ABŞ və Fransa Ermənistana “quyu” qazır: özünə baş nazir seçməyə çalışan bu ölkə boş qala bilər



Paşinyan hakimiyyəti Ermənistana hərbi-siyasi nəzarəti itirmək üzrədir; ABŞ və Qərb Ermənistanı əsas “geopolitik xaos aləti”nə çevirməyə cəhd göstərir...

Ermənistan hələ uzun müddət qeyri-sabit ölkə olaraq, qalacaq. Bu, qətiyyən növbədənkənar seçkilərlə bağlı deyil. Seçkilərin nəticələri məlum olduqdan və yeni hökumət formalaşdıqdan sonra da Ermənistanda sabitliyin yaranacağı inandırıcı görünmür.
Ermənistanın problemləri daha dərindir. Bu ölkə həm daxili, həm də geopolitik problemlərlə uğraşmağa məhkumdur. Üstəlik, Ermənistan Cənubi Qafqaz uğrunda nəhəng dövlətlərin çəkişməsində də əsas qarşıdurma poliqonuna çevrilib. Və belə bir vəziyyətdən Ermənistan kimi maliyyə-iqtisadi, hərbi-siyasi resurslardan məhrum ölkənin çıxa bilməsi asan məsələ deyil.
Əslində, bu, o qədər də təəccüblü görünmür. Ermənistanın belə bir “dərin quyu”ya salınması daha çox rəsmi İrəvanın buraxdığı taleyüklü səhvlərlə birbaşa bağlıdır. Bu ölkənin keçmiş prezidenti L.Ter-Petrosyan da bu səhvlərin əsas qaynağının məhz ölkənin siyasi keçmişində axtarılmasına üstünlük verir.
Onun fikrincə, vaxtilə Azərbaycanla münaqişəni daha az itkilərlə həll etmək şansları əldən buraxılıb. Ötən müddət ərzindəsə, Azərbaycan həm maliyyə-iqtisadi, həm də hərbi-siyasi cəhətdən ciddi şəkildə güclənib. İndi savaşda mütləq qələbə qazanmış Azərbaycanla hər hansı məsələni Ermənistana sərfəli məzmunda müzakirə etmək mümkün deyil.
1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)
Məsələ ondadır ki, hazırda rəsmi Bakı hər hansı problemlə bağlı Ermənistanın mövqeyini nəzərə almağa həvəsli görünmür. Əksinə, Azərbaycan beynəlxalq hüquq normalarına arxalanaraq, öz suveren maraqlarını birmənalı şəkildə diqtə etməyə üstünlük verir. Və belə vəziyyətdə rəsmi İrəvanın qarşısında yalnız iki seçim qalır.
İndi Ermənistan ya rəsmi Bakının beynəlxalq hüquqdan qaynaqlanan tələb və şərtlərini yerinə yetirməlidir. Ya da ki, Azərbaycana qarşı yeni savaş qərarı verməlidir. Rəsmi İrəvan hələlik Azərbaycanın tələb və şərtlərindən yayınmağa çalşır. Bu isə yeni savaşın yolunu aça biləcək variantdır.
Ancaq Ermənistan savaş variantından da yayınmağa cəhd göstərir. Rəsmi İrəvan yeni müharibəyə qətiyyən hazır deyil və yaxın vaxtlarda da hazır olmayacaq. Çünki Ermənistan ordusu darmadağın edilib, iqtisadiyyatı isə iflas vəziyyətindədir. Yeni savaşa hazır ola biləcək ordunun qurulması üçün isə yetərli maliyyə-iqtisadi resurslar tələb olunur.
Ona görə də hazırda Ermənistan savaş və sülh variantları arasında çabalamaqda davam edir. Halbuki nə hərb, nə sülh vəziyyəti uzun müddət davam edə bilməz. Çünki bu variantların hər ikisinə tamamilə hazır olan rəsmi Bakının səbrinin çox geniş olduğunu düşünmək sadəlövhlük olardı.
FDEEAB8F-B2F7-48BD-8B34-0F7639FEDA5F.jpeg (793 KB)
Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın hərbi-siyasi təxribatlarına uzun müddət tolerant yanaşmaz. Azərbaycanın konkret hədəfləri mövcuddur. Və həmin hədəflər əsasən yeni inkişaf mərhələsinin intensivləşdirilməsi üzərində indeksləşib. Rəsmi İrəvanın hərbi-siyasi təxribatları isə inkişaf mərhələsinin qarşısını ala bilməsə də, nisbətən ləngidir.
Ona görə də, ən yaxın vaxtlarda rəsmi İrəvanın mövcud situasiyanı mümkün qədər proqmatik yanaşma ilə dəyərləndirməsi vacibdir. Əks halda, indiki situasya Ermənistan üçün əsl fəlakətə aparan yolun qapılarını sonuna qədər aça bilər. Sonra bu yoldan geridönüş imkanları isə ümumiyyətlə, qalmaz.
Son vaxtlar Azərbaycan-Ermənistan sərhəd bölgəsində yaranmış vəziyyət artıq məhz belə təhlükəli görüntülər almağa başlayıb. Rəsmi İrəvanın təxribatları hazırda yeni savaşa səbəb ola biləcək məzmun daşıyır. Və bu baxımdan, hətta vaxtaşırı atəşkəsi belə, pozan Ermənistan müəyyən mənada, “atəşlə” oynayır.
Təbii ki, rəsmi İrəvanın bu davranışlarının arxasında müəyyən səbəblər dayanır. Bu səbəblərin sırasında həm daxili, həm də xarici faktorlar xüsusi rol oynayır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistanda dövlət strukturları artıq demək olar ki, deqrodasiya mərhələsini yaşayır. Bu ölkədə çoxhakimiyyətlilik meylləri güclənməkdədir.
699746_0pwgag6vas.jpg (22 KB)
Paşinyan hakimiyyəti bütün ölkəyə nəzarət edə bilmir. Hətta baş nazir N.Paşinyanın siyasi iradəsinin paytaxt İrəvandan kənara çıxmadığını düşünmək üçün də əsaslar mövcuddur. Ermənistan ordusunun qalıqlarının hansı siyasi mərkəzlər tərəfindən idarə olunduğu da kifayət qədər mübahisəli məsələdir.
Məsələ ondadır ki, indi parçalanmış erməni generaliteti daha yaxın münasibətdə olduğu siyasi dairələrin qeyri-rəsmi sifarişlərini yerinə yetirməklə məşğuldur. Paşinyan hakmiyyətinin siyasi rəqibləri sərhəd bölgəsində gərginliyin artırılmasında maraqlıdırlar. Çünki sərhəddə baş verən hər bir insident Paşinyan hakimiyyətinin seçki maraqlarını zərbə altında qoya bilər.
Ona görə də, Paşinyan hakimiyyətini siyasi səhnədən silməyi hədəfləyən rəqiblər savaş situasiyası yaratmaqla, seçkilərin nəticələrinə təsir göstərməyə çalışırlar. Əslində, baş nazir N.Paşinyan da “yeni müharibəyə can atanlar istəklərinə çatmayacaqlar” deməklə, məhz bu cəhdlərdən şikayətlənir. Halbuki onun fikrincə, bu, çox təhlükəli oyundur və Ermənistana baha başa gələ bilər.
Çünki hazırda Azərbaycan və Ermənistan arasında əvvəlki dövrlərdən fərqli olaraq, tampon bölgə mövcud deyil. Əgər, iki ölkə arasında yeni müharibə başlayarsa, hərbi əməliyyatların əsas hədəfi məhz birbaşa Ermənistan ərazisi olacaq. Ermənistan ordusu darmadağın edildiyindən indi yeni müharibənin başlanmasının bu ölkəni hansı vəziyyətə sala biləcəyini isə təsəvvür etmək o qədər də çətin deyil.
3e592213208e48e825fe04b8aaeca445-(1)_1521119058_1521281363.jpg (338 KB)
Böyük ehtimalla bu vəziyyət ən azından seçkilərin nəticələri elan edilib, yeni hökumətin qurulmasına qədər davam edə bilər. Ondan sonra rəsmi İrəvanın davranışları daha çox onun xarici güclərin əlində nə qədər “oyuncaq” olacağına bağlıdır. Və Ermənistanı öz maraqları çərçivəsində alətə çevirməyə cəhd göstərən xarici güclər isə kifayət qədərdir.
Xüsusilə də Cənubi Qafqaz regionunda maraqları təhlükə altında qalan ABŞ və Qərb üçün indi Ermənistan hazırda əsas “geopolitik xaos aləti” rolunu oynayır. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla nizamlanmasından sonra əhəmiyyətini itirmiş Minsk Qrupunun həmsədrləri – ABŞ və Fransanın əsas hədəfi regionu əvvəlki dövrə qaytarmaqdan ibarətdir. Bu iki dövlət artıq əmindir ki, Cənubi Qafqaza təsir mövqelərini bərpa etməyin yeganə yolu regionda yeni savaşla geopolitik xaosa nail olmaqdır. Bunu isə Ermənistanı dağıdıcı savaşa sürükləməklə, reallaşdırmaq mümkün ola bilər.
Ancaq burada rəsmi İrəvanın nəzərə alması vacib olan bir önəmli məqam da mövcuddur. Belə ki, ABŞ və Fransa 44 günlük savaş dövründə Ermənistana hər hansı ciddi dəstək verə bilmədi. İndi yeni savaşın başlayacağı təqdirdə, bu iki dövlət bütün mövcudluq şərtləri məhz Rusiya ilə bağlı olan Ermənistanı yenə xilas edə bilməyəcək.
Bu baxımdan, Ermənistan üçün ABŞ və Fransanın maraqları ucbatından daha ciddi fəlakətə düçar olma təhlükəsi istisna deyil. Hər halda, yeni baş nazir seçməyə çalışan Ermənistanın boş qalma ehtimalı da mövcuddur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Tarix: 26-05-2021, 22:28
Xəbəri paylaş



Xəbər lenti