynovla birgə döyüşən Suludin Yusifov düşmən atəşi nəticəsində ağ ciyərindən güllə yarası alaraq yaralanıb və ehtiyata buraxılıb. Aldığı xəsarətlərə görə ona ikinci dərəcəli əlillik təyin olunub və o, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilib.
Birinci Qarabağ müharibəsi əlili ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.