Rusiyanı “Əfqanıstan bataqlığı”na çəkib, Şərqdən vurmağa çalışırlar: Kreml Orta Asiya xaosuna hazırlaşır



Əfqanıstandakı yeni xaos və terror dalğası Orta Asiya ölkələrinə də sıçrayarsa, Rusiya ciddi təhlükə qarşısında qalacaq; Bu halda, Rusiya uzun müddət “Əfqanıstan bataqlığı”nda çabalamaq məcburiyyətində qala bilər…

NATO hərbi bazalarının Əfqanıstandan çıxarılması Orta Asiyada yeni situasiya yaratmağa başlayıb. Artıq Taliban hərəkatının silahlı qruplaşmaları Əfqanıstanın vilayətlərini bir-birinin ardınca nəzarət altına almaqdadırlar. Və bu proses yaxın gələcəkdə olduqca qorxunc kataklizmlər vəd edir.
Məsələ ondadır ki, hazırda Əfqanıstanda yalnız Türkiyə hərbi kontingenti qalıb. Türkiyə hərbçilərin missiyası isə sadəcə, Kabul hava limanına nəzarət etmələ məhdudlaşır. Bu isə bütün ölkə boyu Talibanın əl-ayağının açılması deməkdir.
İndi Əfqanıstanın son vaxtlara qədər NATO hərbi bazalarının sayəsində mövcudluğunu qoruyan mərkəzi hakimiyyətinin taleyi böyük təhlükə qarşısında qalıb. ABŞ xüsusi xidmət servislərinə yaxın analitiklərin iddialarına görə, Əfqanıstan hakimiyyəti NATO hərbi bazaları bu nölkədən çıxarıldıqdan sonra təxminən 6-12 ay ərzində öz mövcudluğunu itirə bilər. Və bu, Əfqanıstanın həm də siyasi cəhətdən Talibanın əlinə keçməsi prosesinin yekunlaşması olacaq.
1345575.jpg (54 KB)
Əslində, NATO hərbi bazalarının Əfqanıstandan çıxarılacağı təqdirdə, bu ölkədə baş verəcəkləri ABŞ və Qərb tam dəqiqliyi ilə bilirdi. Məsələn, bu barədə qərar qəbul edildikdən sonra ABŞ generalı Skott Miller NATO bazaları olmadan Əfqanıstanda yaşana biləcəklərin anonsunu vermişdi. O, bildirmişdi ki, əgər, NATO qoşunları çıxarılarsa, ən qısa zamanda Əfqanıstanda daxili xaos və vətəndaş müharibəsi başlayacaq. Və bu xaos böyük sürətlə Əfqanıstanla qonşu regionlara yayıla bilər.
Göründüyü kimi, ABŞ və Qərb atılan addımın verəcəyə nəticəni əvvəlcədən bilməmiş deyil. Vaxtilə kəskin etirazların olmasına baxmayaraq, NATO bu ölkəyə girib, hərbi bazalar yaratdı. İndisə Əfqanıstanın və qonşu ölkələrin buna hazır olmadığı bir mərhələdə NATO bazalarının çıxarılması barədə qərar verildi. Və bunun məqsədyönlü şəkildə atılmış addımlar olduğu artıq qətiyyən şübhəı doğurmur.
Hazırda bütün baş verənlərdən ən çox narahatlıq keçirən Əfqanıstan ətrafındakı regiona qonşu olan Rusiya hesab olunur. Çünki Kremlə yaxın siyasi dairələr bu prosesləri özünəməxsus əsəbi ritorika ilə izah etməyə çalışırlar. Onların fikrincə, amerikalılar Əfqanıstanda 133 milyard dollarlıq sərvəti mənimsədilər. Və indisə hər şeyi taleyin ümidinə buraxıb, qaçırlar.
Rusiya siyasi dairələri hesab edirlər ki, ABŞ və Qərbin yeni Əfqanıstan böhranı icad etməkdə xüsusi hədəfləri var. Yəni, Əfqanıstanın sərvətlərini amerikalılar talasalar da, indi bu ölkədən ətrafa yayıla biləcək terrorizmlə məhz Rusiya mübarizə aparmalı olacaq. Hər halda, Əfqanıstanda daxili xaos və vətəndaş müharibəsi dərinləşərsə, bu prosesin Rusiya üçün önəmli olan Orta Asiyaya da sıçrayacağı qətiyyən şübhə doğurmur.
1506140536_1.jpg (32 KB)
Kremldə şübhə etmirlər ki, ABŞ və Qərbin növbəti Əfqanıstan avantürasında əsas hədəf kimi məhz Rusiya seçilib. Belə ki, Əfqanıstanın “hərbi-siyasi bataqlıq” olduğu artıq çoxdan sübut olunub. Son 40 ildə bu ölkədə hərbi kontingent yerləşdirən ölkələrin hər birisi böyük uğursuzluğa düçar olub. Ardınca da bu ölkəni tərk etmək məcburiyyətində qalıb. Vaxtilə eyni taleyi keçmiş SSRİ-də yaşamışdı. İndisə ABŞ və NATO-da uğursuzluqla uz-üzədir. Və indi Rusiyanı açıq hədəfə çevirməklə, Əfqanıstanı tərk etməyə qərar verib.
Vaxtilə NATO qoşunlarının Əfqanıstana yerləşdirilməsi də ABŞ və Qərbin Rusiyaya qarşı strateji maraqlarından qaynaqlanırdı. Çünki Rusiya Orta Asiyadan keçməklə, Sakit Okeanın Çin sahilləri ətrafına neft kəməri çəkməyi planlaşdırırdı. NATO bazalarının Əfqanıstana yerləşdirilməsi ilə bu plan bloklanmış oldu. Eyni zamanda, İranın Şərqə doğru əməkdaşlıq qapılarını da qapatmaq məqsədi güdülürdü. Artıq bu məqsədlərə nail olunub. ABŞ və Qərbə artıq Əfqanıstanda NATO bazalarının olması o qədər də əhəmiyyətli deyil.
Əksinə, hazırda Əfqanıstandan NATO bazalarının çıxarılması ABŞ-a daha sərfəlidir. Bu addımın atılması da xüsusi strateji hədəflərin reallaşdırılmasına hesablanıb. Üstəlik, NATO hərbi bazalarının Əfqanıstandan çıxarılması Taliban qruplaşması ilə səhnəarxası anlaşma əsasında reallaşdırılır.
Əsas məqsəd Əfqanıstanda daxili xaosun yenidən bərpa olunması ilə bağlıdır. General S.Millerin də dediyi kimi, Ağ Evdə əmindirlər ki, Əfqanıstanda yeni xaos yaranarsa, bu fəlakət dalğası mütləq Orta Asiya ölkələrinə də sıçrayacaq. Bu baxımdan, hazırda Əfqanıstan ilə həmsərhəd ölkələr, xüsusilə də, Tacikistan ciddi təhlükə qarşısındadır.
5e8c6744dfa64_afqan.jpg (139 KB)
Taliban Əfqanıstanın əyalətlərini böyük sürətlə ələ keçirməklə, Tacikistan sərhəddinə yerləşməyə başlayıb. İndi Əfqanıstanın Tacikistanınla 920 kilometrlik sərhəd zolağı Talibanın nəzarətindədir. Və bu, Tacikistanda daxili gərginliyi artırmaqdadır. Çünki Tacikistanda Talibanla özəl və gizli əlqaləri olan qruplaşmalar kifayət qədərdir. Bu, Talibanın da dəstəyi ilə ölkədaxili silahlı toqquşmaları stimullaşdıra bilər.
Digər tərəfdən, Talibanın silahlı dəstələrinin Tacikistan ərazisinə əngəlsiz keçmək imkanları da var. Çünki Tacikistan öz dövlət sərhədlərini qorumaqda ciddi çətinliklər çəkən ölkədir. Ona görə də, bu ölkə artıq sərhədlərin nəzarət altına alınmasına yardım göstərilməsi üçün Rusiyaya və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Və həm Rusiyadan, həm də KTMT-dan müsbət cavab alıb.
Rusiya isə Tacikistana yardım göstərməyə məcburdur. Çünki Tacikistanın yerləşdiyi Orta Asiya Rusiyanın sərhədlərinə bağlı regiondur. Taliblərin müdaxiləsi ucbatından Tacikistanda yarana biləcək hərbi toqquşmalar bu ölkəni dərin xaosa, terrorizmin ağuşuna sürükləyə bilər.
Sonrakı mərhələdəsə, Tacikistandakı xaosun, terrorun bütün Orta Asiyanı bürüyə biləcəyi qətiyyən istisna deyil. Yəni, Rusiya sərhədləri ətrafında yeni xaos, terror bataqlığının yaranma ehtimalı tamamilə realdır. Kreml bu hadisələrin yaxın perspektivdə daha da inkişaf edərək, Rusiya ərazisinə keçə biləcəyini də qətiyyən nəzərdən qaçırtmır.
Ona görə də yəqin ki, Rusiya Tacikistanın sərhədlərini mümkün qədər qorumağa çalışacaq. Bunu Rusiyanın maraqları tələb edir. Artıq elə bir vəziyyət yaranmağa başlayıb ki, Tacikistanın Əfqanıstanla sərhədləri Rusiya üçün öz sərhədləri qədər əhəmiyyət qazanıb.
AFQ1502281492.jpg (50 KB)
Digər tərəfdən, ABŞ Orta Asiyada terrorun yolunu açıb, bu regionu qarışdırmaqla, Avropadan başlayaraq, Cənubi Qafqaz, Xəzər və Orta Asiya üzərindən keçib, Çinə qədər uzanacaq Yeni İpək Yolu layihəsini də bloklamaq niyyəti güdür. Ağ Ev hazırda özünün birbaşa edə bilmədiyini məhz terrorçu Taliban qruplaşmasının əliylə edə biləcəyinə ümid bəsləyir.
Yəni, NATO hərbi bazalarının Əfqanıstandan tez-tələsik çıxarılması hazırda yalnız ABŞ-ın strateji maraqlarına cavab verir. Əsas məqsəd Rusiya ətrafında xaos bölgəsi yaratmaq və Avropanı Çinlə birləşdirəcək Yeni İpək Yolu layihəsini iflasa uğratmaqdır.
Bütün bunları nəzərə aldıqda, yaxın vaxtlarda ilk növbədə Orta Asiya ölkələrinin, o cümlədən də Rusiyanın yeni xaosa hazır olması lazım gələcək. Çünki bəzi ehtimallara görə, Əfqanıstanda daxili xaos və vətəndaş müharibəsi minlərlə qaçqının qonşu ölkələrə axın etməsinə yol aça bilər. Bu isə Orta Asiya ölkələrinə, eləcə də Rusiyaya qaçqınların arasında terrorçuların da keçməsinə şərait yaradacaq problemdir. Həmin terrorçuların fəaliyyəti nəticəsində Orta Asiyada və Rusiyada uzun illər “yatmış hücrələr”in yenidən oyanması və etnik münaqişələrin bərpası bu regionu ciddi kataklizmlərə sürüklərə bilər.
Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanı KTMT ilə birlikdə yenidən Əfqanıstan bataqlığına sürükləməyə çalışır. Yəni, ABŞ və Qərb Rusiyanı Şərqdən vurmağa cəhd göstərir. Əgər, bu, baş verərsə, Rusiya uzun müddət “Əfqanıstan bataqlığı”nda çabalamaq məcburiyyətində qala bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Tarix: 8-07-2021, 17:44
Xəbəri paylaş



Xəbər lenti