Qara dəniz artıq NATO-nun nəzarət dairəsinə keçir






"Federal hökumət açıq şəkildə Rusiya ilə savaşa hazırlıq kursu götürür"

Kremlin bölgədə hərbiləşmənin qarşısını almaq cəhdi nəticə vermir


Rusiyanın ABŞ-dakı səfirliyi NATO ölkələrini Qara dənizdəki “Sea Breeze 2021” təlimindən imtina etməyə çağırıb. Səfirlikdən bildirilib ki, bu təlimin aqressiv xarakteri və miqyası Qara dəniz regionunun real təhlükəsizlik hədəflərinə cavab vermir. Həmçinin, təlimlərin Kiyevin militarist əhval-ruhiyyəsini genişləndirdiyi ifadə olunub.

Bu arada Almaniyanın da Rusiya ilə savaşa hazırlaşdığı iddia edilib. Almaniyanın Sol Fraksiyasından olan deputat Sevim Dağdələn deyib ki, alman hökuməti misilsiz silahlanma ilə məşğuldur: “Bu, Rusiyanın hərbi xərclərini əhəmiyyətli miqdarda üstələmək deməkdir. Federal hökumət açıq şəkildə Rusiya ilə savaşa hazırlıq kursu götürür. Rusiya ilə mübarizəyə çağırış edən istənilən güc gərginliyin azaldılmasında və ümumi Avropa evinin yaradılmasında maraqlı deyil”. 

Rusiyanın narahatlığını “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, NATO Qara dənizə nəzarətini artırmağa çalışır və bu, Rusiyanı qıcıqlandırır. Siyasi şərhçinin sözlərinə görə, Qara dəniz bölgəsi həm Rusiya, həm də Qərb üçün çox mühüm məkandır:

“Bunlar boğazlar, təhlükəsizlik və iqtisadi məsələlərdir. Qara dənizin köməyi ilə Suriya, Liviya və digər əhəmiyyətli Aralıq dənizi ölkələri ilə əlaqə qurmaq mümkündür. Yəni Qara dənizdəki infrastruktur da  strateji baxımdan önəmlidir. Digər tərəfdən, Rusiyanın Qara dəniz sahillərində son dərəcə çətin münasibətlər qurduğu dövlətlər var. Bunlar Bolqarıstan, Rumıniya, Ukrayna və  Gürcüstandır. Moskvanın Qara dəniz bölgəsində qondarma “Abxaziya”   xaricində müttəfiqi yoxdur. Məhz bu səbəbdən Rusiya Krımda “Kalibr” daxil olmaqla yeni silah növləri və hərbi birləşmələr yerləşdirir,  infrastrukturunu aktiv şəkildə modernləşdirir. Bu, təhlükəsizliyimizlə əlaqədar məsələdir. ABŞ isə bunun qarşısını almaq üçün addımlar atır”.

Analitik vurğulayıb ki, amerikalılar Qara dəniz regionunda pilotsuz uçan aparatlardan kəşfiyyat məqsədləri üçün fəal istifadə edirlər. Onlar da Ukraynanı  ciddi şəkildə qoruyurlar:

“Nəzərə alsaq ki, son illər amerikalılar  pilotsuz uçan aparatların, o cümlədən Kiyev bölgəsinin daha çox idarəetmə mərkəzləri yaradırlar, ehtimal etmək olar ki, onlar Rusiyanın A2 (Anti Access - girişin qarşısını almaq) və AD (Area Denial - bölgəni qorumaq) zonaları daxilində məsələlərin həlli üçün istifadə olunacaq. NATO hərbi terminologiyasına nəzər salsaq, son 20 ildə tez-tez A2/AD terminindən istifadə edildiyini görə bilərik. 

Bu terminlər uzaqmənzilli raketlərə, döyüş təyyarələri və gəmilərə, həmçinin sensorlardan ibarət çoxsaylı müdafiə sisteminə verilən addır.

A2-nin məqsədi düşmən ölkənin qüvvələrinin dost zonaya girməsinin qarşısını almaq, AD-nin məqsədi isə düşmən qüvvələrinin dost ölkələrinin ərazisində sərbəst fəaliyyət göstərməsinin qarşısını almaq və müttəfiqin döyüş gücünü artırmaqdır.

Vaşinqton və Brüssel baxımından Rusiyanın A2/AD bölgələri Kalininqrad, Murmansk, Sevastopol, Novorossiysk, Vladivostok, Petropavlovsk-Kamçatski, Moskva və Suriyadakı Xmeymim hava bazasıdır. Qara dəniz isə artıq NATO-nun nəzarət dairəsinə keçir və Kremlin bunun qarşısını almaq səyləri hələ ki güclü effekt vermir”.
Tarix: 24-06-2021, 09:19
Xəbəri paylaş



Xəbər lenti