İyunun 3-də ABŞ-da qərargahlanan Atlantika Şurası “Ukrayna və Cənubi Qafqazda Türkiyə ilə Rusiya arasında rəqabət” adlı vebinar keçirib. Vebinarda Rusiya ilə Türkiyə arasında münasibətlər, xüsusilə Rusiya və Ukrayna arasında baş verən gərginliklər və Azərbaycanla Ermənistan arasında müharibə fonunda iki ölkənin regiondakı nüfuzu müzakirə olunub. Vebinarda iştirakçılara Türkiyənin Dağlıq Qarabağda müharibəni Rusiya qoşunlarının regionda yerləşdirilməsi fonunda bir uğur olaraq görüb-görmədiyinə dair sual ünvanlanıb. İştirakçılardan biri olan “Novaya Qazeta” jurnalının köşə yazarı Pavel Felgenhauer bu suala cavab olaraq deyib ki, belə bir düşüncə var ki, Rusiya Qarabağ müharibəsində Ermənistanı dəstəkləyib, amma əslində bu belə olmayıb. “Əgər Rusiya Ermənistanı dəstəkləsəydi, Ermənistan Qarabağın böyük bir hissəsini itirməzdi,” o deyib. Felgenhauer Rusiyanın Cənubi Qafqazdakı əsas məqsədinin keçmiş Sovet İttifaqı dövrünə aid sərhədlərini bərpa etmək və bütün Zaqafqaziyada nəzarəti ələ keçirmək olduğunu bildirib. “Bu isə o deməkdir ki, Ermənistanın müttəfiqini olmasını istəyirsənsə, bu problem deyil, amma Azərbaycanın düşməni ola bilməzsən, çünki onlar da, belə desək, sənin himayəndə olacaq.” Atlantika Şurasının Avrasiya Mərkəzinin direktoru Con Herbst isə deyib ki, bu müharibə yeni inkişaflara yol aça bilər. Belə ki, onun sözlərinə görə, “Ermənistan təhlükəsizliyi və suverenliyini Rusiyadan asılı” etmişdi, amma Rusiyanın Ermənistanla olan münasbətindəki maraqları Ermənistanla eyni deyildi. “Buna görə də Ermənistan müharibədəki məğlubiyyəti səbəbilə öz oriyentasiyasını yenidən nəzərdən keçirməyə hazırdır,” o deyib. Con Herbstin sözlətinə görə, əgər Türkiyə Azərbaycanın dəstəkçisi rolunu dəyişib, Cənubi Qafqazdakı bütün ölkələrlə münasibət qurub, Kremlin regiondakı maraqlarını azaltmaq və üç Cənubi Qafqaz ölkəsi arasında daha sabit münasibət qurmaq siyasətini yürütsə “biz yeni Cənubi Qafqazın yarandığını görə bilərik ki, bu da Kremlin maraqlarını əhəmiyyətli dərəcədə azalda və regionda sabitliyi artıra bilər.” Herbst həmçinin əlavə edib ki, Dağlıq Qarabağda status-kvo dəyişib və nəzəri baxımdan Rusiya qoşunlarının orada və Ermənistanda yerləşdirilməsinin məqsədi Azərbaycanın əlavə hərbi irəliləyişlər etməsinin qarşısını almaq, amma həm də Moskvanın Cənubi Qaqazdakı nüfuzunun əhəmiyyətli dərəcədə böyük olmasını təmin etməkdir. Onun fikrincə bu, həm Türkiyə həm də ABŞ-ın, eyni zamanda da Ermənistanın nöqteyi-nəzərindən mənfi bir haldır, çünki Rusiyanın Ermənistan üzərində nəzarətini möhkəmləndirir. Vebinarda çıxış edən Türkiyə xarici işlər nazirinin keçmiş müavini səfir Mehmet Fatih Ceylan ABŞ-Türkiyə və Türkiyə-Rusiya münasibətlərindən bəhs edib. Onun bildirdiyinə görə Türkiyə Rusiyadan S-400 raketləri aldığı üçün belə bir düşüncə yaranıb ki, sanki Tükiyə Qərb müttəfiqləri və tərəfdaşları ilə münasibətlərində dəyişiklik edir. “Amma unutmayın ki, Türkiyə başından bəri Ukraynanın və Cənubi Qafqazdakı tərəfraşlarının Qərbə inteqyasiyanın dəstəkləyib,” o deyib. Pavel Felgenhauer “Rusiyada çar dövrünün xarici siyasətinin, yəni Prezident Vladimir Putinin çar kimi xarici siyasətini yürütdüyünü” və ordu, diplomatlar və Rusiyadakı bir çox mühüm qrupların böyük bir hissəsinin buna qarşı çıxdığını bldirib. “Bu o deməkdir ki, bizim bu məsələ ilə bağlı tutarlı bir siyasətimiz yoxdur və daxili bir çəkişmə var. Bu da Rusiya-Türkiyə münasibətlərindəki bir çox qarışıqlığı izah edir ki, nə üçün biz bir böhran yaşayıb ardınca yaxın mübasibət qururuq,” -deyə, o bildirib. Vebinarda həmçinin Ukrayna baş nazirinin xarici siyasət üzrə müşaviri Dr. Yevgeniya Qaber də iştirak edib və o, Ukrayna ilə Rusiya arasında baş verən gərginlik fonunda Rusiya-Türkiyə münasibətlərindən bəhs edib. Amerikanın səsi