Avropa Merkel və Makronun Putinlə sammit təklifini rədd edib




Kreml Avropa İttifaqı liderlərinin Rusiya prezidenti Vladimir Putinlə sammit keçirilməsi üçün Fransa və Almaniyanın təklifi barədə razılığa gələ bilməmələrindən məyusluq ifadə edib.
Kansler Angela Merkel və prezident Emmanuel Makron tərəfindən irəli sürülümüş bu təklif Brüsseldə gecənin gec saatlarında qızğın mübahisələrə səbəb olub və İttifaq üzvü olan ölkələrin, xüsusilə də Şərqi Avropa ölkələri liderlərinin ciddi müqaviməti ilə üzləşib.
Təklifin əleyhinə olanlar bildiriblər ki, münasibətlərin son dərəcə pis olduğu bir vaxtda Putinlə dialoq Moskvaya yanlış mesaj verə bilər.
Avropa İttifaqı sammitinin 25 iyun tarixli bəyanatında deyilir ki, “liderlər Rusiya ilə dialoqun format və şərtlərini araşdıracaqlar”.
Sənəddə qeyd olunur ki, Avropa İttifaqı onun marağında olan bəzi sahələr üzrə Rusiya ilə seçənəkli müzaklirələr apara bilər. Burada söhbət ilk növbədə iqlim və ətraf mühit, səhiyyə, İranla nüvə sazişi, Liviya və Suriya kimi məsələlərdən gedir.
Kreml bildirib ki, Avropa İttifaqının Putinlə sammitləri bərpa etməmək qərarından təəssüf hissi keçirir:
“Prezident Putin Moskva və Brüssel arasında işlək münasibətlərin bərpasında həmişə maraqlı olub və yenə də maraqlıdır”.
Strateji maraqlar
Fransa və Almaniya 2014-cü ildən dayandırılmış Rusiya-Aİ sammitlərinin bərpa olunmasını təklif etmişdilər.
Onlar iyunun 16-da ABŞ prezidenti Co Bayden və Putin arasında keçirilmiş Cenevrə sammitini əsas gətirirdilər.
Buna baxmayaraq, Rusiya təcavüzündən narahat olan üzv ölkələr, xüsusilə də Estoniya, Litva, Latviya, habelə Polşa və Rumıniya Putinlə dialoqa qarşı çıxıblar.
Rusiya Avropa İttifaqının ən böyük enerji təchizatçısıdır və İranla nüvə razılaşması, habelə Liviya və Suriya kimi Avropanın strateji marağında olan məsələlərdə əsas rol oynayır.
Lakin Avropa İttifaqı və Rusiya arasında bir sıra ciddi fikir ayrılıqları var. Bunlar Ukraynanın təhlükəsizliyi və Belarusda insan haqlarının vəziyyəti, habelə Moskvanın xaricdəki seçkilərə müdaxiləsi və Avropada təhlükəsizlik və stabilliyə hədə təşkil etməsi kimi məsələlərdir.
Təklif verənlərin arqumenti
Avropa İttifaqı Rusiya prezidenti ilə sammitləri Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra dayandırıb.
Qərb bununla əlaqədar Rusiya üzərinə sanksiyalar qoyub, lakin Ukraynanın şərqindəki münaqişə ocağı hələ də közərməkdədir.
Putinlə sammit təklifi verən Emmanuel Makron Brüssel görüşündən əvvəl demişdi ki, “biz Rusiya ilə münasibətlərə dialoqsuz davam edə bilmərik”.
Almaniya kansleri Angela Merkel isə bildirmişdi ki, son ayların hadisələri Rusiya ilə dialoqun zəruriliyini nümayiş etdirib.
O deyib ki, “bizim Rusiyanın təxribatlarına əlaqələndirilməmiş şəkildə reaksiya verməyimiz kafi deyil”.
Merkel qeyd etmişdi ki, Rusiyanın “hibrid hücumlarına” vahid və həmrəy cəbhədən reaksiya verilməsi üçün “mexanizmlər” olmalıdır.
“Bal küpəsi varədə ay ilə dialoq”
Merkel sammitdən sonra deyib ki, onun istədiyi dialoq formatsız da başlana bilər.
Almaniyanın Rusiyada nəhəng iqtisadi maraqları var və Berlin Rusiya qazını birbaşa Almaniyaya gətirməli olan Şimal Axını 2 kəmərinin tikintisinin başa çatdırılmasını istəyir.
Lakin bu təklifə qarşı çıxan Litva prezidenti Gitanas Nauseda deyib ki, Rusiya davranışlarını dəyişmədən onunla heç bir dialoqdan söhbət gedə bilməz.
Nauseda əlavə edib ki, belə bir sammit “bal küpünü salamat saxlamaq üçün ayı ilə danışıqlar aparmağa” bənzəyərdi.
Latviya prezidenti Krisyanis Karins isə deyib ki, diplomatiyanın Ukraynadakı münaqişəyə son qoya bilmədiyi bir vaxtda Rusiyanı dialoqla mükafatlandırmağa dəyməz.
Bəyənatda deyilir ki, Rusiya özünün dezinformasiya, kiberhümlar və İttifaqda ixtilaf yaradılmasına cəhdlər kimi fəaliyyətlərini davam etdirərsə, Moskva üzərinə yeni sanksiyalar qoyula bilər.
Azadlıq radiosu
Tarix: 26-06-2021, 09:49
Xəbəri paylaş



Xəbər lenti